Bahalaşmanın səbəbləri


Azərbaycan iqtisadiyyatının milli xarakteri elədir ki, bunu nə azad bazar adlandırmaq olar, nə tam monopoliya. Nə sosializm iqtisadiyyatıdır, nə totalitardır. Hərəsindən bir az götürüb qazanda qarışdırmısan, alınıb xəşil. Biz millət olaraq buna pis baxırıqmı? Yox. Əksinə, müdrikcəsinə anlayırıq ki, bizim iqtisadiyyatın belə kökdə olması xeyirlidir. Nəyə görə?
Bax, dünən gecə yarısı hökumət benzin və dizel yanacağının qiymətini artırmışdır. Sözgəlişi, bizdə gecə-gündüz demədən, əsasən də gecələr çalışan iki dövlət idarəsi vardır, bunlardan biri Müdafiə Nazirliyidir, ikincisi Tarif Şurasıdır. Hər ikisi xalqımızın xoşbəxt gələcəyi, azadlığı uğrunda çalışır, sağ olsunlar. MN və TŞ-nin qərarları hərbi sirr baxımından qaranlıqda verilsə məsləhətdir, əks halda düşmənlər duyuq düşər. Misal üçün, casuslar kanistr götürüb YDM-lərə axışarlar. (Məncə təzə mədəniyyət nazirimizin dilimizi təmizləmək uğrunda əsas dövlət tapşırıqları sırasında bu uzundraz “yanacaqdoldurma məntəqəsi” ifadəsi də mütləq olmalıdır. Vallah, adam bezir bunun yazıb qurtarınca. Qələmin yanacağı, klaviaturanın dizeli tükənir. Yeni bir söz qayırmalıyıq. İndi söz əlaqədar təşkilatlarındır). Qayıdaq qiymət artımına. Hökumət bunu ekologiyanı qorumaq, camaatı avtobuslara minməyə həvəsləndirmək, sosial proqramlar, nə bilim, dünya bazarındakı hansısa hadisələrlə izah eləyibdir, ancaq buna nə ehtiyac vardı? İzahatsız da artsa bir etirazımız olan deyildi. Bir növ, “dedin inandım, and içdin şübhələndim” söhbətinə oxşayır. Bizdə xalq-hökumət üzvi əlaqələri o qədər dərindir ki, aparılan və ya aparılmayan işlər barəsində camaata informasiya vermək tam mənasızdır. Guya TŞ, hökumət “Benzini bahalaşdırdıq, çünki Avstraliyada meşə yanğınları olub”, “Messi Peleyə çatdı, ona görə dizel 20 qəpik qalxır”, yaxud, “Sabahdan suyun qiyməti qalxacaq, yoxsa Qrenlandiyada buzlaqlar əriyir” açıqlaması versə orta statistik azərbaycanlının bu artımları qavraması, qəbul etməsində nə dəyişiklik olacaq? Heç zad olmayacaqdır. Hətta mən xahiş edərdim növbəti dəfə TŞ bu yazdığım izahatlardan yararlansın, nəticəyə baxaq. (Müəlliflik hüququmdan keçirəm - millət naminə).
Yuxarıda qeyd elədiyim kimi, bizdə azad bazar iqtisadiyyatı yoxdur, ortada dövr eləyən bir topa maddi dəyər var, bir cibimizdən çıxarıb o biri cibimizə qoyuruq, yavaş-yavaş yaşayırıq. Millət də şükür eləyir, çünki bilirlər: o benzini qaldıranlar sosial güzəştləri də eləyəcəklər. Yoxsa bizim indiyəcən hansı üsulla yaşamağımız möcüzə olardı. Baxırsan adam səkkiz aydır koronavirusa görə işsiz qalıb, doqquz ay ondan qabaq da minimum əmək haqqına “çalışıb”, lakin cibindən ən son model telefon çıxır. Xaricdə xalqlar var, işləməsələr acından ölərlər, biz isə işləməyə-işləməyə kosmosa uçuruq. Buna görə də hökumətə dərindən minnətdarlığımızı bildiririk. Nağıllarda sehrli süfrə olurdu, qəhrəman açırdı, nəsə “filfilo” oxuyurdu, süfrə yetmiş cür yeməklə dolurdu. Bir üzdən yeyirdilər, o biri ucdan dolurdu. Bitmək bilmirdi. Maşallah, bizim iqtisadiyyat da elə bir süfrədir. Korrupsionerlərimizi, xalqımızı, xaricdən gələn qonaqları... Hamını doyurmağa yetir.
Özü də bəzi destruktiv qüvvələr ancaq bahalaşmanı görür. Ucuzlaşma olanda niyə dinmirlər? Məsələn, mən dünən dükanda 50 qəpiyə pomidor gördüm. Təsəvvür elə. Yanvar ayında pomidorun kilosu su qiymətinə. Halbuki, onu aparıb Rusiyada satsalar minimum 4-5 manata gedərdi. Hələ Maqadanda bizim pomidor bəzən 20-30 manata qalxır. Aparmırlar. Bizim üçün saxlayırlar. Ruslar yalvarır, Putin raketlə hədələyir, lakin vermirlər. Deyirlər öncə özümüz yeyəcəyik, şaxın üstündə nə qalsa sizindir.
 

Zamin HACI
Tarix: 6-01-2021, 09:44
Xəbəri paylaş



Xəbər lenti