Bəzi məmur və deputatların xalqa qarşı aqressiv çağırışları, aşağılayıcı davranışları dövlətin ali məqsədləri ilə daban-dabana ziddiyyət təşkil edir Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti daim, xüsusən pandemiya meydana çıxandan, xüsusi karantin rejimi elan ediləndən “cəmiyyətlə mehriban davranış” xətti yürüdürlər. Ölkə rəhbərliyinin tapşırıq, tövsiyə və açıqlamalarında “vətəndaşlarla dialoqa gedin”, “insanların dərdini dinləyin”, “xalqı dövlətdən narazı salmayın” prinsipi rəhbər tutulur. Qısası, əhali ilə münaqişə deyil, müzakirə amili dövlətin əsas sosial siyasəti elan olunub.
Lakin bu fonda, bəzi məmurlar və deputatların cəmiyyətə qarşı xüsusi aqressiv çağırışları, insanları qıcıqlandıran davranışları diqqətdən qaçmır. Onlar, hətta insanları təhqir etməkdən belə, çəkinmir, xalqın həssas duyğuları ilə oynayırlar. Nəticədə bu cür həssas dönəmdə əlavə gərginlik, narazılıq və problemlər meydana çıxır.
Götürək, tez-tez cəmiyyətə yönəlik aşağılayıcı fikirləri il gündəm gələn deputat Fazil Mustafanı. Bu insan, xüsusilə ötən ay Yeni Yasamalda polis-vətəndaş qalmaqalından sonra, bir növ cəmiyyətin “damarına basmaqla” məşğuldur. Vətəndaşları “it sürüsü”, “qaragüruh” adlandıran, müxtəlif təhqiramiz ifadələrdən gen-bol istifadə edən F.Mustafa, belə demək olarsa, dövlət-vətəndaş münasibətlərinə öz mənfi töhfəsini verməyi ustalıqla bacarır.
Ya da, cənab Mustafadan heç də geri qalmayan, yeni deputat Etibar Əliyev... Adam Milli Məclisə ilk qədəmlərini müstəqil düşüncə, əks fikir sahiblərini “qaralamaqla” başladı. İşini-gücünü buraxıb, “Facebook”da geniş əhali kütləsini gerizəkalılıqda, savadsızlıqda, onu tənqid edənləri şərəfsizlikdə ittiham etməyə keçdi.
Bu cür insanları müşahidə edən cəmiyyətdə suallar yaranır: Belələri xalqdan nəyin intiqamını almağa çalışırlar, nəyin davasını döyürlər, nüfuzları 0-ın altındadır deyə, bunun günahını camaatdamı görürlər? Belələrinə niyə məmur kürsüsü, deputat mandatı bağışlayırlar ki? Belələri dövləti millətin, hökuməti xalqın gözündən salmaqdan başqa nə işə yarayırlar? Və belələrinin cəmiyyəti aşağılamasına niyə göz yumulur?
Yoxsa, ölkə rəhbərliyinin dəfələrlə etdiyi çağırışlara rəğmən, bu şəxslərin xalqa qarşı aqressiv davanışları, aşağılayıcı ifdələri xüsusi bir ssenarinin tərkib hissədir? Ki, insanlar qıcıqlansın, dövlətdən narazı qalsın və belə bir gərgin dönəmdə dövlətin ətrafında toplanmaq əvəzinə, uzaqlaşsınlar... O zaman nə birlik qalar, nə də güc – Axı, biz birlikdə güclüydük!
AYNA suallara müxtəlif sahələrin ekspertləri vasitəsilə aydınlıq gətirməyə çalışıb.
“Vətəndaşa impuls vermək əvəzinə, onu ittiham edirlər”“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış media mütəxəssisi Arif Əliyev hesab edir ki, Azərbaycan Parlamenti koronavirusla mübarizədə, onsuz da hər hansı bir ciddi rol oynamır: “Həmin parlamentdə oturan şəxslər seçicilərə, insanlara əlavə impuls vermək əvəzinə, daha çox ittiham üzərindən çıxış edirlər. Ümumiyyətlə, özü bir iş görə bilməyəndə qarşısındakını ittiham eləmək, təəssüf ki, bizim dövlət orqanlarına, rəsmilərə xas bir xüsusiyyətdir və başa düşmürlər ki, bununla əhalidə qıcıq yaradırlar”.
“Əgər, bu cür xoşagəlməz davranışlar icra hakimiyyəti orqanları üçün yolverilməzdirsə, Parlament üçün, bilavasitə insanlar tərəfindən seçilən şəxslər üçün qətiyyən yolverilməzdir. Əlbəttə ki, belə bir halda insanlar qayğıya, problemlərinin həllinə ciddi ehtiyac duyurlar. Lakin təəssüf edirəm ki, biz belə deputatlarla öyünə bilmirik”, - müsahibimiz deyib.
A.Əliyev baş verənləri deputatların fəaliyyətsizliyi, iş görə bilməmələri ilə əlaqələndirir: “Ona görə də deputatların çıxışlarından belə çıxır ki, koronavirusu, məhz Azərbaycan xalqı yaradıb. Çünki iş görülməyən yerdə işdən çox söz-söhbət olur və o söz-söhbətlərin də tərkibi çox vaxt əyri sözlərdən ibarət olur. Ki, bunun dəfələrlə şahidi olmuşuq. Şəxsən deputatların çıxışları, onsuz da mürəkkəb olan şəraitdə əlavə qıcıq və əsəbilik yaradır”.
“Xalqı sevmirsənsə, heç olmasa sayğı göstər”Politoloq Nəzakət Məmmədovanın fikrincə, hər şey xalqın səsinə hörmət edilməməsi ilə bağlıdır: “Latın dilində belə bir müdrik fikir var: "Vox populi - vox dei", yəni “Xalqın səsi - Tanrının səsidir". Elə bizim öz dilimizdəki "Xalqın səsi haqqın səsidir" ifadəsi də buna bənzər məna ifadə edir. Lakin Tanrı səsi qədər bu güclü səsi bəziləri boğmağa çalışır. Halbuki, milyonlarla insan heç vaxt səhv düşünə, yanlış qərar verə bilməz. Liderlər də, dahilər də xalqın içərisindən çıxır və heç zaman kütlə deyibən xalqa həqarət etmək, onu aşağılamaq düzgün deyil. El gözü tərəzidir. Xalq yaxşıya yaxşı, pisə pis deməyi, doğru qiymət verməyi bacarır. İctimai-siyasi xadim statusuna iddia edən, yaxud hər hansı yolla, hətta xalqın iradəsindən kənar yolla belə, müəyyən vəzifə əldə edib, mövqe qazanıbsa, o bilməlidir ki, gec-tez xalqa möhtacdır”.
“Ona görə də, millətə yuxarıdan aşağı təkəbbür və həqarətlə baxmamalı, ona sevgi ilə bacarmasa da, sayğı ilə yaxınlaşmalıdır. Xalqa nifrətlə yanaşanlar xalqın sevgisini qazana bilməyən, yaxud buna heç cəhd belə, göstərməyi özünə rəva bilməyən insanlar olur bir qayda olaraq. Belə adamların iddiaları ilə potensialları düz gəlmir, normal vasitələrlə xalqın etimadını qazana bilməyəcəklərini dərk edirlər və kimlərinsə himayəsinə sığınırlar. Onlar üçün əsas xalqın hörməti, məhəbbəti yox, himayəçilərinin maraq və mənafelərini müdafiə etməkdir. Halbuki, hakimiyyətin mənbəyi xalq olduğu kimi, hHər bir prosesin mərkəzində də xalq dayanmalıdır”, - siyasi şərhçi bildirib.
Məmmədovanın sözlərinə görə, xalq-dövlət birliyinin yolu xalqı təhqir etməkdən yox, onunla bir araya gəlməkdən, onu ölkənin sərvəti kimi görməkdən keçir: “Qeyri-legitim yolla vəzifə əldə etməyin günahkarı xalq deyil, xalq ədalətsizliyin səbəbkarı yox, qurbanıdır. Üstəlik də dövlət və xalq olaraq çətin sınaqlardan keçdiyimiz bir dövrdə xalqdan möhkəm yapışmaq, onunla əl-ələ verib vəziyyətdən birlikdə çıxış yolu axtarmaq əvəzinə, ədalətsizliyə etiraz edən xalqı təhqir etmək ən pis hərəkətdir. Xalq nə yaxşılığı, nə pisliyi unudur. Əlbət, bir gün Süleyman peyğəmbərin məşhur üzüyünün qaşında yazıldığı kimi "Bu da keçər!" Amma xalqı təhqir edənlərin hərəkətləri unudulmaz, unudula bilməz. Necə ki, onların bəzilərinin xəstələnməsinə, sağlamlığında problem yaranmasına əksər insanlar heç təəssüflənmir belə. Azərbaycan xalqı müdrik və mərhəmətli xalqdır, hətta düşmənini belə, bağışlayacaq böyük ürəyə sahibdir, heç zaman heç kimin pisliyinə sevinməz, ələxüsus səhhətində problem yaranmasına şadlanmaz. Ancaq o insanlar gör, xalqı nə həddə çatdırıblar ki, onlara şəfa diləməyə belə, xalqın dili gəlmir. Bunun səbəbini həmin insanlar düşünsə, yaxşı olardı...”
“Məsələnin ən ironik, qeyri-praqmatik, tragikomik və dramatik tərəflərindən biri odur ki, xalqı təhqir edən millət vəkilləri, digər vəzifəli şəxslərin sırasına bəzi media mənsubları da qoşulub. Xalqın nifrət etdiyi, illərlə harda aş, orda baş olan, özünü media kapitanları adlandıran, əslində isə heç nəinki kapitan, aşpaz olub kartof soymaq qabiliyyəti olmayanlar xalqı təhqir edirlər. Soruşan lazımdır ki, axı, siz kimsiniz?! Ruslarda bir söz var: “samozvanets”. Yəni fırıldaqçılıq yolu ilə özünü kiminsə yerinə qələmə verən. İndi xalqı təhqir edən həmin şəxslər də medianın fırıldaqçı ünsürləridir. Onların davası əslində özləri ilədir, keçdikləri yaltaqlıq, iftira, şərəfsizliklə dolu mənasız ömür yolunun qisasını xalqdan çıxmağa çalışırlar, zəhərlərini xalqın üstünə tökməyə çalışırlar. İllərlə təhqir, hədyan dolu bazar səviyyəsində söhbətlərdən o yana gedə bilmədikləri halda, özlərini cəmiyyətə sırımışdılar və xalq abırına qısılıb susurdu, sosial şəbəkələr xalqın haqq sözünü deyə biləcəyi söz meydanına çevrilməmişdi. İndi isə qaranlıqlar aydınlığa qovuşdu. Ayinədə özlərini əyri görənlər özlərini düzəltmək əvəzinə, onu vurub qırmağa çalışırlar. Etməyin, eləməyin, zira danışdıqca batırsınız, sizin mənasız fikirləriniz el arasında lağ-lağı mövzusu olur, "zərbi məsələ" çevrilir”, - analitik diqqətə çatdırıb.
“Prezident deyir, “mən xalqın xidmətçisiyəm”, Birinci vitse-prezident hər kəsdən öncə Prezidentin bu tövsiyə və göstərişini icra edir, yaşlı anaların yanında əyləşir, onların dərdini dinləyir, müşkül durumda olanlara əlac etməyə çalışır. Siz isə xalqı təhqir edirsiniz?! Sual olunur: Sizin məqsədiniz nədir, siz kimə xidmət edirsiniz, xalqı təhqir etmək cəsarətini haradan alırsınız?!”, - Məmmədova əlavə edib.
“Əgər onlar millətin vəkilləridirsə...”Hüquq müdafiəçisi Rəsul Cəfərov məsələyə siyasi və hüquqi müstəvidən yanaşıb: “Siyasi yanaşma ondan ibarətdir ki, həmin şəxslər seçildikləri dariəni, səs aldıqları seçiciləri təmsil edirlərsə, Azərbaycan xalqının vəkilləridirlərsə, xalqa qarşı da həssas olmalıdırlar. Çünki xalqı heç bir zaman təhqir etmək, aşağılamaq olmaz. Xalq bu dövlətin həm yaradıcısıdır, həm Konsitutisiya ilə hakimiyyətin mənbəyidir, həm də xalq olmasa, heç bir məslədən danışmağın mahiyyəti yoxdur. Yəni bu yanşama ilk növbədə siyasi səhvdir. Heç bir deputat, vəzifəli şəxs xalqı təhqir etməməli, aşağılamamlı və incitməməlidir. Əksinə, insanlara yol göstərməldir”.
Cəfərov hesab edir ki, ictimai çıxışlar zamanı insanların təhqir edilməsi, hüquqi məsuliyyət yaradır: “Yəni ki, həmin şəxslərin fikirlərini sosial şəbəkələr, yaxud da KİV üzərindən səsləndirmələrinin heç bir fərqi yoxdur. Çünki bu, kütləvi, ictimai çıxışdırsa, artıq hüquqi məsuliyyət yarada bilər. Onlar bunu nəzərə almalıdırlar ki, təhqir etdiyi şəxslərə görə, Cinayət Məcəlləsinin 147, 148-ci maddələri ilə cinayət məsuliyyətinə belə cəlb oluna bilərlər. Ona görə də həmin şəxslər bundan çəkinmələdirlər”.
“DTX onlardan soruşmalıdır ki, camaatı niyə qıcıqlandırırsınız”İctimai fəal Bəxtiyar Hacıyev də vəzifəli şəxslərin vətəndaşları təhqir etməsi hallarının təəssüf doğurduğunu deyib: “Hətta, polislərlə vətəndaşlar arasında yaşanan insidentdə də mən kəskin etirazımı bildirmişdim. Təbii ki, bunun bir səbəbi vətəndaşların hüquqlarının pozulmasına etiraz idisə, digər səbəbi onunla bağlıdır ki, belə bir həssas və insanların əsəblərinin tarıma çəkildiyi məqamda, dövlət rəsmilərinin, deputatların, məmurların, məmur övladlarının hər hansı bir qıcıq doğuran davranışları daha faciəvi nətiəcələrə gətirib çıxara bilər. Mən həm də buna etiraz edirdim ki, siz millət vəkili, dövlət qurumu, məmur, məmur ailəsisinizsə və bu dövlətin maddi-mənəvi resurlarından kifayət qədər istifadə edirsinizsə, vətəndaşları bir də məzəmmət və təhqir edəndə, artıq vətəndaşın da səbri tükənir. Vətəndaş buna ən yaxşı halda yumşaq cavab verir, lakin bu, daha da betər ola bilər. Ki, bunu nəzərə almaq lazımdır. Mənim həm Daxili İşlər Nazirliyinə, həm Fazil Mustafaya, həm Etibar Əliyevə, həm də digərlərinə etirazımın kökündə bu dayanırdı”.
“Lakin belə fikirdə olanlar da var ki, “bəzi maraqlı qruplar bu cür insanlar vasitəsilə cəmiyyəti daha da gərginləşdirməkdə maraqlıdır”. Amma mən nə Fazil Mustafa, nə də Etibar Əliyevəm. Ona görə də onlardan fərqli olaraq sübut olmadan itiham səsləndirmirəm. Amma həmin insanlar bizim mövqeyimizi bəyənməyəndə dərhal bizi xarici xüsusi xidmət orqanlarının agentləri kimi təqdim edirlər. Amma bu da bir versiyadır deyə, hüquq mühafizə orqanları və xüsusən də Dövlət Təhlükəsizliyi Xidməti əhalinin belə bir həssas zamanında, onları israrla qıcıqlandırmağa çalışanları dəvət etməli və bunun səbəbini soruşmaladır”, - deyə Hacıyev əlavə edib.
“Onlar ölkədə vəziyyətin qarşımasında maraqlıdırlar”Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev isə o fikirdədir ki, cəmiyyəti təhqir edən belə şəxslər ölkədə vəziyyətin qarşımasında maraqlıdırlar: “Çünk belə bir həssas dönəmdə kimlərsə məqsədyönlü şəkildə xalqı aşağılayırsa, narazılığın miqyasını artırırsa, demək ki, onlar ölkədə vəziyyətin gərginləşməsində maraqlıdırlar”.
“Çünki ölkədə vəziyyətin nəzarətdən çıxmasında o tərəf maraqlıdır ki, onlar ölkənin qarışmasını istəyir və itirilən nüfuzlarının bu şəkildə bəpasına çalışırlar. Ki, bu da birbaşa hakimiyyətin zirvəsinə qarşı aparılan təxribat işləridir və məntiq də bunu deyir. Həmin şəxslər hakimiyyətin çörəyini yeyir, amma belə bir iş görürürlər. Təbii ki, bu da çox ciddi məsələdir və doğru proses deyil. Qarşısı da alınmaldır”, - VİP sədri vuğulayıb.
Müəllif:
Mərahim Nəsib
Tarix: 10-07-2020, 20:44