Rusiyada müxalifət lideri Aleksey Navalnının həbsinə etirazlar davam edir.Aksiyaları yatırmaq üçün Rusiya təhlükəsizlik gücləri etirazçılara güc tətbiq edir, mərkəzi hakimiyyətin qərargahlarına gedən yollar bağlanır. Artıq beynəlxalq aləmdən də asiyalara münasibət bildirilib, Aleksey Navalnının həbsi qanunsuz adlandırılıb, etirazçılara qarşı təzyiq pislənib.
Maraqlıdır, Rusiyada proses böyüyüb inqilaba çevrilərsə, bu, Qarabağla bağlı gedən proseslərə necə təsir edə bilər?Qeyd edək ki, Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın Baş nazirinin Qarabağda hərbi əməliyyatların dayandırılması üçün 10 noyabrda bəyanat imzalayıb. Bəyanata uyğun olaraq Rusiya sülhməramlıları Qarabağa yerləşdirilib.
Politoloq Qabil Hüseynli
Cebhe.info-ya açıqlamasında deyib ki, Rusiyada gedən proseslərin Azərbaycana da, bütün dünyaya da müsbət təsiri var. Çünki Rusiyanın xarici siyasəti həm qonşular, həm də uzaq ölkələrlə münasibətlərinin pisləşməsinə, daha da gərginləşməsinə yönəlib:
“Üstəlik, sürətlə silahlanmaya təkan verilməsi, militarisləşmə xəttinin gücləndirilməsi bir tərəfdən Rusiyanın təhdid obyektinə çevrilməsinə, digər tərəfdən isə əhalinin maddi durumunun pisləşməsinə gətirib çıxarır. Bu baxımdan, son zamanlar sanki ABŞ başqa olmaqla, Qərb dünyasını təhdid edirmiş kimi yeni nüvə silahlarının nümayişi və bunun ətrafında böyük bir təbliğat şousunun yaradılması Rusiyanın xarici siyasətində hərbi elementin güclənməsindən xəbər verir. Rusiyanın daxilində də hədsiz dərəcədə inhisarlaşma, oliqarxlaşma və Putinin ətrafındakı qrupun ölkə sərvlətlərini mənimsəməsinə gətirib çıxarıb. Bu gün də həmin inhisarlaşma ölkə iqtisadiyyatının normal inkişafına ciddi maneə törədir. Putinin Qara dəniz sahillərində oliqarxlar tərəfindən tikilmiş və hədiyə edilmiş sarayının şəkillərinin yayılması da əhalinin qəzəbini artıran amillərdən biri oldu. Əhali özünün bütün problemlərinə səbəb kimi Putinin yürütdüyü siyasəti görür. Hesab edirəm ki, bu qənaətdə yanılmırlar. Digər tərəfdən, Putinin özünün hakimiyyət müddətini sıfıra endirməsi ilə bağlı keçirdiyi refendumun da saxtalaşdırıldığı ortaya çıxıb. Məsələn, Xabarovskidə keçmiş qubernatora referendumun nəticələrinin 50 faizdən yuxarı olması tapşırılıb, o, bundan imtina edib. Nəticədə Xabarovskidə referenduma qoyulan məsələ, yəni Putinin hakimiyyət müddətinin sıfıra endirilməsi haqqındakı müddəaya dəstək 30 faizdən az olub. Seçicilər isə kvorumu təhlükə altına alacaq 40 faiz səviyyəsində olub. Amma ümumi Rusiya üzrə bu rəqəm 80 faizdən artıq idi. Beləliklə də Xabarovsk olayı referendumun saxtakarlığını üzə çıxardı və onun ardınca da qubernator işdən azad olundu, bir neçə nəfərin öldürülməsində günahlandırılaraq həbsə atıldı. İndi Navalnının həbsinə görə insanların küçələrə axışmasına qarşı da çox güclü təzyiq və cəza tədbirləri görülür. Adamlar döyülür, həbs olunur. Beləliklə də Putin hakimiyyəti deyir ki, əhali nə düşünür düşünsün, biz hakimiyyəti əldən verməyəcəyik”.Politoloq bildirib ki, digər amillər də nəzərə alınmalıdır:
“Putinin səhhəti ilə bağlı fərqli məlumatlar yayıldı. Bəziləri hesab edir ki, artıq Rusiyada hakimiyyət böhranı başlayıb. Bu etirazların pik həddinə çatması heç də uzaq deyil. Artıq Rusiyada sentyabrda baş tutacaq parlament seçkiləri ilə bağlı da pessimist fikirləşməyə başlayıblar”.Qarabağ məsələsinə gəlincə isə Qabil Hüseynli deyib ki, Rusiyadakı Putin rejiminin sıradan çıxması Qarabağ probleminin beynəlxalq hüquq normaları və BMT-nin qəbul etdiyi qətnamələrə uyğun həllini asanlaşdırar:
“Bölgəyə rus sülhməramlılarının yeridilməsinin mənfi nəticələrinin aradan qaldırılmasına imkan yaradar”.
Tarix: 25-01-2021, 13:13