Qadın qətlləri: görünən və “görünməyən” həqiqətlər


Qadın qətlləri: görünən və “görünməyən” həqiqətlər
Sosioloq: “Azərbaycan bir çox mövzularda ziddiyyətli ölkədir: dövlət olaraq hüquqi dövlətdir, qanunvericilikdə cinsi bərabərlik şərtləri qorunur, lakin insanların real həyat tərzində bu, öz əksini tapmır”
 
Vəkil: “Döyülür, şiddətə məruz qalır, lakin öz valideynləri belə, doğma övladlarına “ərə getmisən, ərinin sözündən çıxmamalısan, dözməlisən” deyə irad tuturlar”
 
3 avqust 2021-ci il tarixində Bakı şəhər Xəzər rayon sakini Sevinc Məhərrəmovanın həyat yoldaşı Füzuli Qarayev tərəfindən amansızlıqla qətlə yetirilməsi xəbəri bir çox insanı sarsıdıb. O, bir neçə ay əvvəl əri tərəfindən döyüldüyünə görə evdən qaçmış və bir neçə ictimai fəal xanımın dəstəyi ilə hüquq-mühafizə orqanlarına müraciət etsə də, sonradan uşaqlarına görə əri ilə barışmaq məcburiyyətində qalmışdı.
 
Prosesi yaxından izləyən ictimai fəal xanımların sözlərinə görə, uşaqların atadan alınaraq anaya verilməsi üçün keçirilən məhkəmələrdə Füzuli Qarayev qəsdən iştirak etməyib və prosesi uzatmağa nail olub. Sonda isə üç və dörd yaşlarında iki övladının anasını bıçaqla qətlə yetirib.
 
Son bir ayda mediada xanımların əri və ya sevgilisi tərəfindən qətlə yetirilməsi hadisəsi ilə bağlı xəbərlərin sayında da kəskin artım müşahidə edilir. AYNA mövzu ilə bağlı suallarını mütəxssislərə ünvanlayıb, onların vasitəsi ilə ölkəmizdə qadına qarşı şiddət, zorakılıq, qadın qətillərinin səbəblərini aydınlaşdırmağa çalışıb.
Niyə yaşlı müəllimlər, gənc müəllimlərdən daha zəif tədris keyfiyyəti  göstərirlər? » Ovqat.com
Sosioloq Sahib Altay məişət zorakılığının sosial diskriminasiyanın ən ağır cinayətlərə kimi gedən qolu olduğunu deyib: “Haqqında bəhs etdiyimiz bütün bu davranışların ümumi elmi adı var - sosial diskriminasiya. Sosial diskriminasiya - eyni sosial statusa malik fərdlərin və qrupların bir-birini sosial təcrid etməsinə deyilir və burada bir məqamı qeyd edim ki, sosial diskriminasiya təkcə cinsi zəmində baş vermir, eynicinsli insanlar arasında da mövcuddur. Sosial diskriminasiyanın əsas məqsədi eyni sosial statusa malik fərdlərdən və qruplardan hansınınsa güc əldə edib, dominantlıq qazanıb, digəri üzərində öz dominantlığını qorumaq cəhdidir. Tarix boyu dominantlığın müxtəlif təbii və qeyri-təbii səbəbləri mövcud olub. Cinsi diskriminasiya öncə vəhşi təbiətdə həyatda qalmaq instinktinin fiziki gücə tabe olmasıyla, yəni təbii şəkildə baş verib, daha sonrakı mərhələdə təsərrüfatın, mədəniyyətin fiziki gücün fonunda yaranıb, bir cinsin dominantlıq qazanmasıyla reallaşıb. Sonrakı mərhələlərdə isə bu, qazanılmış dominantlığın qorunması məqsədilə qarşı tərəfin sivilizasiyanın aparıcı qüvvə olmasından uzaqlaşdırılaraq, müxtəlif mədəniyyət və mental dəyərlər əsasında informasiyadan uzaq tutulması nəticəsində baş verib. Məişət zorakılığı sosial diskriminasiyanın ən ağır cinayətlərə kimi gedən qoludur”.
 
Mütəxəssis məişət zorakılıqlarının səbəblərini belə izah edib: “Tarixən formalaşmış patriarxat düşüncənin və cinsi dominantlığın qorunması cəhdi, mental təfəkkürün sayəsində qadına baxış tərzi, tarixdə "atalıq" anlayışının dərk olunmasıyla formalaşmış qadınmərkəzli əxlaq iyerarxiyası və iqtisadi asılılıq. Azərbaycan bir çox mövzularda ziddiyyətli ölkədir. Dövlət olaraq hüquqi dövlətdir. Qanunvericilikdə cinsi bərabərlik şərtləri qorunur, lakin insanların real həyat tərzində bu, öz əksini tapmır. Qanunvericilikdən fərqli olaraq qadınların məişətdəki statusu alçaldılır. Bunun da səbəbləri məlumdur - mental təfəkkür, mental əxlaq, iqtisadi asılılıq, psixoloji gərginlik və s. Məişətdəki qadın probleminin cinayətlə nəticələnməsi çox utancverici davranışdır”.
 
“Ancaq bu, özlüyündə cinsi dominantlığı əks etdirməklə yanaşı, həm də kişili-qadınlı kütləvi savadsızlığın nəticəsidir. Biz və bizim kimi cəmiyyətlərdə bu, daha çox qadın hüququnun pozulması yox, ümmumilikdə insan hüququnun pozulmasını səciyyələndirir. Azərbaycan baxmayaraq ki, Müsəlman Şərqində qadına ilk seçki hüququ verən ölkədir, ancaq hələ də məişətdə qadın alçalıdılır. Niyə? Çünki o hüququn arxasında hüquqi düşüncə mövcud deyil. Azadlıqdan bəxşiş olmur. Bizim qadınımızın bu gün dilə gətirdiyi qadın hüququ uğrunda mübarizəsi olmadığı üçün bu hüquq reallıqda heç bir işə yaramır”, - deyə həmsöhbətimiz bildirib.
 
S.Altay bütün məqamların analiz edilməsinin tərəfdarı olduğunu söyləyib: “Məncə, burada digər məqam həm də tarixi müstəmləkəçilikdir. Alt şüurumuzdakı müdafiə mexanizmi və qorxular, eyni zamanda kişimizin düşmən tərəfindən qadın mərkəzli əxlaqla sınağa çəkilməsi günü bu gün də travma şəklində qalıb. Başqa bir səbəb maddi asılılıq, sıxıntıdır. İstənilən halda tələbatların davamlı olaraq ödənilməməsi ailələrdə gərginlik yaradır. Bu da güclünün zəifi əzməsi fonunda bitir. Bu psixoloji gərginliyin aradan qalxması üçün cəmiyyətin sosial rifaha çatması vacibdir. Yoxsa cinayətkarlıq istər kişinin qadını əzməsi fonunda, istərsə də digər formada özünü göstərəcək”.
 
Ekspertin sözlərinə görə, məsələnin başqa bir tərəfi də mental təfəkkürdür: “Hansısa bir səbəbdən kişinin qadını qətlə yetirməsi "əxlaq" düşüncəsi ilə yozulur. Hətta başqa səbəblərdən baş verən qadın qətilləri qadının mütləq əxlaqsızlıq səbəbilə öldürüldüyü düşüncəsini formalaşdırır və bütün hallarda çoxluq cinayətkara qəhrəman kimi baxır. Bu da həmin səbəblə baş verən cinayətkarlığın sayını artırır. İstənilən halda fiziki şiddətə, cinayətə kimi baş verən psixoloji şiddət prosesində qadının çıxış yolu olmur. Bunun əsas səbəbi iqtisadi asılılıqdır. Məsələn, ailə münaqişələrinin müəyyən mərhələsindən sonra qarşı tərəflə münasibətlərinin davam etməyəcəyini düşünən qadın bu vəziyyətdən çıxış yolu kimi ayrıla bilmir. Ölkədəki kütləvi işsizlik və gəlirlərin aşağı səviyyədə olması buna imkan vermir. Əksər hallarda qadının qayıdacaq yeri də olmur və hər şeyə rəğmən dözür, uşaqlarının xətrinə davam edir və sonda da gərginlik çoxalıb, cinayət həddinə çatır”.

Vəkil Elmir Murquzov da ölkəmizdə qadın qətillərinin sayının artdığı qənaətindədir: “Bu gün təəssüflər olsun ki, qadın qətllərinin sayı həqiqətən də çoxalıb. Düzdür, hər zaman bu cür qadın və uşaq cinayətləri, intiharlar baş verib, lakin əvvəllər insanlar arasında bu qədər çox yayılmadığı üçün o qədər də ictimailəşmirdi. Dediyiniz kimi bu cinayətlərin artmasının şahidi olmağımızda sosial şəbəkələrin rolu böyükdür. Sosial şəbəkələrdə bu cür xəbərlər paylaşılıb müzakirə edildiyi qədər, ondan insanları bu mövzuda maarifləndirmək üçün də istifadə etməliyik”.
 
“Qeyd edim ki, keçən il mən qadın ölümləri barədə bir qədər araşdırmışdım və əldə etdiyim məlumat həqiqətən də çox məyusedici idi. Belə ki, təkcə 2019-cu ildə məişət zorakılığı nəticəsində 37 qadın öldürülmüşdü və 24 qadına qarşı da öldürməyə cəhd edilsə də, qarşısı alınmışdı. Bu, rəsmi statistika idi. Araşdırılsa, bəlkə də daha neçə-neçə ölüm hadisəsinin kökündə eyni hallar durur. Son bir neçə ayda artıq neçənci cinayət hadisəsidir ki, görürük, boşanmaq istəyən qadın sonda cinayətin qurbanı olur.  Təkcə son 20-25 gündə 4 cinayət hadisəsini misal gətirmək olar: Elnarə Musayevanın, Xatirə Fərəcovanın, Nərgiz Mustafayevanın və Sevinc Məhərrəmovanın ölümlərini. Hər 4 qadın da əri tərəfindən öldürülüb”, - deyə Murquzov vurğulayıb.
 
Vəkil qadın qətillərində elə daha çox qadınların qınandığına da diqqət çəkib: “Təəssüflər olsun ki, sosial şəbəkələrdə əri tərəfindən öldürülən bir qadın barədə xəbər paylaşılanda elə olur ki, cinayətkarı yox ölən qadını qınayırlar. “Qadın tabe olmalıdır, onu əri idarə etməlidir” kimi davranışlar müasir dövrdə də mövcuddur. Dediyim kimi qadın öldürüldükdə sosial şəbəkələrdə olan xəbərlərə yazılan şərhləri oxuyanda adam dəhşətə gəlir. Yazırlar ki, “tabe olmalı, hər cür davranışa razı olmalı, ailəsini qorumalıydı”. Hətta bunu yazanlar arasında qadınlar da olur”.
 
Müsahibimizin sözlərinə görə, bu cür insanların beyninə əri tərəfindən qadın öldürüldüyü başlığını oxuyan kimi namus cinayəti olduğu, xəyanət olubsa, buna görə də “əri düz edib” fikri gəlir: “Öldürən şəxsi heç kim qınamır, günahkar hesab etmir. Səbəbindən asılı olmayaraq heç bir şəxsin başqasının həyatına müdaxilə etmək, ona zərər yetirmək hüququ yoxdur!”.
 
Psixoloji, fiziki təzyiqə məruz qalan xanımların polisə müraciət etməkdən çəkinməsi ilə bağlı səbəbləri ekspert belə dəyərləndirib: “Bir sıra hallarda xanımlar ictimai qınaqdan və sonra evə gedəndə onu gözləyən təhlükədən qorxaraq polisə müraciət etmirlər. Şəhərlərdən də daha çox rayon yerlərində, kəndlərdə zorakılığa məruz qalan qadınların əksəriyyəti polisə müraciət etmir və bu, mütəmadi baş verdikdə sonda qadın cinayətin qurbanı olur. Onların polisə müraciət etməmələri ictimai qınaqdan, ata evinə gedərsə, oradakı şiddətdən qorxmalarından irəli gəlir. Çünki neçə dəfə mənə müraciət edən qadınlarla söhbətimdə bu hallara rast gəlmişəm. Döyülsə də, şiddətə məruz qalsa da, öz valideynləri də doğma övladlarına “ərə getmisən, ərinin sözündən çıxmamalısan, dözməlisən” deyə irad tuturlar. Bu hallara görə də qadınlarımız polisə müraciət etməkdən çox vaxt yayınır, ictimai qınaqdan qorxaraq çox vaxt işgəncələrə, əzablara dözürlər. Hesab edirəm ki, belə məsələrdə hüquq-mühafizə orqanları çox diqqətli olmalıdırlar. Müraciət daxil olarkən onu sona qədər ciddi şəkildə araşdırmalıdırlar”.
 
“Günümüzdə küçənin ortasında qardaşı, əri yaxud da atası tərəfindən döyülən, təhqir edilən qadınların nə qədər videosu yayılıb. Heç kim də onlara yaxınlaşmır, döyülən söyülən qadına yardım etmir. Yalnız videoya çəkib paylaşmaqla kifayətlənirlər. Bu gün biz vətəndaşlar olaraq hamılıqla məişət zorakılığına qarşı yox deməliyik. Bu mövzu barədə maarifləndirmə tədbirləri keçirilməlidir”, - deyə Murquzov fikrini yekunlaşdırıb.
Tarix: 6-08-2021, 07:20
Xəbəri paylaş



Xəbər lenti