
Bakı Şəhəri İcra Hakimiyyəti
Uzun illər Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri vəzifəsində çalışmiş Rasim Quliyevin məhkəməsi başlayıb. Bakının keçmiş çeri Hacıbala Abutalıbova yaxın kadrlardan sayılan və onun rəhbərliyi dövründə meriyada yüksək vəzifələrdə şalışan Rasim Quliyev bir müddət də icra başçısının müavini səlahiyyətlərini icra edib.
Bizimyol.info xəbər verir ki, Rasim Quliyev Bakıda tarixi-mədəniyyət abidəsi kimi qorunan bina və evlərin söküntüsü, onların yerində yeni yaşayış binalarının tikintisinə qanunsuz icazə verməkdə ittiham olunur.
Rasim Quliyevin işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. İş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndırilib. Cinayət işi Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyasının icraatına verilib.

Rasim Quliyev
Bakı şəhər İcra Hakimiyyəti, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sabiq Aparat rəhbərinin işində zərərçəkmiş qismində tanınıb.
Cinayət işinin materiallarında iddia olunur ki, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən bina, eləcə də, yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi, dövlət tərəfindən mühafizə olunan yaşayış evlərinin sökülməsi, yerində yeni binaların tikintisi üçün “FF-2011” şirkətinə qanunsuz icazə verilib. Onların yerində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli sərəncamı icra başçısının müavini vəzifəsini icra edən Rasim Quliyev imzalayıb. Lakin o, nəzərə almayıb ki, həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evi var.
Rasim Quliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Rasim Quliyev özünü təqsirli bilmir.
1970-ci il təvəllüdlü Rasim Quliyev Bakı şəhər İcra Hakimiyyətində əvvəl Ərazi idarəetmə şöbəsinin müdiri olub. 2010-cu ildə Hacıbala Abutalıbovun əmri ilə Aparat rəhbəri təyin edilib və 2018-ci ilin yayında meriyaya rəhbər gələnə qədər bu vəzifədə işləyib. Eldar Əzizovun icra başçısı səlahiyyətlərinin icrasına başlamasından sonra Bakı şəhər İcra Hakimiyyətində ilk böyük kadr dəyişikliklərindən biri məhz Rasim Quliyevlə bağlı olub. 2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. Onu yerinə Elgün Həbibullayev təyin edilib. Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri təyin edilib. Sonradan bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ümumiyyətlə ləğv edib, Rasim Quliyev isə sərəncama göndərilib.
Rasim Quliyev vaxtilə 29 saylı Səbail Seçki Dairəsinin sədri olub.
Rasim Quliyev “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin qardaşıdır.
Tarix: 7-08-2021, 09:00