Cahangir Əsgərov
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, həbsdə olan iş adamı İlqar İsmayılovun mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. İlqar İsmayılovun vəkilləri bu dəfə məhkəmə iclasında “Premium Bank”dan onun adına ayrılmış krediti bankdan götürüb, elə həmin gün vəsaitləri “İdeal Kompani”nin xəzinəsinə köçürməsini təsdiqləyən qəbzləri təqdim edib.
Bizimyol.info xəbər verir ki, İlqar İsmayılov 2011-2016-cı illərdə şirkətin kassasından 680 min manat vəsait götürüb mənimsəməkdə ittiham olunur. İş adamı isə bu ittihamın saxta olduğunu, o dövrdə bundan xeyli çox vəsaiti şirkətin kassasına məxaric etdiyini bildirir.
İlqar İsmayılov
İş adamının sözlərinə görə, 2011-ci ildə “İdeal”ın 50 faizini AZAL prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevaya satandan bir müddət sonra qarşı tərəf öz bankından şirkətin inkişafı, mağazaların sayının artırılması üçün kredit ayırmağı təklif edib. O dövrdə “SilkWay”, hazırda isə “Premium” adlanan bankın təsisçisi Zərifə Həmzəyevadır.
“Bankdan 5 milyon krediti şirkətin yox, mənim adıma ayırdılar. Sonradan həmin kredit müqaviləsinə mənim xəbərim olmadan dəyişiklik ediblər. Manatla götürülmüş krediti devalvasiyadan sonra dollara çeviriblər. Müqavilədə mənim imzamı saxtalaşdırıblar. Aylıq 250 min dollarlıq ödəniş qrafiki hazırlayıblar. Sonradan bildim ki, əslində, bu kredit müqaviləsilə məni əlverişsiz, özlərindən asılı vəziyyətə salıb, təzyiq yoluyla qalan payımı da onlara verməyə məcbur etmək olub. Halbuki, o kreditin hamısı hissə-hissə bankdan çıxarılıb, şirkətin kassasına köçürülmüşdü, mənə çatmamışdı”, - deyə İlqar İsmayılov bildirib.
İş adamının vəkili Rəşad Əliyev sözügedən kredit məbləğlərinin bankdan çıxarıldığı gün “İdeal”ın xəzinəsinə mədaxil olunduğunu təsdiqləyən qəbzləri məhkəməyə təqdim edərək, onların iş materiallarına əlavə olunması haqda vəsatət qaldırıb. Vəkil vurğulayıb ki, həmin qəbzlərin mənbəyinin şübhəli olmamasına məhkəmədə əminlik yaratmaq üçün onların hər biri notarial qaydada təsdiqlənib.
Vəkilin sözlərinə görə, müvəkkilini 2013-2016-cı illərdə 680 min manat vəsait götürüb mənimsəməkdə ittiham edirlər. Halbuki, həmin dövr ərzində özü şirkətə 3 milyon 772 min manat pul mədaxil edib, qəbzlər də bunu sübut edir.
Hakimlər qəbzləri sübut kimi qəbul edərək, iş materiallarına əlavə etməyə razılaşıb.
2017-ci ildə İlqar İsmayılovdan “İdeal Kompani”dəki qalan payı da alınandan sonra şirkətin idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Ona görə də İlqar İsmayılova qarşı cinayət işində zərərçəkmiş qismində “Adore Company” tanınıb.
Bu şirkətin nümayəndəsi Rüfət Əliyev də məhkəmədə ifadə verib. O bildirib ki, ittiham tərəfinin mövqeyilə razılaşırlar.
Vəkillər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən İlqar İsmayılovun “İdeal Kompani”nin xəzinəsinə mədaxil və məxaric etdiyi vəsaitlərin yoxlanılmasına dair 15 yanvar 2018-ci il tarixli Mütəxəssis Aktının alınması haqda da vəsatət qaldırıblar.
Müdafiəçi Nailə Eldarova bildirib ki, 2017-ci ilin iyulunda da eyni ittihamla İlqar İsmayılov haqqında cinayət işi başlanıb, lakin 2018-ci ilin yanvarında həmin cinayət işinə xitam verilib: “Cinayət işinə xitam verilməsi barədə 23 yanvar 2018-ci il tarixli qərardan görünür ki, “İdeal Kompani”nin 2011-2016-cı illərdəki fəaliyyəti, İlqar İsmayılovun şirkətin xəzinəsinə köçürdüyü və oradan çıxardığı vəsaitlərin araşdırılması üçün Mütəxəssis yoxlaması təyin edilib. Bu yoxlamanın nəticəsinə dair 15 yanvar 2018-ci il tarixli akt var. Aktda yazılıb ki, İlqar İsmayılovun mədaxil və məxaric etdiyi məbləğlər arasındakı fərq müsbət olub. Yəni İlqar İsmayılovun adına şirkətin kassasından artıq pul çıxarılması aşkar edilməyib. Məhz bu yoxlama aktı əsasında da cinayət işinə xitam verilib. Eyni audit şirkəti, eynilə həmin dövr üzrə budəfəki cinayət işində də yoxlama aparıb. Amma bu dəfə rəy verib ki, fərq mənfidir. İlqar İsmayılova da indi o rəy əsasında ittiham verilib”.
Hakimlər bu vəsatəti təmin etməyərək, baxılmamış saxlanmasına qərar verib.
Məhkəmə prosesi iyulun 12-də davam edəcək.
İlqar İsmayılova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.
İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir. O, həbsindən bir neçə gün əvvəl Facebook hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi “İdeal Kompani”nin direktoru təyin etmək məcburiyyətində qalıb.
İlqar İsmayılovun dövlət orqanlarına şikayət məktublarında və mediaya müsahibələrində bu haqda yazdığı, dediyi fikirlərə görə Zərifə Həmzəyevanın hüquqşünası və nümayəndəsi tərəfindən xüsusi ittiham qaydasında da məhkəməyə verilmişdi. Onun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılması tələb olunurdu. Lakin Nəsimi rayon Məhkəməsində bu ittiham əsassız hesab edilib və İlqar ismayılova bu məsələdə bəraət verilib.
Tarix: 9-07-2021, 16:19