Azərbaycanda pandemiya səbəbindən il yarımdır toyların keçirilməsi qadağan edilib. Günlərdir açıq havada, yaxud müəyyən məhdudiyyətlərlə toylara icazə veriləcəyinə dair xəbərlər dolaşır, müzakirələr gedir, təkliflər səsləndirilir. Nazirlər Kabineti yanında operativ qərargah yoluxmaların azalmasını və vaksinasiyanı nəzərə alaraq mayın 25-də bir çox sahələrə qoyulmuş qadağaları götürdü. O cümlədən mollar və iri ticarət mərkəzlərinin, metronun fəaliyyəti bərpa olundu, açıq havada maska taxılması qərarı ləğv edildi. Lakin toyların keçirilməsinə yenə də icazə verilmədi.
Halbuki evlərdə, kafe və restoranlarda, hətta şadlıq saraylarında gizli şəkildə toyların keçirildiyinə dair az qala hər gün sosial şəbəkələrdə məlumatlara rast gəlirik. Bəzi məlumatlara görə, “xəlvəti toy” praktikası kifayət qədər geniş yayılıb və toy sahibləri yerlərdə məmurlarla “dil taparaq” və sanballı məbləğlərdə haqq ödəyərək məclislərini keçirə bilirlər.
Toylara rəsmən nə vaxt və hansı formada icazə veriləcəyi isə hələ məlum deyil. Ola bilsin məsələ Operativ Qərargahın növbəti yumşalma qərarında öz əksini tapa bilər. Hələlik isə il yarımdır bağlı qalan şadlıq saraylarında müəyyən canlanma hiss olunur, bir çox şadlıq sarayları müştərilərdən “hər ehtimala” sifarişlər də götürürlər.
Virtualaz.org -un əməkdaşları bir neçə şadlıq evinə baş çəkib, vəziyyətlə tanış olublar. Şadlıq evlərindən bildiriblər ki, sifarişlər qəbul edirlər, amma Operativ Qərərgah qərar verilmədən əvvəl hazırlıqlara başlamaq istəmirlər. Əksər şadlıq sarayları jurnalitlərə məlumat verməkdə də maraqlı görünmür. Bunu “əhalinin vəziyyəti yanlış anlaması“ ilə əlaqələndirirlər.
Müştəri kimi müraciət etdiyimiz “Nazlı” şadlıq sarayından öyrənirik ki, açıq havada toy mərasimlərinin keçirilməsi təkliflərindən sonra son beş-on gün ərzində yüzdən çox müraciət daxil olub.
“Açıq havada toy təşkil etməyə şəraitimiz var. Amma hava şəraitinin necə olacağını bilmək olmaz. Çünki, Bakı küləkli şəhərdir. Yaxın bir neçə günə toyların keçiriləcəyi ilə bağlı qərar veriləcəyini gözləyirik” – şadlıq sarayının Yalçın adlı əməkdaşı deyir.
Əməkdaş əlavə edir ki, əhali payızda yenidən qapanma ola biləcəyindən ehtiyatlanır, ona görə də hamı toyunu Məhərrəmlik ayından öncəyə salmağa çalışır. Sifarişlər qəbul olunur, bununla belə hələlik heç kimə menyunun məbləği açıqlanmayıb. Məbləğ şərtlərə uyğun dəyişə bilər: “Payıza qədər həftəsonları bütün yerlər dolub. Toyların keçirilməsinə icazə veriləndən sonra ilk növbədə ötən ildən yer sifariş edənlərə müraciət edəcəyik. Çünki, bəziləri sadə mərasimlə evlənib, bəziləri isə hələ də övladına təmtəraqlı toy etmək üçün gözləyir”.
“Qızıl Qaya” şadlıq sarayında səssizlik hökm sürür. Sarayın əməkdaşı deyir ki, payıza qədər həftənin son üç günü yerlər artıq rezerv olunub: “Hələlik operativ qərərgahın qərarını gözləyirik. Bu səbəbdən də qiymətlər və menyu ilə bağlı qərar verilməyib. Toyların keçirilməsinə icazə verilsin, o zaman hazırlıq görəcəyik, qiymətləri açıqlayacağıq”.
“Xəmsə” şadlıq sarayının bizi qarşılayan əməkdaşı isə deyib ki, onlar da qərar gözləyirlər. Çünki qeyri-müəyyənlik var, şərtlərin necə olacağını bilmirlər. Buna görə də zəng vurub yer istəyənlərə menyu ilə bağlı konkret məbləğ söyləmirlər: “İndidən yerlər tutulub. Amma bəlkə qiymətlə bağlı razılaşmayanlar oldu, yerlər boşaldı. Hamıya deyirik ki, gözləsinlər”.
“Su səsi” restoranında açıq havada qonaqlıq, ad günü mərasimləri keçirilir. Lakin toylara icazə verilmir. Baxmayaraq ki, məclislərdə bir bəy-gəlin çatışmır. Restoranla eyni adlı şadlıq sarayının işçisi isə deyir ki, toylara rəsmən icazə verilmədən yer sifariş etmək əbəsdir.
“Çoxdaki zəng vurub yer sifariş edirlər, bu hələ həmin şəxslərin toy edəcəyi anlamına gəlmir. Yəni qiymət şərtlərdən asılıdı, bəlkə heç qiymətlə razılaşıb toy etmək istəyənlər çox olmayacaq? Yuxarıda min nəfərlik zalımız var. Bilmirik ki, şərtlər necə olacaq. Bəlkə 50-100 nəfərlə toylara icazə verildi. Onda menyunun qiymətini bir nəfərlik stul üçün 100 manatdan aşağı eləmək sərf etməz. 100 manata isə hər adam razılaşmaz”,-bizi qapıdan içəri buraxmaq istəməyən əməkdaşlardan biri belə deyib.
Qeyd edək ki, Operativ Qərargahın qərarı ilə iyunun 10-dan iri ticarət mərkəzləri fəaliyyətə başlayıb. Toy edənlərin qızıl-zinət əşyaları, bər-bəzək aldıqları ənənəvi yerlərdən olan “Laçın” ticarət mərkəzindən bildiriblər ki, dünəndən işləyirlər və toy-nişan məsarimləri üçün artıq alver edənlər var.
“Səhər tezdən nişan üçün xonçalar kirayə götürənlər olub. Çoxları restoranda nişan, toy edir. Qız gəlinlik geymir, müğənni çağırmırlar, kaset qoyub oynayırlar”,- mağazalardan birinin Aygün adlı satıcısı izah edir. Əlavə edir ki, onun özü ötən həftə dəniz kənarındakı obyektlərin birində nikah mərasiminə qatılıb. Açıq havada qonaqlıq olduğundan heç kim maneəçilik törətməyib.
Satıcının sözlərinə görə, bir ilə yaxındır onlayn fəaliyyət göstəriblər, nişan, toy, xonça üçün sifarişləri olub. Amma ticarət mərkəzinin kirayə toy paltarları bölümü bağlı olub. Satıcılar deyiblər ki, səhər tezdən bir neçə mağazanı açan olub, lakin müştəri olmadan bağlayıb gediblər...
Tarix: 14-06-2021, 08:51