Harada “alınan mallar geri qaytarılmır” elanına rast gəlsəniz...


Harada “alınan mallar geri qaytarılmır” elanına rast gəlsəniz...
Hüquqları pozulan istehlakçı ona dəymiş ziyanı ödətdirə bilər, həm də əlavə xərcsiz
 
Ölkəmizdə istehlakçı hüquqlarının pozulması ilə bağlı şikayətlər tez-tez gündəmə gəlir. Məsələn, “alınan mallar geri qaytarılmır” misalı. Bu kimi problemlə üzləşən vətəndaş – istehlakçı nə etməlidir? Onun hüquqlarını kim və necə qorumalıdır?
 
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov AYNA-ya dediyinə görə, istehlakçların hüquqlarının pozulması ilə bağlı problemə tez-tez rast gəlinir: “Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə bütün məsələlər qanunvericiliklə, ictimai münasibətlər həmin sahədə qəbul edilmiş normativ aktlarla tənizmlənir. İstehlakçıların hüquqları ilə bağlı məsələ ona görə aktualdır ki, hər bir vətəndaş cinayət hüquqi sahəsində hər hansı bir hadisə ilə rastlaşması üçün mütləq şəkildə bu və ya digər formada cinayət prosesində iştirak etməlidir və yaxud əmlakla bağlı məsələlərdə əmlakı olmalıdır ki, həmin münasibətlərdə iştirak etsin. Amma istehlakçı elə bir şəxsdir ki, o, vətəndaş olub-olmamasından, cinsindən, irqindən, statusundan asılı olmayaraq istehlakçı kimi bütün ömrü boyu proseslərdə iştirak edir. Əgər biz səhər tezdən evdən çıxırıqsa, axşama qədər istehlakçı kimi bütün proseslərdə iştirak etməyimiz zəruridir.  Ona görə də bu mövzu çox aktual, hər zaman gündəmdə olacaq mövzudur”.

Mütəxəssis Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun qəbul edildiyini xatırladıb: “Bu, spesifik olaraq bu sahəyə aid olan qanundur. İstehlakçıların hüquqları ilə bağlı məsələlər ayrı-ayrı qanunvericilik aktları, normativ hüquqi aktlarla tənzimlənir. İstehlakçıların hüquqları ilə bağlı məsələ konkret olaraq “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunla tənzimlənir. İstehlakçıların hüquqlarının pozulması ilə bağlı məsələlərdə operativliyin qorunması və təmin olunması üçün Azərbaycan Respubikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fəaliyyət göstərir. Məsələn, hər bir şəxs gündəlik olaraq istənilən məsələ ilə bağlı istehlakçı qismində hüquqlarının pozulması ilə qarşılaşırsa, məhkəməyə müraciət etməmişdən əvvəl dərhal sözügedən qurumun “qaynar xətt”inə müraciət edə bilər”.
 
“Özüm dəfələrlə bu cür problemlərlə rastlaşmışam. Hər hansı bir mağazaya daxil olanda, ağ vərəqdə “alınan mallar geri qaytarılmır” tipli bir yazı ilə qarşılaşdığımız vaxtlar olur. Bu xəbərdarlıq qanunvericiliyin tələblərinə tam ziddir. Qanunda alınan malın geri qaytarılmaması ilə bağlı hər hansı bir tələb yoxdur. Təbbi ki, alınan malların geri qaytarılmaması ilə bağlı həmin o malların dairəsi Nazirlər Kabinetinin qərarında əks olunub. Məsələn, gigiyenik məhsullar, bəzi dərman vasitələri, dar çərçivədə müəyyən olunmuş məhsullar var ki, onların geri qaytarılması qanunda nəzərdə tutulmayıb. Yəni onları geri qaytarmaq olmaz. Digər bütün məhsulların geri qaytarılması qanunvericilikdə nəzərdə tutulub. Məsələn, 14 gün ərzində istənilən məhsul geri qaytarıla bilər, o cümlədən də həmin məhsulun alqı-satqı müqaviləsi (yəni istənilən məhsulu istəyirsiniz, onlar da sizə təklif edirlər və siz də onun üçün müəyyən olunan ödənişi edirsiniz) də geri çevrilir. Təbbi ki, burada digər müddətlər də nəzərdə tutulub. Amma maksimum müddət 14 gündür. Burada eyni zamanda, zəmanət müddəti də var. Bunlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində də nəzərdə tutulub”, - deyə həmsöhbətimiz vurğulayıb.
 
Bəşirovun sözlərinə görə, istehlakçıların hüquqlarının pozulması ilə bağlı əsas platforma məhkəmədir: “Əgər istənilən şəxs istehlakçıların hüquqlarının pozulması halı ilə qarşılaşıbsa, ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, bütün məsələlərlə bağlı məhkəmələrə müraciət edilərkən dövlət rüsumu ödənilməlidir. Amma istisna hallardan biri də istehlakçıların hüquqlarının pozulması ilə bağlıdır ki, istehlakçıların hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmiş şəxs rüsumdan azad olunur. Rüsumun nəzərdə tutulmaması, hüquqi dövlət olan Azərbaycan tərəfindən istehlakçıların hüquqlarının pozulması ilə bağlı məsələyə həssas yanaşılması kimi nəzərə alınmalıdır. Digər istənilən bütün məsələlərdə iddiaçı kimi məhkəməyə müraciət edirsinizsə, mövcud olan rüsumu ödəməlisiniz”.
 
Hüquqşünas insanların çox zaman məhkəməyə müraciət etmək istəmədiklərinə də toxunub: “Əgər bizim istehlakçı kimi hüququmuz pozulubsa, bu zaman biz düşünürük ki, məhkəməyə müraciət etmək üçün vaxt gedəcək, vəkil üçün pulu gedəcək. Bu cür yanaşmanı düzgün hesab etmirəm. Məsələn, mənə hər hansı bir məbləğdə zərər vurulubsa, mən məhkəməyə müraciət etdikdə ilk növbədə mən dövlət rüsumundan azad olunuram, daha sonra vəkilə müraciət edib, ona ödədiyim məbləği də həmin məsələdə vurulmuş ziyan kimi qeyd edə bilərəm. Və onunla bağlı da sübut təqdim edərəmsə, gələcəkdə məhkəmə vurulmuş zərərin ödənilməsi bağlı qərar çıxaranda həmin məbləği də nəzərə alacaq”.
 
“Bəs, məhkəmə istehlakçının xeyrinə qərar qəbul etməzsə, o zaman istehlakçıya dəymiş zərərin ödənilməsi ilə bağlı məsələ necə həll olunacaq” sualına ekspert belə cavab verib: “İstehlakçıya dəymiş zərərlə bağlı onun əlində dəlillər olmalıdır. Əgər istehlakçının sübutları varsa, sözsüz ki, onun iddiası təmin olunacaq. Yox, əgər istehlakçı özünə əmin deyilsə, haqsız olaraq iddia irəli sürübsə, təbii ki, onun iddiası təmin olunmayacaq. Orda sübut edilmək üçün çətin bir hal yoxdur. Çünki mən hər hansı bir mağazadan mal almışamsa, nəzərdə tutduğum məhsul mənə təqdim edilməyibsə, bu halda onu sübut etmək o qədər də çətin iş deyil”.
 
Vətəndaş mağazada “alınan mallar geri qaytarılmır” elanı ilə rastlaşdıqda nə etməlidir? Bəşirovun dediyinə görə, belə elanla rastlaşan vətəndaş yazının ordan dərhal çıxarılmasını tələb etməlidir: “Çünki bu, Azərbaycan Respublikasının qanunvericiliyinin maddə və tələblərinə ziddir. Biz mağazaya daxil olduğumuz ilk andan bu, artıq bizim bir istehlakçı kimi hüquqlarımızın pozulmasına işarədir. O, yolverilməz bir haldır. Düzdür, bu kimi hallarla çox nadir vaxtlarda rastlaşırıq. Amma bu hal yenə də mövcuddur. Düşürəm ki, hər bir vətəndaşın borcudur ki, istehlakçı kimi, həm özünün, həm də digər vətəndaşların hüquqlarının pozulmasına rəvac verə bilən bu kimi hallara çox sərt münasibət bildirsin və müvafiq mağazalardan qanunqanunvericiliyin tələblərinə riayət olunmasını tələb etsin. Bizim qanunvericilik bazamız mükəmməldir. Sadəcə həmin qanunvericiliyə nə dərəcdə riayət olunur - bu, artıq növbəti məsələdir. Qanunun icra olunub-olunmaması problemləri bütün cəmiyyətlərdə var. Ona görə də insanlarımız qanunverilciliyə ilk növbədə özləri riayət etməlidirlər ki, qarşı tərəfdən də riayət olunmasını tələb edə bilsinlər”.
Tarix: 8-06-2021, 08:29
Xəbəri paylaş



Xəbər lenti