Xəbər verdiyimiz kimi, dünən Ermənistan Silahlı Qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.
Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
KONKRET.az-ın məlumatına görə, şəhid Fərman Yaqublu 44 günlük Vətən Müharibəsində iştirak edib.
Azərbaycan torpaqlarının azadlığı uğrunda döyüşlərdə aktiv iştirak edən qəhrəman gizir Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
F.Yaqublunun atası, Yaqubov Telman Fərman oğlu da Qarabağda şəhid olub.
Məlumata görə, Telman Yaqubov Beyləqanın Birinci Şahsevən kəndində dünyaya göz açıb. O, 1992-cü ildə birinci Qarabağ müharibəsi zamanı ordu sıralarına könüllü olaraq yazılıb. Füzuli istiqamətində – Kərimbəyli, İşıqlı, Qorqan kəndlərində döyüş yolu keçib. Elə Füzuli rayonunda düşmən gülləsinə tuş gələrək şəhidlik məqamına ucalıb.