“Bir sıra mətbuat orqanların Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Eldar Salayev haqqında yazılara rast gəldim. Eldar Salayev mənim qohumum deyil, amma çox yaxın dostumdur”. Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri
Rəsul Quliyev bildirib.
R.Quliyev qeyd edib ki, E.Salayevlə dostluq 1988-ci ildən, yəni Azərbaycanın azadlıq uğrunda apardığı mübarizə mitinqlərindən başlayır: “O, akademiyanın prezidenti idi. Mərkəzi Komitənin katibləri Vəzirov, sonra Mütəllibov onu düşmən hesab edirdilər. İki səbəbdən. Birincisi, Azərbaycan Xalq Cəbhəsini dəstəkləyirdi, Akademiyanın binasında onlara iclaslar keçirməyə şərait yaradırdı. İkincisi, Heydər Əliyevin Bakıya dönməsinin aktiv tərəfdarı idi. Eldar Salayev Azərbaycan xalqının ən şərəfli övladlarından biridir. O, uzun müddət SSRİ Müdafiə Nazirliyi, xüsusilə kosmos üçün cihazların kəşf edilməsi və istehsal edilməsi institunun rəhbəri işləyirdi. Eldar Salayevin az qala mənimlə birlikdə hansısa bir dövlət çevrilişində iştirak etməsi, ancaq təsdiqini tapmadığı, yaramazın birinin böhtançı şəri ilə saxlanıldığını biabırçı bir fakt kimi qəbul etmək olar. Dövlət çevrilişi silahlı qüvvələrlə həyata keçirilir. Elm işçiləri, Akademiklərlə yox. Bir yaramazın həbsxanadan xilas olması naminə nazirlərə və başqalarına böhtan atan birisinin adını nə mənim, nə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Salayevin adı ilə yan-yana qoymaq olar. Eldar Salayevi yaddan çıxarmayıb bu yazını yazanlara təşəkkürümü bildirməklə yanaşı tanınmış şəxslər barədə yazanda obyektiv olmaqlarını arzu edirəm”.
Tarix: 19-08-2021, 08:48