“Xoşqədəmin proqramından sonra oğlumu qurban seçdilər”


Cəlilabad sakini Aynurə Əmirəliyeva oğlu Əli Ələkbərlinin böhtana məruz qaldığını deyir. Onun fikrincə, hüquq-mühafizə orqanları cinayətin açılması görüntüsünü yaratmaq üçün onun övladını qurban seçiblər.
 
“O qədər işgəncə veriblər, sözlə deyiləsi deyil...”
 
Əli Ələkbərli 2 il 4 aydır ki, həbsdədir. O, tanışı Sahib Mahmudovu qətlə yetirməkdə təqsirləndirilərək, 19 il azadlıqdan məhrum edilib. Bu barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsində İlkin Abdullayevin sədrlik etdiyi hakimlər kollegiyası 2020-ci ilin noyabrında hökm çıxarıb. Hökmdən apelyasiya şikayəti verilib. Şikayətə hazırda Şirvan Apelyasiya Məhkəməsində baxılır.
 
Qətlə yetirildiyi iddia olunan Sahib Mahmudovun meyiti indiyə qədər tapılmayıb. Cinayət işinin materiallarında yazılıb ki, Əli Ələkbərli tanışı Sahibi Masallı rayonunun Qəriblər kəndində yerləşən “ADU Piramida” adlı istirahət mərkəzindəki kabinetlərdən birində bıçaqla öldürüb. Daha sonra meyiti Altay Ağamalızadənin maşınına qoyub, Neftçala rayonunda “Lapatin” adlanan yerə gətirib. Orada çala qazaraq, meyiti yandırıb. Təxminən 40 dəqiqə sonra meyitin tam yanmadığını görəndə onu söndürüb, yenidən maşına qoyublar. Bu dəfə Cəlilabada gəlib, mağazadan lazım olan avadanlıqları alıb, İmişli rayonuna gediblər. Orada yanmış meyiti altı yerə bölüb torbalara yığıblar. Torbalardan dördünü Bəhrəmtəpə yolunun kənarında, ikisini isə Cəlilabadın Kazımabad kəndindəki örüş sahəsində basdırıblar. Bir müddət sonra Kazımabad kəndində basdırdığı hissələri oradan çıxarıb, Yardımlı rayonu ərazisində dərəyə atıb.
 
“Ortada Sahib Mahmudovun nə ölüsü var, nə dirisi. Necə ola bilər ki, ayrı-ayrı yerlərdə basdırılmış altı hissənin heç birini hüquq-mühafizə orqanları tapa bilmədi? Meyitin bir neçə hissəyə parçalanması, yandırılması haqda işgəncə altında alınan ifadələrdən başqa heç bir sübut yoxdur. Nəyə əsaslanıb mənim övladıma xüsusi amansızlıqla qəsdən adam öldürmə ittihamıyla 19 il iş kəsiblər? Oğluma, onun üzünə dayanmaq üçün tanışlarına o qədər işgəncə veriblər, sözlə deyiləsi deyil”, - Aynurə Əmirəliyeva bildirib.
 
“Proqramdan sonra cinayətin üstünün açılması görüntüsünü yaratmalıydılar”
 
Anasının dediyinə görə, Əli Ələkbərli törətmədiyi cinayətdə təqsirləndirilməsi, həqiqətə uyğun olmayan ifadələrə imza atması üçün ona verilən işgəncələr üzündən bir neçə dəfə intihara əl atıb: “Övladımın bədənində salamat yer qalmayıb. İnsan insana elə işgəncə verməz. Bir neçə dəfə özünə qəsd edib, amma xilas olunub. Qorxu içində yaşayıram ki, hər an balamın ölüm xəbərini ala bilərəm. Əgər o, doğrudan da, cinayəti törətmiş olsaydı, cəzalandırılmasına etirazım olmazdı. Deyərdim ki, cəzasıdır, çəkməlidir. Yoxsa ortada heç bir tutarlı sübut-dəlil olmadan bir insanın həyatının məhv edilməsinə necə dözəsən?”
 
Aynurə Əmirəliyeva hesab edir ki, Cəlilabad rayonunda hüquq-mühafizə orqanları cinayətin üstünün açılması görüntüsünü yaratmaq üçün bu yolu seçiblər. Ananın sözlərinə görə, Sahib Mahmudovun itkin düşməsi məsələsi efirdə - “Səni axtarıram” proqramında müzakirə olunub: “Bu məsələ ilə əlaqədar səs-küy yaranmışdı. Xoşqədəmin proqramından sonra bunlara lazım idi ki, tələsik cinayətin üstünün açıldığı, cinayətkarın tapıldığı görüntüsünü yaratsınlar. Özlərini peşəkar göstərmək üçün qurban kimi mənim övladımı seçdilər. İttihamda yazıblar ki, guya oğlum Cəlilabad Rayon Polis Şöbəsinə gedəndə ayaqqabısının içində narkotik olub. Şöbədə üstündən tapıblar. Bu ittihamı düzüb-qoşanlar nə fikirləşib, bilmirəm. Polis şöbəsinə gedən adam üstündə narkotik aparar?”
 
“Polis şöbəsinə gedəndə narkotiki niyə ayaqqabımda gizlədim ki?”
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Əli Ələkbərlini Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə yanaşı, 177 (oğurluq) və 234.1 (satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik maddə əldə etmə, daşıma, saxlama) maddələrilə də təqsirli bilib. İddia olunur ki, Əli Ələkbərli və Sahib Mahmudov 2018-ci il dekarbın 12-də Cəlilabad rayonunda yaşayan Ramil Kazımovun evindən oğurluq edib. Hadisədən bir müddət sonra Əli Ələkbərli saxlanılıb və dindirmə zamanı cinayəti Sahib Mahmudovla birlikdə törətdiyini deyib. Bundan sonra hər ikisi cinayət məsuliyyətinə cəlb olunub, amma istintaq dövründə onların barəsində həbs qətimkan tədbiri seçilməyib. Sahib Mahmudov bir neçə dəfə Əli Ələkbərlinin yanında konkret ad çəkmədən, hüquq-mühafizə orqanlarına onun bu cinayətdə iştirakını xəbər verən şəxsin ünvanına təhqirlər səsləndirib. İttihama əsasən, Əli Ələkbərli bu təhqirlərə görə onu öldürmək qərarına gəlib.
 
Cinayət işinin materiallarında yazılıb ki, oğurluqla bağlı barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmiş Əli Ələkbərli istintaqdan yayındığına görə polis şöbəsinə çağırılıb. Polis şöbəsinə gələndə ayaqqabısından narkotik tapılıb.
 
Əli Ələkbərli məhkəmədə deyib ki, bu ittihamlardan yalnız oğurluqda özünü təqsirli bilir. Narkotik və qətlin isə ona aidiyyəti yoxdur.
 
“Guya Sahibi öldürüb, meyitini parçalamağım, müxtəlif ərazilərdə basdırmağım barədə etirafedici ifadələri polislərin işgəncəsi altında vermişəm. Törətdiyim yeganə cinayət oğurluq olub. Narkotikin də mənə heç bir aidiyyəti yoxdur. Məni Cəlilabad polisinə çağırdılar, getdim. Polis şöbəsinə gedəndə narkotiki niyə ayaqqabımda gizlədim ki?“, - Əli Ələkbərli məhkəmədə ifadəsində bildirib.
 
“Polislər narkotik aludəçisi olan qadından istifadə ediblər”
 
Taksi sürücüsü Altay Ağamalızadə də Sahib Mahmudovun itkin düşməsi haqda heç bir məlumatı olmadığını, işgəncə altında onu Əlinin öldürməsi haqda ifadəyə imza atdığını deyib.
 
Sahib Mahmudovun anası, zərərçəkmişin hüquqi varisi qismində dindirilən Təbrizə Mahmudova ifadəsində bildirib ki, oğlunun Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı Əvəz Məhərrəmovla münasibətləri pis idi:
 
“Əvəz Məhərrəmov oğluma demişdi ki, “Sahib, səni yox eləyərəm”. Oğlumu hədələmişdi. Hətta oğlum buna görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə də şikayət etmişdi”.
 
Əli Ələkbərlinin vəkili Faiq Nağıyev də müvəkkilinə qarşı qəsdən adam öldürmə ittihamını təsdiqləyəcək mötəbər sübutların olmadığını deyir. Vəkilin sözlərinə görə, aylarla axtarış və qazıntı işləri aparılsa da, meyitə aid heç bir hissə tapılmayıb: “Ancaq Neftçalada “Lapatin” adlanan yerdən insana aid qan tapılıb. Onun da neçənci qrup olması, tərkibi haqda rəy vermək mümkün olmayıb. Çaladan tapıldığı iddia olunan paltar hissəsinin də Sahib Mahmudova aid olub-olmadığını ekspertiza təyin edə bilməyib. İstintaq kobud qanun pozuntularıyla aparılıb, fərziyyələr əsasında adama ağır ittiham verilib. Məhkəmə də araşdırma aparmadan, ittiham aktında yazılanları çox cüzi dəyişikliklərlə köçürüb, hökm çıxarıb”.
 
Cinayətin üstünün necə açılmasına gəlincə, iş materiallarına görə, Nazənin Piriyeva adlı qadın bu haqda polisə xəbər verib. O bildirib ki, birlikdə narkotik maddədən istifadə edəndən sonra Əli Ələkbərli özündə olmayıb və Sahib Mahmudovu öldürdüyünü ona etiraf edib:
 
“Guya bu məlumatdan sonra polislər o qadını bir neçə dəfə oğlumla görüşə göndəriblər. Əgər Əli kimisə öldürüb, Nazəninə bunu etiraf etmişdisə, sonrakı görüşlərdə aralarındakı danışıqların səs yazısı niyə yoxdur? Elə bir şey olsaydı, gizli şəkildə səsini yazıb, indi ortaya qoyardılar. Sadəcə, polislər narkotik aludəçisi olan qadından istifadə edirlər. Məhkəmədə də oğlum dedi ki, bu qadını tanımır, ona heç nə deməyib”.
 
“ADU Piramida” istirahət mərkəzinin icarədarı Elşən Nağıyev də məhkəmədə ifadəsində bildirib ki, polis şöbəsində günlərlə işgəncəyə məruz qalıb, narkotiklə şərlənib həbs olunmaqla hədələnib. Bütün bunlara dözməyərək, Əli Ələkbərlinin əleyhinə ifadəyə imza atmaq məcburiyyətində qalıb.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri isə belə nəticəyə gəlib ki, şahidlər Əli Ələkbərlinin cinayət məsuliyyətindən yayınması üçün belə ifadələr verirlər.
 
Meydan.tv
Tarix: 30-08-2021, 13:57
Xəbəri paylaş



Xəbər lenti