Xalq artisti Sərxan Sərxanın şəhərli-rayonlu əhalisini müqayisə etməsi qalmaqala səbəb olub.Belə ki, müğənninin Kulis.az-a müsahibəsində rayon camaatının sənətdən anlamadığını deyib:“O vaxt Bakı ilə rayon əhalisinin çox dərin fərqi var idi. Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi nların da təqsiri yoxdur. Çünki bu yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər. Onlar nə bilir, konsert nədir, teatr nədir? Onlar bunu indi-indi öyrənirlər.
Əvvəllər rayondan gələn tələbə beş il oxuyandan sonra şəhər mədəniyyətini qəbul edirdi, olurdu Bakı sakini. İndi Bakıda əsasən rayon əhalisidir. Onların da, yenə deyirəm, təqsiri yoxdur.
Bu, o demək deyil ki, onlar konsertləri sevmirlər. Yox, sadəcə onlara bu tərbiyəni, mədəniyyəti verən olmayıb. Bəlkə də bu, sovet hökumətinin siyasəti idi ki, Bakı əhalisi savadlı olsun, amma rayon əhalisi savadsız qalsın. Gürcülərdə bu fərq yoxdur. Onlarda şəhər əhalisi ilə kənd əhalisi arasında fərq azdır. Amma bizdə çoxdur. İndi öyrənirlər. İndi heç olmasa, şəhər təmizdir, 90-cı illərdə küçələr yaman gündə idi”.
Onun fikirləri istər sosial şəbəkələrdə istərsə də, mediada müzakirələrə səbəb olub. Sənətçini sərt şəkildə tənqid edənlər arasında siyasətçilər, ictimai insanlar, sənət adamaları da olub.
Mövzu ilə bağlı musavat.com-a danışan “Teleqraf” Media Holdinqin rəhbəri Aynur Camal qeyd edib ki, sənətçi sözügedən fikirləri səsləndirməklə səhv edib:“Düşünürəm ki, bu mövzunu müzakirə etmək belə yolverilməzdir. Xüsusən də müzakirəni bir sənətçi başladırsa. Ümumiyyətlə, sənət adamları ziyalı mövqe göstərməlidirlər. Millətin qarşısında çıraq kimi yanmalıdırlar və milləti aydınlatmalıdırlar. Çox təəssüf ki, bizim bəzi sənət adamları, əksər tanınmışlar bu cür kal, bu cür düşüncəsiz, millətin dövlətin əlehinə olan, cəmiyyəti yarıseçkilik yaradan, cəmiyyəti siniflərə bölən biyabrçı açıqlamalar edirlər. Mən bunu təfəkkür problemi ilə bağlayıram. Bəzən bizim sənətçilər sadəcə Allah tərəfindən verilmiş istedada güvənirlər və öz üzərilərində işləmirlər, özlərini yetişdirmirlər. Bu səbəbdən zaman zaman ortaya belə mənasız müzakirələr çıxır. Ümumiyyətcə mən şəhərli, kəndçi söhbətinin müzakirə olunmasının əlehinəyəm. Savadlı, savadsız insanlar haqqında danışmaq olar ki, bu da şəhərə və ya kəndə bağlı bir məsələ deyil. Bu təfəkkür məsələsidir, mədəniyyət məsələsidir. Kim sübut edə bilər ki, kənd insanları konsertdən, teatrdan anlamır? Bilirsiz, hazırda konsertlərin olmaması kənd insanlarının konserti dəyərləndirə bilməməsi deyil. Bütün dünyada bu cür tədbirlər dayandırılıb, qapılar bağlanıb. Həm də informasiya texnolagiyası ilə hər şey insanlar üçün əl çatan olub. Bir çox hallarda biz kinoya getmək yerinə onu internet vasitəsi ilə izləyirik. Təəssüflər olsun ki, teatr tamaşalara bütün dünyada maraq azalıb. Bunun obyektiv və subyektiv səbəbləri çoxdur. Ancaq konsertlərə maraq həmişə var. Pandemiya dövründə Türkiyədən gələn bir müğəninin konsertində necə bir anşlaq olduğunu hamımız gördük. Çox böyük narahatlıq keçirdik ki, ölkədə koronavirusun yayılmağına şərait arada bilər. Ortada kifayər qədər problemlər var, ancaq bu kəndli, şəhərli məsələsi ilə bağlı deyil. İstər elm sahəsində, istər mədəniyyət sahəsində istərsə də, başqa sahələrdə əksər mütəfəkkirlərimiz kənddə doğulublar, kənddə yetişiblər. Azərbaycanı dünyaya tanıdacaq nailiyyətlər əldə ediblər. Onların kənddə böyüməyi onların bu nailiyyətlərinə mane törətməyib. Bu baxımdanda bir daha bu söhbətləri yersiz, mənasız, absurt hesab edirəm. Düşünürəm ki, heç bir sənətçi milləti xalqı müzakirə edəcək cəsarəti özündə tapmamalıdır. Çünki, birinci və ikinci Qarabağ müharibəsində də bizim mərd oğullarımız necə qəhrəmanlıq göstərdiklərinin şahidi olduq. Onlar arasında kifayyət qədər kənd sakini olan vətəndaşlarımız var idi. Ona görə də kənd insanlarının mədəni səviyyələrinion aşağı olması demək sadəcə olara ayıbdır”.
Ağ Partiyanən sədri Tural Abbaslı da Sərxan Sərxanı fikirlərinə görə tənqid edib:“Sərxan Sərxanın yəqin ki, Azərbaycan regionlarından məlumatı yoxdur, ya da, regionları gəzməyib. İstənilən rayonun istənilən ucqar kəndinə getsəniz orda mədəniyyət klubu görə bilərsiniz. Mənim valideyinlərim danışırdılar ki, rayonlara hind filmləri belə gətirilirdi. Bu açıqlama xalqı tanımamaqdan irəli gəlir. Ona elə gəlir ki, sadəcə Bakı mədəniyyət mərkəzidir. Elə deyil, regionlarda kifayət qədər teatrlar, kinoteatrlar, mədəniyyət mərkəzləri, hətta özfəaliyyət dərnəkləri olub. Mənim 1930-cu il təvəllüdlü dayım kənddə özfəaliyyət dərnəyinin aktyoru idi.
Əslində , Azərbaycanın mədəniyyət səviyyəsi kifayət qədər yüksəkdir. Sadəcə son dönəmlərdə texnologiyanın inkişafı ilə əlaqəli olaraq, kinoteatrlara, teatrlara maraq azalıb. İndinin özündə də regionlarda bu sahəyə maraq var, sadəcə yoxdur, deyə getmirlər. Sərxan Sərxanının özü nə vaxt Gədəbəydə və ya başqa bir yerdə konsert verib? Bu xalqı tanımamaqdan irəli gəlir. Mən deməzdim ki, xalqı aşağılamaq üçün deyib, sadəcə xalqı tanımır, bilmir. Hətta bəzi kəndlərdə tibb məntəqəsi yoxdur, ancaq mədəniyyət klubu var və fəaliyyət göstərir. Kəndlərimizdə kitabxanalarımız da var. Qədim yazıçılarımızın kitablarının tirajlarına baxsın. Mən məsləhət görərdim ki, arada Azərbaycanı gəzsin”
Tarix: 29-06-2021, 22:39