"Göyçay rayonunda yerləşən “ATF” MMC və 17 saylı Yol İstismar İdarəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi tərəfindən himayə olunduğu, həmin müəssisələr tərəfindən qanun pozuntularına yol verildiyi və vətəndaşım əmək hüquqlarının pozulduğu barədə Göyçay rayon sakini Kərimov Samir Adil oğlunun ünvaladığı müraciəti ilə bildiririk ki, müraciətdə qeyd edilən xüsusatlar əsassız və həqiqətə uyğun deyildir".
Siam.az bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında deyilir.
Açıqlamada daha sonra bildirilir: "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan cəmiyyətlərin, o cümlədən Göyçay rayonunda yerləşən “17 №-li Yol İstismar” MMC-nin fəaliyyəti vaxtaşırı yoxlanılır və fəaliyyətin qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarət edilir.
Müraciətdə adı göstərilən “ATF” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tabe qurum olmadığından həmin cəmiyyətin rəhbərliyinin fəaliyyəti ilə bağlı xüsusatların araşdırılması səlahiyyətlərimizə aid deyildir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin avtomobil yolu təsərrüfatı sahəsində müvafiq infrastrukturun inkişafı ilə bağlı işləri yerinə yetirən qurumdur. Agentliyin bu sahədə fəaliyyətinə, həmçinin aparılan satınalma proseduruna aidiyyəti orqanlar tərəfindən dövlət nəzarəti həyata keçirilir və bu günə qədər bununla bağlı hər hansı bir qanunazidd əməllərə yol verilməsi faktı müəyyən edilməmişdir.
Lakin daxil olmuş müraciətdə yol tikintisi sahəsində hər hansı bir mütəxəssis rəyinə əsaslanmadan avtomobil yollarının çəkilişində, tikinti işlərinin həyata keçirilməsi üçün müəssisələrin müəyyən edilməsində, həmçinin təmir işləri ilə əlaqədar maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsində qanun pozuntusuna yol verildiyi barədə əsassız ittihamlar qeyd edilmişdir.
Bundan başqa qeyd edirik ki, vətəndaş Kərimov Samir Adil oğlu əmək hüquqlarının pozulduğu barədə rəsmi qayda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etməmişdir.
Sözügedən məsələ ilə bağlı Agentliyə müraciət daxil olsaydı, həmin müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müfaqi olaraq baxılaraq, nəticəsi barədə vətəndaşa məlumat verilməklə hüquqları izah olunardı.
Bununla belə nəzərinizə çatdırılır ki, “17 №-li Yol İstismar” MMC-də sürücü işləmiş Kərimov Samir Adil oğlunun barəsində əmək və icra intizamını dəfələrlə pozduğuna, həmçinin üzrsüz səbəbdən işə çıxmadığına görə əmək qanunvericiliyinin tələblərinə uyğun tərtib edilmiş sənədlər əsasında intizam tənbehi tədbirlərinin görüldüyü, lakin vətəndaşın bunlardan nəticə çıxarmayaraq əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozulması hallarını davam etdirdiyinə görə cəmiyyətin müvafiq əmri ilə əmək müqaviləsinə xitam verilmişdir.
Kərimov Samir Adil oğlunun işlədiyi müddətdə əmək məzuniyyətindən tam olaraq istifadə etdiyindən və əməkhaqqısı vaxtlı-vaxtında ödənildiyindən vətəndaş qarşısında “17 №-li Yol İstismar” MMC-nin maliyyə öhdəliyi qalmamışdır".
Tarix: 21-05-2021, 14:35