Qanunu qoruyanlar onu pozarsa..: Cərimələri yerində ödəməyi kim tələb edir?


Qanunu qoruyanlar onu pozarsa..: Cərimələri yerində ödəməyi kim tələb edir?

Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə 2020-ci ilin 14 dekabrından etibarən ölkədə yenidən sərt karantin rejimi tətbiq edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində müvafiq qərarla müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılıb. Bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilib.
Digər bir qərarla isə 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi olub.
Bu qaydanı pozanlar isə müvafiq qaydada cərimələnir. Yəni İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir.
Bunlar məsələnin rəsmi hissəsidir. Bütün bu qərarlar təbii ki, icra olunmalıdır və qaydalara əməl etmək hər bir vətəndaşın borcudur. Amma karantin müddətində kifayət qədər narazılıqlar da yaranır ki, bəzən əsassız da olmur. Xüsusilə də karantin qaydalara nəzarət edən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə bağlı narazılıqlar gündəmə gəlir. Son günlər polis idarələrində karantin qaydalarını pozan vətəndaşlardan cərimələrin nağd şəkildə ödənilməsinin tələb edilməsi ilə bağlı çox sayda şikayətlər yayılıb. Məlumata görə, qaydanı pozan şəxslərə protokol yazılır, bundan sonra onlardan cərimənin dərhal nağd şəkildə ödənilməsi tələb olunur. Bu da olmadıqda, şəxs polis idarəsinə aparılır və cərimə ödənilənə qədər orada saxlanılacağı bildirilir.
Halbuki, bu, qanunla qadağan edilir. Heç bir polis əməkdaşı cərimə tətbiq etdiyi şəxsdən vəsaitin həmin anda ödənilməsini tələb edə və yaxud cərimə ödənilənə qədər onu polis idarəsində saxlaya bilməz. Məsələn, tibbi qoruyucu maska taxmadığı üçün cərimələnən vətəndaşın cəriməni həmin anda ödəmək imkanı olmaya bilər. Digər tərəfdən, qanunla vətəndaş ona cərimə yazılması ilə razılaşmaya və 10 gün müddətində məhkəməyə şikayət edə, məsələni mübahisələndirə bilər. Cərimələrin ödənilməsi üçün vətəndaşa 30 gün müddət verilir.
10 gün ərzində yazılan protokoldan şikayət olunmazsa, sənəd qanuni qüvvəyə minmiş sayılır. Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. 40 gün ərzində sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir.
“40 gündən sonra cəriməni ödəməyən şəxslərin iş yerinə və yaxud yaşadığı ünvana rəsmi bildirişlər göndərilir ki, cərimə məbləğini dərhal ödəsinlər. Ödənişdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq, avtomobili varsa saxlanılacaq və cərimə ödənilənədək cərimə meydançasında qalacaq”,-DİN-in cərimələrin ödənilmə mexanizmi ilə bağlı xəbərdarlığında belə deyilir.
Bəs o zaman niyə polis əməkdaşları DİN-nin müəyyən etdiyi qaydaları qorumaq əvəzinə, özləri pozur?
Qaydalar hər kəs üçündür. Vətəndaş qoyulan qaydalara əməl etməyə borclu olduğu kimi, qanunun aliliyini qorumalı olan polis əməkdaşı da hüquq müstəvisindən kənara çıxa bilməz. Çünki vətəndaşın da hüququnun aliliyini qorumaq məhz onların əlahiddə görəvidir.
Dünən axşam saatlarında Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində də bu cür hal yaşanıb. Ramana qəsəbəsində polis əməkdaşları 5 nəfəri maska taxmadıqları üçün saxlayıb və Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə aparıblar. Əslində isə yerində cərimələr yazılıb verilməli, vətəndaşlar polis idarəsinə aparılmamalı idi. Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsində isə cərimələrin nağd şəkildə ödənilməsi tələb olunub və nəticədə polis əməkdaşları istədiklərinə nail olublar.
Digər tərəfdən, cərimə ödənişləriylə bağlı heç bir qəbz təqdim olunmayıb. Bununla yanaşı, oxşar şikayətlərlə hər günü sosial şəbəkələrdə qarşılaşırıq. Əgər cərimələrin ödənilməsi üçün DİN özü mexanizm tətbiq edibsə və bunun üçün 30 gün müddət verilirsə, o zaman cərimələrin yerindəcə ödənilməsinin tələb edilməsi polis əməkdaşları tərəfindən qanun pozuntusudur. Belə çıxır ki, qanunları qorumaq səlahiyyətində olanlar özləri qanunları pozur.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında bildirib ki, inzibati xəta törətmiş şəxslərdən polis orqanında məcburi ödəniş, yaxud tələb edilməsi ilə bağlı iddialar əsassızdır, həqiqəti əks etdirmir:
“Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan şəxs müvafiq polis orqanına dəvət edilə bilər. Həmin şəxs barəsində müvafiq araşdırma aparıldıqdan sonra protokol tərtib olunaraq sərbəst buraxılır. Tətbiq olunan cərimə protokolu üzrə ödənişlə bağlı polis vətəndaşa yerində ödəmə imkanının olub-olmaması ilə bağlı nəsə soruşması qanunvericiliklə ziddiyyət təşkil etmir”.
Vilayət Muxtar
Cebhe.info
Tarix: 6-01-2021, 14:37
Xəbəri paylaş



Xəbər lenti