Tanınmış həkim-infeksionist Vasif Əliyev sosial şəbəkə hesabında ölkənin səhiyyə qurumlarını diqqətsizlikdə ittiham edib.“Qafqazinfo” xəbər verir ki, 1 ildən çoxdur davam edən pandemiya şəraitində COVID-lə mübarizənin ön cəbhəsində olduğunu deyən həkim bildirib ki, bu zaman içində əməyinə nəinki maddi qarşılıq, quru təşəkkür belə almayıb:
“Pandemiya başlayan dövrdən etibarən bu müharibənin ən ön cəbhəsində savaşmışam. İlk günlərdə infeksion işçi qrupunun üzvləri və TƏBİB sədri ilə birlikdə gecə-gündüz çalışaraq Protokol tərtib etmişik. Protokolda virusla mübarizə üçün yol xəritəsini ölkəmizə uyğun şəkildə yazmışıq. İlk brifinqlərdə çıxış edib ictimaiyyətin suallarını cavanlandırmışıq. Xalqın maarifləndirilməsi üçün elə vaxtlar olub gündə 3-4 dəfə vaxt tapıb televiziya və radiolarda çıxış etmişik və hal-hazırda da davam edirik. Sosial şəbəkələrdə bəzi cahil insanların əsassız komentlərinə baxmayaraq, doğru bildiyimiz işi yarıda buraxmadıq. Yadımdadır, 2020-ci ilin mart ayında ilk dəfə Yeni Klinika açılan zaman sadəcə boş otaqlardan ibarət xəstəxana var idi. Nə bir həkim heyəti, nə də oturuşmuş bir sistem yox idi. O zaman COVID-lə mübarizə təcrübəsi də yox idi. Çox həkim təmasdan qaçmaq üçün heç işə belə getmirdi. Çünki hər kəs risk altında idi, qorxu vardı. Belə bir zamanda o xəstəxanaya həkim kollektivi cəlb etmək və onları təlimatlandırmaq lazım idi. Bacarmadıqmı? Bacardıq. Xüsusən yeni bitirən, rezidentura təhsilini davam etdirən cavan, təcrübəsiz, ancaq enerji dolu həkimlərin hesabına bunu etdik”.
V. Əliyev minlərlə insanın bu kollektivin hesabına xəstəlikdən qurtulduğunu yazıb. Qeyd edib ki, COVID-in ilk dalğasında Yeni Klinika ilə yanaşı Tədris Terapevtik klinikaya da öz dəstəyini göstərib, orda işləyən həkimlərlə bilavasitə təmas quraraq ağır xəstələrin idarə edilməsində təcrübələrimi paylaşıb:“İlk modul tipli xəstəxananın açılışında Prezidentin qarşısında çıxış etmək mənə həvalə olunmuşdu. Bu işi də layiqincə yerinə yetirdik. O zamanlar xəstəliyi müalicə etmək haqda təcrübələr çox az idi. Düz 1 il əvvəl respublikanın Əməkdar artisti Bəhram Bağırzadə terapevtik klinikada ağırlaşdığına görə Gömrük Hospitalına köçürdülər. Azərbaycanda ilk dəfə COVID xəstəsi “ECMO” cihazına qoşuldu. O zaman TƏBİB-dən xəstənin infeksion kontroluna mənim nəzarət etməyimi istədilər. Bu qədər işin içərisində onu da öhdəmizə götürdük. Təcrübə azlığı və ciddi məsuliyyət altında ilk dəfə “Actemra” və “İVİG” müalicəsini tətbiq etdik. Heç kimin inanmadığını xəstəxana kollektivi ilə birlikdə reallaşdırdıq. Daha sonra kolleqamız, dostumuz Cavid Paşayev də ölümün pəncəsindən qurtuldu. İndi xəstə müalicə etmək çox asandır. Hamı COVID müalicə edir, məlumatlar daha çoxdur, antiviral preparat – “Remdesivir” var. O zaman bu dərmanlar yox idi. “Remdesivir” və “Actemra” ölkəyə gətirildikdən sonra Bakıda və regionlarda bu dərmanı heç eşitməyib, istifadə qaydalarını bilməyən həkimlərə nəzarəti kim etdi bəs? Bəli mən etdim. Hər gün onlarla ambulator xəstə müayinəsi ilə yanaşı dərman təsdiqi üçün gələn zənglərə da cavab verməli, uyğun xəstə olub olmadığını bu qədər işin içində analiz edib qərar verməli idim”.
Statusda həmçinin qeyd olunub ki, 44 günlük müharibə dövründə COVID xəstələri ilə yanaşı, ön cəbhədə yaralı əsgərlərimizə tibbi yardım göstərən həkimlərimizə onlayn şəkildə infeksion tərəfdən dəstək göstərilib. Pandemiya ilə mübarizə çərçivəsində COVID-in stasionarda müalicə prinsiplərini “Zoom” vasitəsilə paytaxtda və regionlarda COVID-lə işləyən həkimlərlə bölüşülüb. Onlara ən son yeniliklər çatdırılıb. V. Əliyev qeyd edib ki, lakin bütün bunlara baxmayaraq, 1 ildən çox bu qədər işi görən bir həkim kimi Azərbaycanda bütün səhiyyə qurumlarının diqqətindən kənar qalıb:
“Bu zaman ərzində quru bir təşəkkür belə almamaq. Nə TƏBİB, nə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, nə də Səhiyyə Nazirliyi pandemiya dönəmində keçdiyimiz tibb bayramlarında bütün bu görülən işlərə baxmayaraq 1 dəfə də olsun təşəkkür belə etmədi. Mənim kimi çox həkimlər var. Amma layiq olmadığı halda orden və medal alan həkimlərimiz də az olmadı. Bunun səbəbi çoxdur. Diqqətsizlik, hörmətsizlik, dəyər verməmək və ya iş bilməməzlik. Səbəb nə olursa olsun, nəticə heç bir halda dəyişmir. Nə maddi, nə mənəvi bir qarşılıq gördük. Amma hər bir halda adi bir təşəkkür edərək öz həkimlərinə dəyər verməklə onları motivə etmək belə bir zamanda çox önəmli idi. Əslində çox asan görünsə də, bunu bacarmadılar. Başqa nə demək olar ki...”
Tarix: 2-07-2021, 16:45