Gənclərə çağırış-xəbərdarlıq: 3-4 illik əzablı “həzz”ə aldanmayın!


Gənclərə çağırış-xəbərdarlıq: 3-4 illik əzablı “həzz”ə aldanmayın!
Nihad Allahyarlı: "Yuxu pozulur, iştah kəsilir, insan daim hərəkətdə olmaq istəyir və hər şey də bununla başlayır"
 
İqbal Ağazadə: "Narkomaniyaya qarşı mübarizə haqqında qanun qəbul edilməlidir"
 
Metanfetamin maddəsi olan, el arasında "patı" uyuşdurucusunu əvvəllər qadınlara təklif edirdilər. İnsanları özündən asılı hala salan bu maddə qadınlara arıqlamaq üçün təklif olunurdu. Lakin o, arıqlatmır, iç orqanları məhv edir, adamları məhz bu üsulla öldürür.
 
“Patı” - şüşə tərkibli sintetik narkotikdir. O, bədəndə yaralar yaradır, ağ ciyəri deşir, insanın duruşunu dəyişir və öldürür. Ondan istifadə edənlərin isə maksimum 3-4 il ömrü olur. Qeyd edək ki, bu maddəni ilk dəfə İkinci Dünya müharibəsi zamanı alman əsgərlərə yatmasın və aclıq hiss etməsinlər deyə məcbur qəbul etdiriblər.
 
Son dövrlər Azərbaycanda da gənclər arasında "şüurlu ölüm"ə mübtəla olanların sayı sürətlə artır. Daxili İşlər Nazirliyinin son dövrlər həyata keçirdiyi həbslər, "patı", "şüşə" satanların tutulması vəziyyətin ciddiliyindən xəbər verir.

DAVAM Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı AYNA-ya açıqlamasında deyib ki, məsələ kifayət qədər ciddidir və vətəndaş cəmiyyəti insitutları da prosesdə yaxından iştirak etməlidir: "Məlumdur ki, "patı" adlandırılan narkotik vasitə əslində əvvəllər "şüşə" adı ilə istifadə edilən maddədir. Narkotacirlər ələ keçməmək üçün sonradan onun adını dəyişdilər. Metamfetamin psixostimuliyator olduğundan bədənin enerji potensialını beynin iş fəaliyyətinə yönəldir. Beyin bu maddəni istifadə etdikdən sonra aktiv qalır. Beləcə yuxu pozulur, iştah kəsilir, insan daim hərəkətdə olmaq istəyir”.
 
“Amma təsiri getdikdən sonra insanda tükənmə, yorğunluq, uzun müddət süstlük yaranır. Bundan əlavə mütəmadi istifadə zamanı beyin uzun müddət oyanıq qaldığı üçün psixoz baş verir. Bu zaman xəstədə aqressiya, hallusunasiya meydana çıxır. Qadınlar arasında da bu bəlaya düçar olanların sayı az deyil. Onlar inanırlar ki, guya bu yolla arıqlaya biləcəklər. Əslində isə bu, kökündən yanlış təsəvvürdür və narkotiv vasitələrlə sağlam çəki atmaq mümkün deyil”, - deyə həmsöhbətimiz bildirib.
 
DAVAM sədrinin sözlərinə görə, rəhbərlik etdiyi təşkilat bu istiqamətdə fəal iş aparırlar: "Bilirsiniz ki, Daxili İşlər Nazirliyi ictimaiyyətə, o cümlədən gənclər təşkilatlarına bununla bağlı çağırış etmişdi. Yarandığı gündən rəhbərlik etdiyim hərəkat gənclərin maariflənməsi, zərərli vərdişlərdən uzaq durması istiqamətində fəal iş aparır. İndiyə qədər yüzlərlə layihə həyata keçirmişik ki, bu sırada gənclərin zərərli vərdişlərdən uzaq durması, sağlamlığı xüsusi yer tutur. ''Sağlam Gənclik Proqramı"nı başlatdığımız andan ölkədə fəaliyyət göstərən tibb mərkəzləri ilə memorandumlar imzalamışıq. Proqramın iştirakçısı olan gənclər birgə layihələrimizdən faydalana bilirlər".
 
“DAVAM İdman Klubunun təşəbbüsü ilə "İdman ayı" adlı layihəyə start vermişik. Layihə Bakı Tennis Akademiyası, "Go Fitness", "Motivator" və "Rossotrudniçestvo" agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir. Çimərlik voleybolu, həndbol, basketbol, tennis, stolüstü tennis, velosiped və futbol çempionatlarının keçirilməsi nəzərdə tutulur. Artıq bir neçə çempionata da yekun vurulub. Məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmasına nail olmaqdır", - deyə Allahyarlı  vurğulayıb.
 
Əlavə edib ki, mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək: "Müvafiq qurumlar bununla bağlı fəal iş aparır. Heç şübhəsiz, qarşıdakı dövrlərdə bu proses daha da sürətləndiriləcək. Eyni zamanda səhiyyə ictimaiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatları, ziyalılar da fəal təbliğat işi aparmalı, əhalini zəruri informasiyalarla təmin etməlidir. Konkret olaraq narkotik vasitələrin zərərləri əyani formada cəmiyyətə çatdırılmalıdır. Mən də buradan ölkə gəncliyinə çağırış edir, onları narkotik vasitələrdən çəkinməyə səsləyirəm".

Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə də AYNA-ya şərhində sözügedən problemin miqyasından narahatlığını dilə gəitirib: “Nəinki "patı", digər narkotik vasitələrin də istifadəsi geniş yayılıb. Bu məsələ bu gün, dünən yox, uzun müddətdir müzakirə mövzusudur. Bunu doğuran səbəblər müxtəlifdir. Birinci səbəb təhsildə olan boşluqlar, gənclərin həyatda öz yerini tapmamasıdır. İkinci səbəb televiziyalar, mətbuat orqanlarının bu istiqamətdə düzgün iş apara bilməməsi, bir sözlə, təbliğat işinin zəif qurulmasıdır. Üçüncü səbəb polisin məsuliyyətsiz davranışıdır. Və ən vacib səbəb "Narkomaniyaya qarşı mübarizə haqqında" qanunun qəbul edilməməsidir. Biz bu məsələyə kompleks yanaşmalıyıq. Kimisə tutmaq və bunu ictimailəşdirməklə məsələni həll etmək olmaz. Düzdür, müəyyən mənada qorxu aşılamaq olar, lakin uzunmüddətli nəticələr əldə etmək mümkün deyil".
 
Partiya sədrinin bildirdiyinə görə, maariflənmə vacib olsa da, əsas çıxış yolu deyil: "Bu gün Azərbaycanda kifayət qədər narkotik vasitələrdən istifadə edən insanlar var. Əvvəlcə müəyyən olunmalıdır ki, onlar bu narkotik vasitələri necə və hansı yollarla əldə edirlər. Qanunda olan bütün boşluqlar aradan qaldırılmalıdır. Misal üçün, orada bir qrama qədər narkotik vasitələrin istifadəsinə icazə verilir. Nəticədə hansısa həkimi tutub cinayət təqibinə cəlb edirlər, narkotacirlər isə alternativ yollarla yenə öz "fəaliyyətlərini" davam etdirirlər. Eyni zamanda narkotik vasitələrdən istifadə edən şəxslərin fəal ictimai həyata qayıdışını təmin edən yollar axtarılmalı, müvafiq proqramlar qəbul edilməlidir. Ancaq bu, yalnız sənəd xatirinə olmamalı və konkret mübarizə üsulları bu proqramda öz əksini tapmalıdır".
 
"O ki qaldı maariflənməyə, kifayət qədər üsullar mövcuddur. Narkotik vasitələrin istifadəçisi olan şəxslərin, o cümlədən "patı" istifadəçilərinin həyatından bəhs edən videoroliklər hazırlanmalı, geniş şəkildə yayılmalıdır. Bu gün iqtidarın nəzarətində kifayət qədər media resursları var. Bu resurslardan hansısa bayağı və məzmunsuz informasiya siyasətini yürütmək üçün yox, bu kimi məsələlərdə istifadə etmək olar. Bütün hallarda məsuliyyət ilk növbədə hökumətin üzərindədir. Biz imkan verə bilmərik ki, gənclərimiz gözümüzün qarşısında məhvə sürüklənsin. Bu məsələdə hər birimiz məsuliyyət daşıyırıq, əsasən də Azərbaycan hökuməti", - deyə Ağazadə söyləyib.
 
Sonda vətəndaşlara çağırış edən sabiq deputat valideynləri xüsusilə diqqətli olmağa səsləyib: "Müasir trendlər həyatımıza daxil olduqca müsbət tərəflərlə yanaşı, mənfi məqamları da özü ilə gətirir. Bu xüsuda hər birimiz məsuliyyətli olmalıyıq. Düzdür, əksər vətəndaşlar gündəlik dolanışığını çətinliklə təmin edirlər. Məhz elə bu səbəbdən övladlarının təhsil və məşğuliyyətini təmin edə bilmirlər. Onları qınamaq da lazım deyil. Bu məsələdə hökumətin də məsuliyyəti böyükdür. Sosial ədalətsizlik bu kimi bəlaların artmasına gətirib çıxarır".
Tarix: 23-07-2021, 22:44
Xəbəri paylaş



Xəbər lenti