“Təbrikiniz üçün təşəkkür edirəm. Doğum günümü necə keçirəcəm ki? Oturmuşuq evdə. Birincisi, bu rəqəm yuvarlaq deyil, ikincisi də pandemiyadı və digər problemlər var. Yəqin ki, axşam ailəmizlə nəsə bişirib yeyəcəyik, vəssalam”.
Bizim.Media xəbər verir ki, bunu bu gün doğum gününü qeyd edən xalq artisti Rasim Balayev Moderator.az-a açıqlamasında deyib.
Xalq artisti son zamanlar cəmiyyətdə baş verən ailədaxili münaqişələrə toxunub:
“Vallah, ailədaxili hadisələr əvvəllər də olub, amma indiki kimi bunu bu qədər təbliğ etməyiblər. Bu hadisələri törətməklə elə bil, yeni nəslə yol öyrədirlər ki, necə yaşamaq lazımdır. Adam ananı evdən qovar, atasını, anasını öldürər? Bir sözlə, bu cür hadisələrlə cəmiyyəti pozurlar”.
Aktyorun sözlərinə görə, bu cür hadisələri televiziya ekranlarına daşımaq düzgün deyil:
“O vaxt da belə hadisələr olub, amma bunu efirə, qəzetə çıxarmayıblar. Problem məhkəmədə həll olunub və bundan kənar adamların xəbəri olmayıb. Amma indi bir dənə “çıq” eləyən kimi yazırlar ki, filankəs arvadıyla birləşib anasını evdən qovdu.
Gənc nəsil də görür ki, sən demə, ananı evdən qovmaq olar. Axı biz onlara deyirik ki, ana müqəddəsdir. Ya da birinin arvadı evdən qaçır, çıxıb efirdə deyir ki, onu axtarıram. Bu cür biqeyrətlik olmaz axı. Pənah Hüseynin baş nazir olanda bir sözü var idi ki, “bespredel”, bu televiziya da, kütləvi informasiya vasitələri də “bespredel”dir”.
Tarix: 8-08-2021, 17:56