Artan xərclər vətəndaşları məhkəmədən uzaqlaşdıracaq
Məhkəməyə bəzi növ müraciətlər üçün rüsumlar 10 dəfəyə qədər artırıla bilər. Milli Məclis bu gün iyunun 25-də bu haqda qanuna dəyişikliyi 1-ci oxunuşdan keçirib. Dəyişiklik təkliflərindən biri budur ki, qiymətləndirilməyən iddialar üzrə məhkəməyə müraciət rüsumu 10 manatdan 100 manata qaldırılsın. Yəni məsələn, kiminsə evi qanunsuz zəbt edilibsə, o öz evini geri almaq üçün məhkəməyə müraciət etmək üçün indi 10 manat rüsum verirsə, dəyişiklik qüvvəyə minəndən sonra 100 manat rüsum verməlidir. Bakı sakini Əhməd Rəhimov deyir ki, hazırda onun Bakı məhkəmələrinin birində iddia ərizəsi var və rüsumların qaldırılması yeni bir iddia ehtiyacı olsa, onunçün çətinlik yaradacaq “Vətəndaş məhkəmədən üz döndərəcək. Mən daha su boğaza çıxanda müraciət edəcəm”. 10 manatdan 100 manata qaldırılan rüsumlar həm də xüsusi icraat qaydasında baxılan işlər üçündür- yəni, iddiası olmayan fakt təsdiqlənməsi üçün müraciətlər. Tutaq ki, ölüm kağızının alınması. Hüquqşünas Səməd Rəhimli deyir ki, üç il əvvəl də vətəndaşın xərci başqa səbəbdən artmışdı. Belə ki, 2018-ci ildə nümayəndəlik institutu ləğv edilmişdi və vəkil orderi almaq üçün vətəndaşın xərci 110 manat da artmışdı. Onun fikrincə, artan xərclər insanları məhkəmələrdən uzaqlaşdıra bilər. Vətəndaşın xeyrinədir? Qiymətləndirilməyən iddialardan başqa qiymətləndirilən iddialar üzrə də rüsumların artırılması təklif olunur. Məsələn, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – iddiaçı 30 manat üstəgəl 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində məhkəməyə ödəniş edilir. Layihədə 1 milyon manata qədər iddialar üzrə rüsumlar müəyyənləşib. Hüquqşünas Səməd Rəhimli deyir ki, qiymətləndirilən iddiaları adətən banklar vətəndaşlara qarşı edir və çox vaxt da uduzan tərəf vətəndaş olur deyə, rüsumu da vətəndaş ödəyir və bu da ona böyük yükdür. Bu dəyişikliklər “Dövlət rüsumu haqqında” qanuna təklif edilir. Dəyişikliklər iyulun 1-də yenidən müzakirəyə çıxarılacaq. Milli Məclisin saytındakı məlumata görə layihəyə dəyişikliklər təklifi prezidentdən daxil olub. Parlamentdə üç öxunuşda qəbul edilsə, prezidentin imzası ilə qüvvəyə minəcək. Azadlıq radiosu