Xəbər verdiyimiz kimi, Kiyevdən bir sıra şəhərlərə, eləcə də əks istiqamətə aviareyslər həyata keçirən "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti dekabrın 30-dan Bakıya reysləri bərpa etməyə qərar verib.Məlumata görə, Ukraynadan Bakıya aviareyslərin biletləri artıq satışdadır. Bu marşrut üzrə reyslər dekabrın 30-dan başlayaraq hər çərşənbə və bazar günləri Ukrayna paytaxtından, hər bazar ertəsi və cümə axşamı isə Azərbaycan paytaxtından həyata keçiriləcək.
Maraqlıdır, pandemiyanın indiki dönəmində Azərbaycandan hansı ölkələrə uçuş həyata keçirilir?Cebhe.info xəbər verir ki, Azərbaycandakı bütün hava limanları 31 yanvar 2020-ci il tarixinə qədər müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır. Karantin dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdirilir. Əlavə olaraq, xüsusi nəzərdə tutulan reyslər aşağıdakı kimidir:
*Bu ay "Ural Hava Yolları" şirkəti Rusiya vətəndaşlarını vətənlərinə çatdırmaq məqsədilə Bakı-Moskva ("Jukovski" hava limanı) marşrutu üzrə 3 çarter reysi həyata keçirib. Uçuşlar dekabrın 12-də, 19-da və 26-da aeroportun 1-ci terminalından yerinə yetirilib. Ukraynanın “SkyUp Airlines” aviaşirkəti dekabr ayında Azərbaycana qeyri-müntəzəm uçuş həyata keçirib. Bildirilir ki, aviaşirkət Bakı-Kiyev reysi üzrə qeyri-müntəzəm uçuşlar edəcək. Adıçəkilən reys üzrə uçuşun dekabrın 28-də həyata keçirilib. Bu çarter reysi Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün təşkil olunub.
*Bundan əlavə, Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana uçuşların həyata keçirilməsi üçün icazə alıb. Bu barədə Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyinin (Rosaviasiya) yaydığı xəbərdə deyilir. Bildirilir ki, Agentliyin qərarına əsasən, aviareyslər Çelyabinsk şəhərindən Bakıya həyata keçiriləcək.
*Bir neçə gün öncə, Ermənistan öz hava məkanını Türkiyə və Azərbaycan hava şirkətlərinin sərnişinləri üçün açıb. Qeyd edilir ki, söhbət mülki aviasiyadan gedir. Məlumata görə, artıq "Turkish Airlines" birinci reysini həyata keçirib. Sərnişin layneri Bakıdan Ermənistan üzərindən İstanbula uçub.
* Həmçinin, "Buta Airways" 6 dekabr tarixindən Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirir. Bu istiqamət üzrə uçuşlar həftədə bir dəfə - bazar günləri həyata keçiriləcək. Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Belə ki, "Standart" tarifinə (55 avrodan başlayaraq) çəkisi 10 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın daşınması daxildir. "Super" tarifinə (75 avrodan başlayaraq) çəkisi 23 kq-dan artıq olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmayan qeydiyyatdan keçən baqajın, habelə çəkisi 10 kq-dan çox olmayan və ölçüləri üç ölçünün cəmi üzrə 118 sm-dən çox olmayan əlavə baqajın daşınması daxildir. Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir. Təyyarəyə özünüzlə əl yükü qismində yalnız qadın əl çantası, kişi portfeli, portativ kompüter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir) və uşaq qidası götürə bilərsiniz. "Duty Free" mağazalarından alınan əşyalar daxil olmaqla digər əl yükü növləri qadağandır. Bakı-İzmir-Bakı marşrutu üzrə biletlər artıq "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə) və rəsmi agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur. Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir. Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirusa (COVID-19-a) dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılacaq. Testin nəticələri tibbi arayış alındıqdan sonra 48 saat ərzində etibarlıdır. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaq.
*Dekabr ayının əvvəlindən Bakı-Minsk marşrutu üzrə müntəzəm çarter reyslərinin bərpa edilməsi nəzərdə tutulurdu. 4 dekabr 2020-ci il tarixdən etibarən "Belavia" aviaşirkəti Bakı-Minsk marşrutu üzrə müntəzəm reyslərin həyata keçirilməsinə başlayıb. İki paytaxt arasında uçuşlar həftədə dörd dəfə - çərşənbə axşamı, cümə, şənbə və bazar günləri həyata keçirilir. Qeyd olunan reyslər Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcəkdir. Qeyd edək ki, yalnız vətəndaşlığı olan və ya təyinat ölkəsinə giriş hüququna malik , eləcə də koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər uçuşlara buraxılacaqdır.
Tarix: 30-12-2020, 16:13