NƏSİLARTIRANLAR…


NƏSİLARTIRANLAR…
Onlar sizə əmanətdir, siz kimə əmanət edirsiniz?
 
Elə analar, atalar var ki, yetkinlik yaşına çatmış qızını ər evinə yola salanda göz yaşlarına boğulur, “o, mənim gözümdə hər zaman balaca, şıltaqlıq edib boynuma sarılan, qoynuma sığınan qızım olaraq qalacaq” deyir, qızlarının böyüdüyünü qəbullanmaqda çətinlik çəkirlər. Dünyanın “qayda-qanun”unu ilə barışmaq məcburiyyətində qaldıqda isə “Qızım, bilirsən də, imkan vermərəm, otağına əl vuran olsun. Necə qoyub gedirsənsə, hər şey eləcə də qalacaq. Sən başqa bir evdə öz yuvanı qursan da, bil ki, burada – atanın evində sənin bir otağın var. Çöldə fırtınalar da qopsa, dünya da dağılsa, sənin burada daldalanacaq bir yerinin olduğunu əsala unutma” deyən atalar var. Sanki bu cür ana-atalar dünyanın bir ucundan, qızını yetkinlik yaşına çatmadan çox adi, rahat bir şəkildə ər evinə yola salanlar isə başqa bir ucundandırlar.
 
Adamın ürəyinə qor salırlar
 
Erkən evlilik problemi hər zaman var. Bəzən isə gözümüzü yumur, etinasız yanaşırıq və ya sadəcə buna məcbur oluruq. Çünki atalar demiş, “qorx qorxmazdan, utan utanmazdan”. İndiyəcən ifşa olunmuş elə bir erkən evlilik hadisəsi xatırlamıram ki, bu işə rəvac verənlər həqiqi peşmanlıqlarını ifadə etsinlər. Əksinə, çox vaxt “mən özüm də 15 yaşımda ərə getmişəm”, “biz tərəfdə bu yaşda evlənmək adətdir” deyib əməllərini müdafiə edən ağbirçəkləri, ana-ataları görürük.
 
Bəzən onlar bu işə elə haqq qazandırırlar ki, bir anlıq etiraz etdiyin üçün özün öz əməlindən utanırsan. “Bəlkə də bu insanlara belə xoşdur. Hər kəsin necə istəyirsə, o cür yaşamağa haqqı çatır” düşüncələri ilə özünü sakitləşdirirsən. Amma düşünəndə ki, sabah cəmiyyətdə uşaq yaşda ər evinə yola salınmış, travmalar almış anaların böyütdüyü, tərbiyə etdiyi uşaqların sayı artacaq, bax bu zaman adamın ürəyinə qor düşür.
 
Toylara icazə verilər-verilməz ürəyimizi üzən bu evliliklərin, qızcığazların acı taleyinin qığılcımları artmağa başlayıb. Sonuncu belə tale haqqında bugünlərdə sosial şəbəkədən xəbər tutduq. Xaçmaz rayonunda 15 yaşlı qızın 29 yaşlı oğlanla evləndirildiyi xəbəri yayıldı.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələni nəzarətə götürdü. Bundan sonra xəbər verildi ki, Komitə rəhbərliyinin tapşırığı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailədə olublar. Ailə deyib ki, toy eləmirmişlər. Sərt karantinin olmasından qorxduqları üşüm nişan mərasimi keçiriblər. Toy isə qız təhsilini bitirdikdən, yəni 18 yaşı tamam olduqdan sonra olacaq.
 
Bu cür düşünən ailələrə görə, bu gün qızlarımız bir neçə illik möhlət qazanmaq üçün universitet divarlarına sığınırlar.
 
Görəsən, qızlarını erkən yaşda evləndirən valideynlər bu sualları özlərinə verirlərmi?
 
Övlad valideyninin əsəridir. O, valideyninin zənginliyindən pay alır. Yetkinlik yaşına çatmayan, fiziki, psixoloji böyüməkdə olan bir ana övladına həyat verməkdən, ən yaxşı halda qayğı göstərib, qulluq etməkdən başqa nə verə biləcək?
 
Öz təhsili yarımçıq qalmış, gözü açılar-açılmaz ər evinin məişət qayğılarında itib-batan, boğulan ana şəxsiyyət yetişdirməyə özündə təpər tapacaqmı?
 
Ümumiyyətlə, evliliyin mahiyyəti nədir, kor-koranə nəsil artırmaqmı?
 
“Həyatın qanunu budur, axır-əvvəl evlənmək lazımdır, gec ya tez, nə fərqi var?” düşünənlərə isə ayrıca bir sualım var: Özün bu təfəkkürlə evlənib ən yaxşı halda uşaq saxlamaq, onu yedirib geyindirməkdən başqa nə etmisən, nəyə nail olmusan ki, övladını da bu seçimə sürükləyirsən?
 
Valideynlərimizi seçmək imkanımız yoxdur. Amma gərək bir valideyn də daim özünə sual versin ki, övladımın seçim imkanı olsa, məni seçərdimi?
 
Bir də ki unutmayın, onlar sizə Allahın əmanətdirlər.
Tarix: 30-07-2021, 09:12
Xəbəri paylaş



Xəbər lenti