“Altıncı palata” - Deputatlar yarınır, üz-gözünə bulaşdırır...





Qoqolun “6 nömrəli palata”sını oxuyanlar yaxşı xatırlayar ki, təxminən Milli Məclisə oxşayır. Bu, bənzətmədir, metaforadır. Kimsə təhqir kimi yanaşmasın, başqa cür müqayisə etmək mümkün olmur. 
Sanki harada ağzının danışığını bilməyən, millətin əsəblərini tarıma çəkən, ağzından horra tökülən, camaatı “cin atına mindirən” varsa deputat ediblər. 
Ötən ilin əvvəlində keçirilən parlament seçkilərindən sonra az da olsa ümid bəslənirdi ki, yeni Milli Məclis xalqın qeydinə qalan millət vəkillərindən daha çox təşəkkül tapacaq. Amma sən saydığını say...
Anaxeber.info son günlərdə benzin və dizelin bahalaşması ilə əlaqədar bəzi deputatların çıxışlarına diqqət çəkərək yazır ki, rəsmən Mirzə Cəlilin “Dəli yığıncağı”na tamaşa edirik.
Elə absurd, heyrətamiz, ağılasığmaz arqumentlər irəli sürürlər, hökumətin mürtəce qərarına don geyindirmək üçün elə uğursuz cavablar tapırlar ki, adamın əli ağzında qalır.
Hələ də Hadı Rəcəbli ruhu Milli Məclisi tərk etməyib. Yeni gələnlər hətta köhnələrə şükür etdirirlər. Onların səbatsızlığına və həyasızlığına mat-məəttəl qalırsan. 
Əslində yanacağın bahalaşmasını heç cür əsaslandırmaq və hökumətə bəraət qazandırmaq mümkün deyil. 
Pandemiya dövründə, işsizliyin tüğyan etdiyi, əhalinin sosial vəziyyətinin ağırlaşdığı vaxtda, müharibənin təsirlərinin keçmədiyi bir ərəfədə bahalaşmaya getmək narazılığı körükləməkdir. 
Buna üstəgəl haqq qazandırmağa çalışmaq deputatların sanki boynuna biçilib, özlərində hakimiyyətə əlahiddə borc bilirlər ki, onu müdafiə etsinlər. Halbuki millət vəkilinin işi onu seçən seçicilərin hüquqlarını müdafiə etmək, parlamentdə səsini eşitdirmək, hökumətə çatdırmaqdır.
Bizim deputatların isə 90 faizini xalq seçmədiyi, iqtidar təyin etdiyi üçün onlar ağalarının hüquqlarını müdafiə etməyi özlərində missiya bilirlər. 
Ondansa susmaq, yaxud neytral bir mövqedən çıxış etmək daha abırlı olardı. Deputatlar isə yanacağın qiymətinin artırılmasına haqq verir. 
Məsələn, deputat Musa Quliyev: “20-30 min manata maşın alan adam üçün 10 qəpik nədir ki...”
Deputat Rüfət Quliyev: “Ekologiyanın təmiz saxlanılması üçün belə bir qərar qəbul etmək zərurətə çevrilmişdi”
Deputat Asim Mollazadə: “44 günlük müharibə benzinin qiymətinin qalxmasına öz təsirini göstərdi”
Deputat Hikmət Babaoğlu: “Qiymət artımı ilə bağlı qərar qəbul edilərkən vətəndaşlarımızın sosial mənafeyi nəzərə alınıb”
Bilmirsən güləsən, ağlayasan bu deputatların sözlərinə, yoxsa nə deyəsən?! Parlamentarilər niyə elə fikirləşirlər ki, hakimiyyətin hər addımını müdafiə etməlidirlər, bu hökumətin heç bir yanlışı yoxdurmu?
Anaxeber.info bildirir ki, Şəmkirin gənc deputatı Nurlan Həsənov isə həmkarlarından seçilərək bu məsələdə gül vurub. O, Azərbaycanda yanacağın qiymətini dünyada inkişaf etmiş Almaniya ilə müqayisə edib. 
Məşhur filmdə deyildiyi kimi, adamı lap gic gülmək tutur. Dünyanın iki müharibəsini uduzmuş, amma tez bir zamanda iqtisadiyyatı dirçəlmiş Almaniya ilə bizi bir tərəziyə qoymaq rüsvayçılıqdır. 
N.Həsənov unudur ki, Almaniyanın büdcəsi 2019-cu ili nəinki kəsirlə bağlamayıb, hətta artıq resurs qalıb. Ölkədə minimum əmək haqqı 1200-1400 avrodan başlayır, işsizlik sıfır səviyyəsindədir, Avropada ən çox miqrant, qaçqın qəbul edən, onları müavinətlə, işlə, evlə təmin edən ölkədir. Ən əsası Almaniya nefti xammal kimi alıb emal edir və satır.
Azərbaycan isə neft-qaz ölkəsidir və deputat bunları bilməmiş deyil, sadəcə, yanacağın bahalaşmasına necə bəraət qazandırmağın yolunu tapmayıb. 
Üstəlik, N.Həsənov Hadı Rəcəbli yola getməsə yaxşıdır, axırı uğurlu deyil. Ancaq görünür, gənc deputat çox emosionaldır, onu tənqid edənlərə qarşı dözümsüzdür, hətta jurnalisti  sosial şəbəkədə fikrinə görə təhqir edib. Beləliklə, istər yeni, istər köhnə deputatlar benzinin bahalaşması sınağından eyni cür çıxdılar.
Bütün bunlar bir daha təsdiqləyir ki, qanunverici orqan təzədən yenilənməlidir, bu dəfə fundamental dəyişikliklərə zərurət var.
Müharibədə qazandığımız zəfər, ölkədə buna qədər aparılan kadr dəyişiklikləri, islahatlar, Qarabağın işğaldan azad edilməsindən sonra bir başqa Azərbaycanın olması əsas verir ki, Milli Məclis layiqli olsun.
Ona görə postpandemiya dönəmində növbədənkənar parlament seçkilərinin keçirilməsinə, proporsional seçki sisteminin tətbiqinə ehtiyac var. 
Bununla çoxpartiyalı bir parlament formalaşdırıla bilər, paritet əsaslarla Məclis qurula bilər, ən önəmlisi müxalif təşkilatların namizədlərinə daha gen-bol yer ayrıla bilər. Bu, həm hakimiyyət üçün faydalıdır, həm dövlətin inkişafına töhfə vermiş olacaq. 
Artıq əvvəlki Azərbaycan deyil, iqtidar ənənəvi idarəçilikdən imtina etməlidir, yanaşmalar, müxalifətə baxış dəyişməlidir, parlamentdə, efirdə, mediada tənqidin dozası güclənməlidir, fərqli fikirə yer verilməlidir, cəmiyyəti çıxışları ilə qıcıqlandıran, qanunvericilik bazasının təkmilləşdirilməsinə, ölkənin problemlərinin həllinə heç bir xeyri dəyməyən deputatlar MM-dən kənarlaşdırılmalıdır. 
Bu sözlərimizi də sağlam tənqid kimi qəbul etmək və reallıqlarla razılaşmaq, dəyişiklik etmək lazımdır. Bu, Azərbaycan naminədir...
Neqativ.com
Tarix: 7-01-2021, 11:58
Xəbəri paylaş



Xəbər lenti