Korrupsionerlər həbsdən müqavimətə başladı



Korrupsioner sabiq icra başçılarının və digər vəzifəli şəxslərin məhkəmə proseslərinə start verilir. Aylardır istintaq altında olan, rüşvət aldıqları, külli miqdarda sərvət topladıqları şübhə doğurmayan bu tiplər isə açıq şəkildə müqavimət göstərirlər.
 
Məsələn, bu ayın əvvəlində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  Sabiq icra başçısı İsmayıl Vəliyev ittiham üzrə özünü təqsirli bilməyib və bu mərhələdə ifadə verməkdən imtina edib. İfadə verib-vermək əlbəttə ki, təqsirləndirilənin hüququdur. Amma “özümü təqsirli bilmirəm” demək təkcə onu həbsə alan hakimiyyətə deyil, həm də bu adamların cəzalandırılmasını tələb edən cəmiyyətə müqavimətidir.
 
Yada salaq ki, bundan əvvəl rüşvət ittihamı ilə həbs edilən mədəniyyət nazirinin sabiq birinci müavini Rafiq Bayramov da məhkəmədə ifadə verməkdən imtina edir.
 
Deputat Vahid Əhmədov “Yeni Müsavat”a deyib ki, bu gün məhkəmə qarşısına çıxarılan icra başçıları və digər məmurların həbs səhnələri, rüşvət almaları haqda videolar dəfələrlə nümayiş olunub: “Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar zamanı başçıların kabinetlərindən götürülən dəlil-sübutlar, rüşvət almaları əks olunan videolar var. Yəni bu adamların rüşvət alıb korrupsiyaya bulaşmaları sübut-dəlillərlə təsdiqlənib. Bu gün məhkəmə qarşısında özlərini qorumaq üçün belə bir mövqe tuturlar. Buna baxmayaraq, rüşvət aldıqlarına görə cəzaları veriləcək”.
 
Deputat məmurlara qarşı antikorrupsiya əməliyyatlarından sonra da bu sahədə vəziyyətin dəyişmədiyini deyir: “Bu gün də əksər rayonların icra başçıları, nazirliklərin rəhbərlikləri və işçiləri öz işlərindədirlər. Sanki antikorrupsiya əməliyyatları bunlara heç aid deyil. Rüşvət alırlar, korrupsioner əməllərini davam etdirirlər. Hətta şəhid ailələrinə qarşı da bu əməllərini edirlər. Halbuki gözləntilər vardı ki, 44 günlük müharibədən sonra bu sarıdan vəziyyət dəyişəcək, belə əməllər aradan qalxacaq. İstər icra başçısı olsun, istər məmur olsun xalqı düşünəcək, millətin güzəranının yaxşılaşması üçün addımlar atacaqlar. Dövlət başçısının dediyi kimi, xalqın xidmətçisi olacaqlar. Belə olmadı, əksinə, daha da durum çətinləşib. Bizə kifayət qədər şikayətlər daxil olur, yenə də rüşvət və korrupsiya halları davam edir”.
 
Hüquq nədir? Hüquqlar və biz.
 
 “Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məmurların, həbsdəki icra başçılarının tutduğu mövqeni şərtləndirən amillər var: “Həmin o həbsdəki sabiq icra başçısı, həmin o sabiq nazir müavini bilir ki, danışsa batacaq. Danışmasa isə ona cəza kəsəcəklər, 3 il sonra da azadlıqdadır. Onu həmin cinayətə sürükləyən qüvvələrin dəstəyi ilə azadlığa çıxıb gedib xalqdan oğurladıqları pulları sorğu-sualsız öz keflərinə xərcləyəcəklər. Ona görə də ”susmaq qızıldır" qaydasına əməl edirlər. Bununla da mübarizə aparılmalıdır və müəyyən tədbirlər görülməlidir. Amma ümumilikdə götürəndə Azərbaycan hökuməti korrupsiyaya ilə mübarizə aparmaq istəyirsə, əsas məsələlər büdcə şəffaflığı və ədalətli məhkəmə sistemi təmin edilməlidir. Dünyanın heç bir yerində korrupsiya ilə mübarizə aparılarkən məhkəmə sistemindən yan keçmək mümkün olmayıb. Bu gün ən korrupsiyasız sayılan ölkələrdən biri Sinqapurda ilk atılan addım məhkəmə islahatları oldu, sonra korrupsiya ilə mübarizə kəskinləşdi və cəza mexanizmi yaradıldı. Azərbaycan məhkəmələri ilə bağlı gələn xəbərləri izləyin və susan icra başçısı ilə, nazir müavini ilə əlaqəni görəcəksiniz. Bu adamlar həbsə düşməzdən əvvəl məhkəmələrin durumunu bilirlər. Bilirlər ki, büdcədən 10 milyon oğurlayıb altlarına yığacaqlar. Ələ keçərlərsə, 5 milyonunu xərcləyib 3 ildən sonra Azərbaycan məhkəməsindəki hakimlərin əli ilə azadlığa çıxacaqlar. Bu gün Azərbaycanda korrupsiya ilə mübarizədə vəziyyət ürəkaçan deyil. Hətta tender qanunvericiliyinin özünün tələbləri zaman-zaman pozulur. Həmin qanunvericilikdə ən vacib müddəalardan biri şirkətlərin təcrübəsi məsələsidir. Onların müəyyən təcrübəsi olmalıdır, amma biz görürük ki, 2-3 həftə əvvəl yaradılmış, nizamnamə kapitalı cəmi 10 manat olan, eyni ünvanda bir neçə adla qeydiyyatdan keçən şirkətlər dövlət satınalmalarında iştirak edib “qalib” olurlar. Bunu bu gün məhkəmədə susan sabiq icra başçısı da görür, hakim də, prokuror da. Ona görə də oğurladıqca oğurlayırlar, taladıqca, daha da iştahlanırlar. Tutulandan sonra da “içəri”də də rahat, komfortlu həyat sürüb taladıqları ölkədə firavan yaşayırlar. Bu halda niyə də büdcə oğurlamasınlar, korrupsiya, rüşvətlə məşğul olmasınlar?"
 
Hüquqşünas deyir ki, bu gün Hesablama Palatasının hesabatlarında büdcə vəsaitlərinin qeyri-şəffaf xərclənməsi ilə bağlı göstərilən faktlar bəzən cinayət işlərinin başlanmasına səbəb olmur: “Axı necə ola bilər ki, Hesablama Palatası yeyintini üzə çıxarsın və cinayət işi başlanmasın? İcra başçısı da oturub kabinetində, baxır ki, rayona 10 milyon ayrıldı, haradansa bir 3 günlük şirkət peyda olub 2 milyonu aldı. Başqa bir 10 günlük şirkət 5 milyonu apardı. Düşünür ki, maksimum 5 il başçı olacağam, elə mən də bu pullardan 1 milyon çırpışdırım, vətəndaşdan torpaq üçün 15 min alım, şəhid anasını qapıdan qovum, əlilin haqqını yeyim, rayonda sosial vəziyyəti ağır olan vətəndaşlar üçün yaradılan iş yerlərinə görə maaşları ələ keçirim. Axırda da gedim məhkəmədə susum, hakim istəyir ömürlük oxusun, onsuz da sonda məsələ pulla həll ediləcək. Yəni pulunu verib azadlığa çıxacaq. Odur ki, antiterror əməliyyatlarına əhəmiyyət verilmir. Bu gün həbsdə olan başçılara olmayanlar həsəd aparırlar. Tez-bir zamanda həbs edilərək istintaq-məhkəmə mərhələsini keçib oğurladıqlarından özlərinə qalan hissə ilə gələcəklərini qurmağı arzulayırlar. Çox təəssüf ki, bugünkü Azərbaycan reallığı belədir. Susqun başçıların, nazir müavininin haradasa 2025-ci ildə avazları dünyanın ən yaxşı kurortlarından gələcək”.
 
Hüquqşünas ölkədə korrupsiya və rüşvətin kökünün kəsilməsi üçün tez bir zamanda məhkəmələrdə real islahatların aparılmalı olduğunu deyib.
Tarix: 16-07-2021, 09:22
Xəbəri paylaş



Xəbər lenti