Cəmiyyətin "qara üzləri..."





190 manata qarpız alıb yerə çırpanlar ki general oğlu deyildi

"Cəmiyyətə meydan oxumağa çalışanlar psixoloji problemi olan insanlardır"

"Marketə daxil olub orada qida məhsullarını əzmək, yararsız hala salmaqda məqsəd nə ola bilər? Bu, düşmən səngəri deyil ki, düşmənin canlı qüvvəsinə zərbə vurasan, texnikasını sıradan çıxarasan və sənə “afərin” desinlər, qəhrəman olasan"


Paytaxt marketlərindən birində qida məhsullarını qəsdən yararsız hala salan şəxslərin kimliyi müəyyənləşib və onlar polis şöbəsinə çağrılıb. Şəxslərlə söhbət zamanı onlar əməllərindən peşman olduqlarını bildiriblər və üzr istəyiblər. Hadisəyə bir qədər geniş nəzər salanda üzərində düşünüləsi məqamlar ortaya çıxır. Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqlarları müəyyənləşib. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib. R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər. 

Məsələnin digər tərəfi isə saxlanılan Rüstəm Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general Novruzəli Orucovun oğlu olmasıdır. Rüstəm Orucov bir neçə il əvvəl avtobus sürücüsünə qarşı xuliqanlıq etmişdi və Binəqədi rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Məhz həmin vaxt general-mayor Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsindən azad edildi. İndi isə bu şəxs növbəti qeyri-etik hərəkəti ilə gündəmə gəldi.

Marketə daxil olub qida məhsullarını əzməkdən bir insan zövq alırsa, buna nə ad vermək olar? Yadınızdadırsa, ötən ilin yayında dövlət tərəfindən əhalinin işsiz qisminə pandemiyada dəymiş ziyanı qarşılamaq məqsədilə 190 manat birdəfəlik yardım ödənilirdi.

O zaman 2 gəncin 190 manata aldıqları qarpızı nümayişkaranə şəkildə yerə çırpıb partlatmalarını əks etdirən video sosial şəbəkələrdə yayıldı. Həmin gənclər də müəyyənləşərək polisə dəvət edildi və onlar da etdikləri hərəkətə görə üzr istədilər, peşman olduqlarını bildirdilər.

Bəzi insanları bu cür əxlaqdan xaric davranışlar sərgiləməyə sövq edən nədir? Normal düşüncəyə sahib birisinin belə hərəkətlər edəcəyi mümkün görünmür.




Psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında ilk növbədə problemə yanaşmada düzgün istiqamətin müəyyənləşdirilməli olduğunu dedi: 

- Cəmiyyətimizin səhvi bundadır ki, hansısa əxlaqsız davranış sərgiləyən, yaxud cinayət törədən şəxsə onun peşəsi və ya kimin oğlu, kimin qohumu olması prizmasından yanaşırıq. Məlumat “marketdə qida məhsullarını əzən generalın oğludur”, şəklində yayılırsa, bu, cəmiyyəti problemin yaranma səbəbini düşünməyə deyil, hadisəni törədənin kimliyinə kökləyir.

O hadisə niyə, hansı səbəbdən yarandı, qalır kənarda, üzə çıxan hadisəni törədənin kimliyi olur. Belə bir yanlış  təəssürat yaranır ki, sanki bu davranış harınlıqdan, varlı ailənin övladı olmaqdan doğub.

Halbuki eyni davranış, kasıb, aztəminatlı, cəmiyyətdə tanınmayan, vəzifə sahibi olmayan biri, yaxud onun övladı tərəfindən də törədilə bilər. Ötən yay 190 manata qarpız alıb yerə çırpanlar ki general oğlu deyildilər.

Cinayəti törədənin hansı peşəyə sahib olması, cinayətkarın kimliyi önəmli olmamalıdır, cənayəti, əxlaqsız hərəkəti törədən səbəb müəyyənləşməlidir. Ali savadlı həkim də cinayət törədir, savadı olmayan fəhlə də. Bilirsiz, nə qədər ki, biz cəmiyyət olaraq problemə düzgün istiqamətdən yanaşmayacağıq, ictimaiyyətə meydan oxuyan, əxlaqa zidd davranışların çox şahidi olacağıq. 

F.Mehmanqızı qeyd etdi ki, hər bir problemdə önəmli olan səbəbdir: 

- Cəmiyyətə meydan oxumağa çalışanlar psixoloji problemi olan insanlardır. Bu insanlar özlərini güclü, “qadir” göstəməyə çalışsalar da, əslində özgüvəni olmayan, özünü həyatda təsdiq edə bilməmiş insanlardır. Bu tip insanların hərəkətlərinə diqqət edin; onlar diqqət cəlb etməyə çalışırlar. Marketə daxil olub orada qida məhsullarını əzmək, yararsız hala salmaqda məqsəd nə ola bilər? Bu, düşmən səngəri deyil ki, düşmənin canlı qüvvəsinə zərbə vurasan, texnikasını sıradan çıxarasan və sənə “afərin” desinlər, qəhrəman olasan. Yəni bu, heç kimə lazım olmayan, gərəksiz bir hərəkətdir. Sadəcə, izlənmək istəyirlər. Nə olur, olsun, yaxşı və ya pis iş, təki izləyənləri olsun.

Deməli, bu insanların psixoloji problemləri var. Bu tip insanlar həyatda öz güclərinə, öz bilik və bacarıqları sayəsində nəyəsə nail olmadıqlarından sadəcə, cəmiyyətdə aktivliklərini qoruyub saxlamağa çalışırlar. Və onu da bu cür diqqət çəkən, izləyici kütləsi gətirən paylaşımlarla edirlər. İzləyənlərin artdığını gördükcə, daha da ürəklənirlər. İnsan böyüdükcə, yaşlandıqca ya kamilləşir, ya da şeytanlaşır. Kamilləşənlərin ardınca onlara uyğun olanlar gedir, şaytanlaşanların ardınca da onlara uyğun olanlar. Bunlar cəmiyyətdəki viruslardır və onların qarşısı alınmalıdır. 

Psixoloq bu məsələdə ailənin, valideynlərin məsuliyyətinin önəmli olduğunu da dedi: 

- Ata-ana övladında hansı xüsusiyyətlərin formalaşdığına daim diqqət etməlidir. Bunun üçün müxtəlif üsullar var. Məsələn, ata, ana müəyyən məbləğdə pulu övladına verib “apar bunu filankəsə ver”, deyib oğlunun hərəkətlərini, davranışlarını izləyə bilər. Pulu aparıb verdimi, yalan söyləmədi ki?! Eynilə başqa üsullarla da övladı sınamaq olar.

Bu, övladın hansı istiqamətdə formalaşdığını az-çox göstərəcək. Övlad xeyirxahdırmı, yardıma ehtiyacı olana əl uzadırmı, xəstəyə qarşı şəfqətlidirmi? İnsan formalaşma yaşına çatanadək valideynlər buna diqqət etsələr, övladlarının gələcəyinin necə olacağını təxmin edərlər.

Səbəb bəzən ailə ilə, bəzən yaxın çevrədəkilərlə, bəzən məktəb, iş yeri ilə bağlı ola bilər. Bütün hallarda hadisənin yaranma səbəbi aydınlaşmalıdır. Belədə oxşar hadisələrin təkrarlanmamasına daha çox ümid etmək olar. 
Tarix: 6-05-2021, 11:09
Xəbəri paylaş



Xəbər lenti