“Patı” və digər zəhərlərin məhv etdiyi insan həyatları


Azərbaycanda “patı” və digər narkotik maddələrin son zamanlar geniş yayılması problemi ətrafında ictimai müzakirələrin ardınca polis hər gün Bakıda və bölgələrdə zəhər tacirlərinə qarşı əməliyyatlar keçirir. Onları yaxalayır və külli miqdarda narkotik maddəni dövriyyədən çıxarır, o cümlədən internet üzərindən narkotik satışının qarşısını almaq üçün mübarizəni gücləndirir.
 
Narkomaniyanın yayılmasının ciddi problem olduğunu Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayının artması da təsdiq edir. Səhiyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvarınadək 33 min 788 nəfər narkotik istifadəçisi qeydiyyatda olub. Onlardan 618 nəfəri qadın, 9-u isə 15-17 yaşlılardır.
 
Virtualaz.org-un əməkdaşları Respublika Narkoloji Mərkəzində narkomaniya bəlasından xilas olmağa çalışanların müalicəsi ilə maraqlanıblar. Məlum olub ki, narkomaniyanın yaşı da cavanlaşıb. Bir neçə il əvvələdək narkotikdən istifadə edən təbəqə əsasən 25-35 yaş arası idisə, indi bu göstərici yeniyetməlik dövrünə düşüb.
 
Həmçinin qadınlar arasında narkotik istifadəçilərinin artımı müşahidə edilir. Baxmayaraq ki, qadınlar, yaxud onların yaxınları müalicə üçün müraciət etməkdən çəkinirlər. Mərkəzin direktoru Orxan Cəfərov deyir ki, bununla belə, təbliğatlar, maarifləndirmə nəticə verir, könüllü müalicə olunmaq istəyənlərin sayı artır. İlkin dövrdə müalicəs, bu bəlaya düçar olanların normal həyata qaytarılması daha realdır. Sonrakı dövrlərdə müalicə çətinləşir. Mərkəzdə müalicə alanların bir neçəsi ilə söhbətləşirik. Və o da bəlli olur ki, narkomaniya təkcə natamam, yaxud problemli ailələrin deyil, həm də firavan ailələrin bəlasına çevrilib. Belə ki, ideal, uğurlu, maddi cəhətdən təmin olunmuş ailələr də bu problemlə qarşılaşırlar.
 
Gəncədən gəlib, atası professor, anası həkimdir...
 
38 yaşlı Arif Məmmədov (ad şərtidir-red.) Gəncədən gəlib. Deyir ki, özü hərbçi,  atası professor, anası isə həkimdir. Ailədə bir bacı, iki qardaşdırlar. Narkotikə qonşusunun “tövsiyyə”si ilə təxminən 10 il əvvəl qurşanıb. Buna görə ailə də qurmayıb. Arif qollarını göstərib deyir ki, bu günə kimi nə "iynə" vurub, nə də “şüşə” dadıb. Bununla belə ailəsinin get-gedə parçalanmasına, yoxsullaşmasına səbəb olub.
 
 “İndiyə kimi müalicə olunmaq istəyirdim, amma çevrəmdəkilər imkan vermirdi. Könüllü müalicə olunuram. Buradan çıxandan sonra çevrəmi dəyişməyə cəhd edəcəyəm. Baxıram ki, ailəm məndən utanır. Bu da mənə təsir edir”,-o bildirir.
 
 Arif onu da deyir ki, narkotik vasitə əldə etmək istəyənlər onu hansı yolla olursa olsun, tapa bilirlər.
 
 Xəyalları puç olan 26 yaşlı Xəyal
 
 Ziyalı ailədə doğulub böyüyən 26 yaşlı Xəyal Abbasov (ad şərtidir-red.) isə 5 ildir ki, “ağ ölüm”ün cənginə düşüb. Atası vəkil, anası müəllimədir. Atasının şikayəti əsasında məcburi müalicəyə göndərilib. Xəyal başına gələnləri danışır: “Xarkovda ali məktəbi bitirdim, kapitan köməkçisi kimi işə düzəldim. Ukraynada oxuyanda kimsə mənə nə vaxtsa bu bəlaya aludə olacağımı desəydi gülüb keçərdim. İş yoldaşım narkotik istifadəçisi idi. Mənə də təklif etdi, iki-üç dəfə imtina etdim. Sonra “bir dəfə ilə heç nə olmaz” deyə daddım, xoşuma gəldi. O gündən sonra ayrıla bilmədim”.
 
Xəyal deyir ki, iş yoldaşı ona narkotik vasitələrin həzzindən danışıb, amma “lomka” barədə yalnız istifadə etdikdən sonra bilib: “Heroini 320 manata alırdım, üç gün bəs edirdi. Sonra pul çatdıra bilmədim. Başladım “şüşə” istifadə etməyə”.
 
Müsahibimiz onu da deyir ki, “şüşə”dən istifadə edənləri ilk baxışdan müəyyənləşdirmək mümkün deyil. Onun özü də bir neçə dəfə “şüşə”dən istifadə edərək işə gedib, kimsə şübhələnməyib.
 
“Maaşı vaxtında ala bilməyəndə aqressiv olurdum, bilirdim ki, evdən pul verməyəcəklər. Buna görə də işdə bir neçə dəfə dava salmışam. Beynim o qədər oyaq olurdu ki, sutkalarla gecələri yata bilmirdim, beynim oyaq qalırdı”,-o deyir.
 
Xəyallarının gerçəkləşəcəyinə ümid bəsləyən Xəyal həm də narkotik vasitədən bircə dəfə belə olsun istifadə etmiş qadınla ailə həyatı qurmaq istəmdəyini deyir: “Gələcəkdə ailə quraramsa, övladım olarsa heç vaxt onu nəzarətsiz qoymaram. Qoymaram ki, kimlərin təsiri altına düşsün, narkotikdən istifadə etsin”.
 
Arıqlayıb çöpə dönən, dişləri tökülən gənc qadın…
 
Qarşımızda əyləşən Könül Muradovanın (ad şərtidir-red.) 30 yaşı var. Kifayət qədər çəki itirən, dişləri tamam tökülən, gözləri çuxura düşən, saçı seyrəkləşən bu qadına 60 -dan yuxarı yaş vermək olar. Özünün dediyinə görə, yeniyetməlik dövründən narkotik istifadəçisidir, bu bataqlığa onu bacısı salıb. Danışdıqca tez-tez əlini masaya çırpır və kövrəlir. Könül danışır ki, ailədə üç bacı, bir qardaş olublar, atası xərçəng xəstəliyindən vəfat edib. Bacısı ilk dəfə ona xəstə atasının ağrıları zamanı istifadə etdikləri “morfin” vurub. Bacısı da narkotik istifadəçisidir.
 
“Ailə qurdum, üç övladım dünyaya gəldi. Düz beş il öz iradəmlə narkotik vasitələrdən istifadə etməmişəm. Tale elə gətirdi ki, həyat yoldaşım da qəzada öldü. Bundan sonra təkrar istifadə etməyə başladım”,-o deyir.
 
Könülün övladlarına hazırda nənəsi, dayısı baxır. Deyir ki, bu bəladan qurtara bilməsə də, övladlarını kənar təsirləri düşməmək üçün qorumağa çalışır. Özü isə əlinə düşən beş-on manatı “şüşə”yə “kakos” a xərcləyir: “Narkotiki kimdən aldığımı çox zaman özüm də bilmirəm. Bu elə bəladır ki, istəyən onu asan yolla əldə etməyi bacarır. Bəzən dost-tanış da “yardım əl”ini uzadır. Bəzən də narkotik vasitə qarşılığında bədənimi də satmaq məcburiyyətində qalmışam. Sonuncu dəfə bir oğlanla tanış olmuşdum. Guya ailə quracaqdıq. Narkotik almağa pul tapmadıq. Oğlan da telefon oğurladı. Məhkəmədə onu həbsə, məni isə məcburi müalicəyə göndərdilər. Hazırda məhkəmənin qərarı ilə şərti cəza almışam, ev dustaqlığındayam, 6 ay burada müalicə olunmalıyam”.
 
 Direktor nə deyir…
 
 Mərkəzin direktoru Orxan Cəfərov bildirib ki, son vaxtlar sintetik narkotik vasitələrdən istifadə edənlərin sayı artıb.  “Sintetik narkotik vasitələrdən istifadə psixi durumda xeyli dəyişikliklər meydana gətirir, istifadəçilərin əksəriyyərində şəxsiyyət dəyişikliyi formalaşır, tanınmaz vəziyyətə düşürlər. Valideynlə söhbət etdikdə məlum olur ki, övladı narkotikdən istifadə etməmişdən əvvəl tamamilə başqa xasiyyətdə bir insan olub”,-o bildirir.
 
 
 
Həkim deyir ki, “patı” kimi tanınan sintetik narkotik vasitələr ilkin olaraq aldadıcı durum yaradır, guya beyin potensialını açır, onu qəbul edənlər enerji ilə dolu olurlar. Əslində isə bu enerji kənardan daxil olmur, orqanizmin özünün resurslarıdır, yəni özünün rezervlərindən sərf olunan enerjidir və bu, tükənən bir sərvətdir.
 
“Metamfetamin istifadəçiləri uzun müddət yatmırlar, onlarda şiddətli yuxusuzluq olur. Şəxsi təcrübəmdə hətta 40 sutkaya qədər yatmayan istifadəçi ilə rastlaşmışam. Bu isə orqanizmin bütün resurslarını sərf edir, beyində çox ciddi üzvi dəyişiklər yaradır. Bəzən ruhi xəstəliklərə təkan verir. Təəssüf ki, bəzən xanımlara  arıqlamaq üçün bunlardan istifadə etməyi məsləhət görürlər. Ancaq bu arıqlama patoloji arıqlamadır, yəni bu təbii, normal arıqlamaqdan fərqlənir”,-mərkəz direktoru belə deyib.
 
“Patı” insanı nə hala salır…
 
Sintetik narkotik vasitələrin daha bir təhlükəsi odur ki, qısa müddət ərizində, təxminən iki -üç həftədə psixi, sonra isə fiziki asılılıq yaranır. İstifadəçilərdə əzginlik, halsızlıq, təşviş, həyəcan hissi baş qaldırır, onsuz yaşaya bilməyəcəklərini düşünürlər. Bundan sonra fiziki asılılıq -  ishal, tərləmə, əllərdə əsmə, bəzən hərarətin yüksəlməsi yaranır. Ağrı o qədər şiddətli olur ki, sümük, oynaq sınıqlarının ağrılarına bənzəyir: “Özlərindən asılı olmayan vəziyyətə düşürlər, hətta cinayət belə törədirlər.Təəssüf ki, mərkəzə müraciət edənlərin əksəriyyəti uzun müddət narkotik istifadəçisi olanlardır, yaxınları xəbər tutandan sonra  müraciət ediblər”.
 
Mərkəzdə müalicədən başqa psixoloji dəstək göstərilir, fərdi və qrup şəklində terapiyalar aparılır. Mərkəzin kitabxanası, rəsm otaqları var. Həkim deyir ki, onlar evə buraxıldıqdan sonra həftədə iki dəfədən az olmayaraq qrup terapeyalarında iştirak edirlər. Çünki psixololoji iş olduqca vacibdir.
 
Ancaq müalicə olunub sağalan, təkrar narkotik vasitələrdən istifadəyə qurşananlara da rast gəlmək olur.  Direktor Cəfərov bunun səbəblərini açıqlayır: “Müasir sintetik narkotiklərin istehsalı ilə məşğul olanlar onun üzərində xüsusilə “işləyiblər”. Sintetik narkotik vasitə ondan istifadə edənlərin beynindəki “opioid mərkəzi” ni aktivləşdirir. Buna görə müalicədən sonra   orqanizm təmiz olsa belə ilk 5-7 il bu “mərkəz”aktiv qalır. Bəzən deyirlər, “şeytan yoldan çıxarır”. Amma onları yoldan çıxaran, məhz opioid mərkəzidir. Müalicədən sonra bir müddət keçir, darıxırlar, sıxıntı keçirirlər və opioid mərkəzi bu zaman öz işini görür. Əvvəllər keçirdiyi zövq hissini yadına salır və artıq ailədə, cəmiyyətdə mövqeyini itirdiyinə görə depressiv əlamətlər yaranır, depressiyaya düşür və yenidən narkotikadan istifadə edirlər”.
 
Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin ilk yarısında 2 ton 213 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövrüyyədən çıxarılıb. Onlardan 184 kiloqramı “patı” kimi tanınan metamfetamin psixotrop maddəsi,  764 kiloqramı marixuana, 1 ton 20 kiloqramı heroin, 144 kiloqramı tiryək və digər maddələrdir. 6 ayda narkotik vasitələr və psixotrop maddələrin, qanunsuz dövrüyyəsi, satışı və saxlanılması ilə bağlı 4066 cinayət işinin istintaqı aparılıb.
Tarix: 18-07-2021, 17:52
Xəbəri paylaş



Xəbər lenti