““Azəriqaz”ın üç əməkdaşı zorla reanimasiyaya girib, mənə sənədləri imzalatmağı çalışırdı”Ağsu Regional Qaz İstismar İdarəsinin rəis müavini Elsevər İslamov ötən ilin fevralında vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə işdən uzaqlaşdırılıb. E.İslamov ona qarşı irəli sürülən ittihamlara görə “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib.
Elsevər İslamov Meydan TV-yə bildirib ki, ötən ilin fevralın 25-də birliyin baş direktorunun satış və istismar üzrə müavini Cahid Hüseynovun otağına çağrılıb. Otaqda hüquq departamentinin rəisi Vüqar Eyvazovla Cahid Hüseynov ona hədə-qorxu gələrək ərizə yazmağa məcbur ediblər.
Mənbə: Meydan TV
“Otaqda 4 kamera var idi. Həmin kameralara baxmaqla mənə edilən psixoloji təzyiqin şahidi ola bilərlər. Dedilər ki, guya kimdənsə rüşvət tələb etmişəm. Təklif etdim ki, buna görə prokrorluq orqanlarına müraciət etsinlər. Əgər bir günahım varsa, onlar məni qanunla cəzalandırsınlar. Dedilər ki, məni həbs etdirəcəklər, başıma oyun açacaqlar. Sözün açığı, onların hədə-qorxusundan qorxdum. Qapıdan çıxmaq istəyəndə Cahid Hüseynov qapını bağlayaraq kobud ifadələr işlətdi. Dedi ki, ərizə yazmadan məni buraxmayacaqlar. “Azəriqaz”da müxtəlif vəzifələrdə işləmişəm, indiyə kimi bu cür təhqir edilməmişəm”,- şikayətçi bildirib.
Onun sözlərinə görə, Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi ilə mübahisələri olub. Buna görə də başına gətirilənlərin məhz bu səbəbdən olduğunu güman edir:
Mənbə: Meydan TV
“Kürdəmir rayonu üzrə müavin işləmişəm, birliyin rəhbərliyi məni tanıyır. Dəfələrlə nöqsanları ortaya çıxararaq birbaşa rəhbərliyə məruzə etmişəm. Dedilər ki, günahsız olduğum sübut edilsə, ərizəni geri götürə bilərsən”.
Şikayətçi qeyd edib ki, otaqdan çıxandan sonra halı pisləşib və onu birbaşa Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər:
“Ürəyimdə problemlər var və uzun müddətdir müalicə olunuram. 4 saat sonra ayılmışam. Həmin vaxt reanimasiya otağının qarşısında səs-küy var idi. “Azəriqaz”ın üç əməkdaşı zorla reanimasiyaya girib, mənə sənədləri imzalatmağı çalışırdı. Hətta həkimin iradlarına məhəl qoymadılar. Ancaq məhkəmədə bunu dandılar”.
Mənbə: Meydan TV
Şikayətçi deyib ki, əmrin ləğvi, işə bərpa və əməkhaqqının hesablanmasına dair Xətai Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib, “Azəriqaz”ın şikayəti ilə işə Apelyasiya Məhkəməsində baxılıb və əvvəlki qərar qüvvədə saxlanılıb. Sonra qarşı tərəf Ali Məhkəməyə şikayət edilib, iş yenidən Apelyasiya Məhkəməsinə göndərilib:
“Rüşvət ittihamı ilə bağlı prokurorluğa müraciət edilib və iddia təsdiqlənməyib. “ Azəriqaz” tərəfindən yerli mətbuatda haqqımda sübuta yetirilməmiş məlumat verildiyindən şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi tələbi ilə məhkəməyə müraciət etmişəm və iddiam təmin edilib. Amma “Azəriqaz” təkzib vermək yerinə haqqımda yazdırdığı yazıları sildirməyə çalışıb. Aylardır hüququmu bərpa edə bilmirəm və bu, səhhətimin daha da pisləşməsinə səbəb olur”.
Mənbə: Meydan TV
“Azəriqaz” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyindədir. Şikayətçi SOCAR rəhbərliyinə müraciət edərək pozulmuş hüququnun bərpa olunması üçün tədbir görülməsini istəyib.
SOCAR-dan məsələdən xəbərsiz olduqlarını deyiblər. “Azəriqaz”dan isə suallara cavab verilməyib.
Mənbə: Meydan TV
Tarix: 22-06-2021, 14:34