Bu gün, iyulun 13-də Azərbaycan Ali Məhkəməsi hakim Nazim Mövsümovun sədrliyi ilə blogerlər Elçin Həsənzadənin və İbrahim Türksoyun kassasiya şikayətini təmin etməyib, Şəki Apellyasiya Məhkəməsinin diffamasiya ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrumetmə qərarını qüvvədə saxlayıb. Bu gün Elçin Həsənzadə Ali Məhkəmənin qərarına etiraz olaraq saxlanıldığı cəzaçəkmə müəssisəsində aclığa başladığını bildirib. Həsənzadə və Türksoy məhkəməyə gətirilməyib. Məhkəmədə onları vəkillər Zibeydə Sadıqova və Nemət Kərimli müdafiə edib. Vəkillər blogerlərin Avropa İnsan Hüquqları və Azadlıqları Konvensiyasının 10-cu maddəsində zəmanət verilən ifadə azadlığına görə həbs edildiyini qeyd edərək, onlara bəraət verilməsini istəyib. Vəkil Zibeydə Sadıqova deyib ki, jurnalistin araşdırmalarına görə təqibi digər media nümayəndələrinin də fəaliyyətinə mənfi təsir göstərəcək. “Bu qərar ifadə azadlığına qarşıdır və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (fikri ifadə etmək azadlığı) pozuntusudur,” o qeyd edib. Bundan başqa, müdafiə tərəfi Həsənzadənin səhhətindəki problemləri və onun ailəni dolandıran yeganə şəxs olduğunu və nəhayət, onun cəzasının yarısını çəkdiyini nəzərə almağı xahiş edib. Müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək niyyətindədir. Hüquq müdafiəçisi Zəfər Əhmədov hesab edir ki, Ali Məhkəmənin qərarı Azərbaycana qarşı beynəlxalq tənqidlərin artmasına səbəb olacaq. “Təzadlardan biri də Apellyasiya Məhkəməsinin birinci instansiya məhkəməsindən daha sərt qərar qəbul etməsidir,” o qeyd edib. Bu il martın 2-də Şəkil Apellyasiya Məhkəməsi blogerlər Elçin Həsənzadə və İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edib. Xüsusi ittiham qaydasında iddia şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev tərəfindən verilib. O, Həsənzadənin və İbrahim Türksoyun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib. İddiaya sosial şəbəkələrdə məmur haqqında tənqidi nəşrlər səbəb olub. Daha əvvəl Migəçevir məhkəməsi hər iki fəalı bir il islah işlərinə məhkum etmişdi, blogerlər hökmdən şikayət veriblər, amma Apellyasiya Məhkəməsi cəzanı real həbs cəzası ilə əvəz edib. Həsənzadə eyni zamanda hüquq-müdafiə fəaliyyəti ilə məşğul olurdu, keçmişdə isə Sumqayıtda dərc olunan “Yüksəliş naminə” qəzetinin redaktor müavini olub. Amerikanın səsi