Xaricdən yayınlanan bəzi internet TV-lər indi də Suriyada radikal terror təşkilatlarına qoşulan və geri döndükdən sonra həbs olunan bir qrup Azərbaycan vətəndaşlarının analarının keçirdiyi etiraz aksiyasının təbliğatını aparırlar.
2013-cü ildə barələrində 13 il azadlıqdan məhrumetmə məhkəmə hökmü çıxarılan bir qrup şəxsin anaları övladlarının azadlığa buraxılmasını istəyir. Söhbət o şəxslərdən gedir ki, terrorçuluğa görə ittiham ediliblər. Hətta onların aksiya keçirən anaları belə, övladlarının Suriyayaya gedib bir müddət orada qruplaşmalarda iştirak etdiklərini etiraf edirlər. Bununla belə, bir ana kimi övladlarının azadlığa buraxılmasını istəyirlər. Analar Suriyaya gedib İŞİD və digər radikal qruplaşmalara qoşulmuş oğlanları haqqında elə danışırlar ki, sanki mələklər haqqında danışırlar. Onları qınamaq da olmur. Hər bir ana övladını mələk sanır və onun həbsdə olmasını istəməz. Biz həmin anaları da anlayır və çəkdikləri yükə sayğı ilə yanaşırıq.
Amma burada diqqəti cəlb edən məqam xaricdən yayınlanan internet TV-lərin bu məsələni də Azərbaycan hakimiyyətini, Azərbaycanı nüfuzdan salmaq istiqamətində apardıqları təbliğatın aləti etmələridir. Sanki xaricdən hansısa mərkəzdən komanda verilib. Məqsəd Azərbaycanı gözdən salmaq, ermənilər qarşısında Azərbaycanı zəif düşürməkdir. Bir komanda verilmiş kimi xaricdən yayınlanan TV-lər bütün istiqamətlər üzrə məsələləri süni şəkildə qabartmağa çalışırlar. Məsələn xeyli vaxtdır yalançı bir təbliğat aparılaraq 44 günlük Vətən müharibəsində döyüşən, Şuşanı azad eləyən generalları hədəfə çeviriblər, onların haqqında gözdənsalma kampaniyası aparırlar. Azad edilmiş ərazilərdə düşmənin basdırdığı mina partlayır, insanlar həlak olur, həmin bu TV-lər erməniləri yox, Azərbaycan hakimiyyətini günahkar elan edirlər. Radikal gənclər Suriyaya gedib, dünyada terror qruplaşması olaraq tanınan təşkilatlara - İŞİD-a, ən-Nusraya qoşulub, cinayət törədirlər, baş kəsib, qan tökürlər, döyüşürlər və geri qayıdırlar. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda dabu cür terrorçu gənclər həbs olunurlar yenə də xaricdən qidalanan TV-lər cinayətkarı deyil, Azərbaycan hakimiyyətini hədəfə alırlar.
Terror təşkilatlarında müddətindən asılı olmayaraq iştirak etmiş, oraya üzv olmuş adamlar təkcə Azərbaycanda həbs olunmurlar, dünyanın bütün ölkələrində bu cür insanlar dərhal həbsə alınırlar. Səbəb isə aydındır-bu adamlar terror təşkilatlarında iştirak ediblər və konkret cinayət əməli törədiblər. Eyni zamanda, döndükləri ölkədə də dinc durmayacaqları bəllidir. Onların başlarə radikal, qana, ölümə bulaşmış ideologiya ilə doldurulub və həmin şəxslər təcrid olunmasa, günahsız insanlar öləcək, daha çox analar ağlayacaq.
Yuxarıda qeyd etdiyimiz kimi, təbii ki, analar öz övladlarını mələk kimi görürlər. Amma onlara analarının gözü ilə baxmaq lazımdır, yoxsa potensial təhlükə kimi? Suriyada döyüşmüş və geri qayıdandan sonra həbs olunmuş insanlara nə zaçqn və hansı dərəcədə humanist yanaşma olmalıdır?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, qanun hər şeydən üstündür, məsələyə qanunun gözü ilə baxılmalıdır: “Anaları başa düşürəm. Amma bu cür məsələlərə anaların gözü ilə baxmaq düzgün olmaz. İstəyin reallaşması üçün mütləq qanun "hə" deməlidir. İndiki anda qanun bu cür tələblərə "yox" deyir. Ona görə də əziz analara səbrli olmalarını tövsiyə edərdim. Küçəyə çıxıb hansısa xaricdəki qüvvələrin əlinə bəhanə vermək əvəzinə cənab Prezidentə rəsmi məktub imzalamaqla övladlarının gələcəkdə əfv edilməsini istəsələr daha düzgün olardı. Biz hüquq müdafiəçiləri də ola bilsin ki, bir müddət sonra həmin gənclərin cəzalarının bir hissəsini çəkdiklərini əsas götürərək onların əfv olunması üçün cənab Prezidentə müraciət də eləyə bilərik. Amma bu məsələ hay-küylə, tələblə, zorakılıqla ola bilməz. Qanun hər şeydən üstün olmalıdır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qanunsuz silahlı birləşmələrdə iştiraka görə məsuliyyət yaradan hal müəyyən olunub və buna görə konkret sanksiyalar var. Həbsli sanksiyalardan söhbət gedir. Ölkənin xaricində qanunsuz silahlı birləşmələrdə iştirak etmək istər bir ay, istər hansı müddətə olsun, fərq etməz, bu cinayət məsuliyyəti yaradır. Bizim bəzi vətəndaşlarımızın gedib xarici ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etməsi başa düşülən deyil. İkincisi, beynəlxalq hüquq normaları tələb edirdi ki, bu cür birləşmələrdə iştirak edən və ona dəstək verən şəxslər həbs olunsun. Bu bizdə də belədir, Amerikada da, Fransada da, Belçikada da və sair. Azərbaycan hüquq mühafizə orqanlarının və məhkəmənin gəldiyi qərar tam qanunvericiliyə uyğundur”.
Çingiz Qənizadə hesab edir ki, bu cür məsələlərin məhz indi ortaya atılması və onun üzərindən təbliğat kampaniyası qurulması bir anti-Azərbaycan kampaniyasının tərkib hissəsidir: “Diqqət edirsinizsə, Kəlbəcərdə minaya düşən vətəndaşlarımızın həlak olmasının məsuliyyətini ermənilərin yox, Azərbaycan Prezidentinin üzərinə qoymaq cəhdləri edilir. Özü də bunu tanınmış partiyanın rəhbəri yazır və həmin xaricdən yayınlanan Tv-lər də bunu tirajlayır. Azad olunan ərazilərin ölkə hakimiyyəti tərəfindən özəlləşdirildiyi kimi çirkin kampaniya da məhz indi aparılır. Bütün bunlar da təsadüfi deyil. Anaların keçirdiyi aksiyanın o şəkildə təqdim olunması da təsadüfi deyil. Xaricdə yaşayan bir sıra sosial şəbəkə iştirakçılarının da bu məsələləri qızışdırması bir mərkəzdən idarəolunma təəsüratı yaradır. Məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, həmçinin Azərbaycanı nüfuzdan salmaqdır. Mən bu kampaniyaya tanınmış siyasi liderlərin də qoşulmasına təəssüf edirəm. Bu kampnaiyanın iştirakçıları, həmin tv-lər minaların xəritələrinin verilməməsi və bundan qaynaqlanan ciddi bir problemi Ermənistan hakimiyyətinin üzərinə yönətmək, beynəlxalq miqyasda bu məsələni qoymaq əvəzinə Azərbaycan hakimiyyətini, ölkəmizi nüfuzdan salmaq istiqamətində iş aparırlar. Ölkədə sabitliyin pozulması istiqamətində belə aktiv fəaliyyətə başlamaları təəssüf doğurur. Bunlar xaricdən vahid bir mərkəzdən idarə olunur”. (musavat.com)
Qeyd: Mahiyyəti anlamaq üçün bu linkə baxmanız yetərlidir: https://www.facebook.com/watch/live/?extid=NS-UNK-UNK-UNK-IOS_GK0T-GK1C&v=150314707092037&ref=watch_permalink
Demokrat.az