“Qurban bayramı bütün İslam dünyasının ən müqəddəs iki bayramından biridir. Buna görə də bu bayram artıq bir neçə əsrdir ki, bütün müsəlman ölkələrində böyük coşqu ilə qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində qeyd edilir. Hər il Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edən ölkə Prezidenti cənab İlham Əliyev bu müraciətlərindən birində belə demişdir: “Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməlisaleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir.”
Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qoruyub saxlayıb və bu günümüzə gətirib.” Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir: “Azərbaycan xalqı müqəddəs dinimizin humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirib. Hələ sovet dönəmində, istənilən dini mərasimlərə qarşı ən ağır qadağaların hökm sürdüyü bir dövrdə də xalqımız Qurban bayramını qeyd etmişdir. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Son dərəcə təqdirəlayiq bir haldır ki, müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ən ali təzahürlərindən biridir.
Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsubları Azərbaycanda mehriban ailə kimi yaşayırlar. Bu gün isə ölkəmizdə tarixən mövcud olan və qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan nümunəvi birgəyaşayış mühiti Azərbaycan dövləti tərəfindən həyata keçirilən milli siyasət sayəsində daha da genişlənir, inkişaf edir və möhkəmlənir. Ölkəmizdə yaşayan çoxsaylı millətlərin etnik-mədəni müxtəlifliyinin qorunub saxlanmasına xidmət edən bu siyasət eyni zamanda da milli həmrəyliyin və birliyimizin ən yüksək səviyyədə mövcudluğunu təmin edir. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Öz çıxışlarının birində Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanda multikulturalizm dövlət siyasətinin prioritetlərindən biridir, milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir”. Həqiqətən də ölkəmizdə bütün xalqların və dini icmaların nümayəndələri tarixən dinc yanaşı yaşayıblar və bu ənənələr çoxəsrlik tarixə malikdir. Bu gün də bu tendensiya uğurla davam etdirilir.”
Millət vəkili Kamaləddin Qafarov qeyd edib ki, bu gün ölkəmizdə dini bayramlarla bağlı ənənələrin davamlılığı və inkişafı birbaşa siyasi varislik xarakteri daşıyır: “Müstəqil Azərbaycana əhbərlik etdiyi illərdə ümummilli lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqımızı təbrik edir, o cümlədən Qurban bayramını tez-tez məcburi köçkün soydaşlarımızla birgə keçirirdi. Bu gün Azərbaycan artıq öz vətəndaşlarının köçkün statusuna son qoymuşdur. Lakin xalqı bayram münasibətilə təbrik etmək ənənəsi Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etmişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində atdığı nnövbəti əməli addımlardan biri olmuşdur.”
Kamaləddin Qafarov Azərbaycanın tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsinin mahiyyətində məhz Qurban bayramı fəlsəfəsinin də aparıcı yerlərdən birini tutduğunu vurğulayaraq bunları deyib: “Qurban bayramının fəlsəfəsinin əsasında müsəlmanların Allah yolunda hər bir fədakarlığa hazır olmalarının nümayişi durur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının tarixi zəfərlə başa vurduğu Vətən müharibəsinin mahiyyətində də bu fəlsəfə özünü ən qabarıq şəkildə büruzə vermişdir”.
Tarix: 19-07-2021, 09:49