Nəvənin şikəst etdiyi Türkiyə vətəndaşı: "Əli Həsənov bizi aldatdı, o, kişilikdən bixəbərdir" - VİDEO
2017-ci il 3 avqustunda Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobillə törətdiyi qəza aylarla gündəm olmuşdu.
O zaman mətbuatda dərc olunan məlumatlara görə, Nail Allahverdiyev idarə etdiyi avtomobili 240 sürətlə idarə edərək idarəetməni itirib və qəza törədib.
Qəza nəticəsində piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyü ağır xəsarət alıb. Daha sonra maşın binanın fasadına çırpılaraq yanıb.
Ölümlə nəticələnən ağır qəzada piyada Vaqif Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olan Mehdi Əliyev dünyasını dəyişib. Tekiş cütlüyü isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qəzadan 2 gün sonra Nail Allahverdiyev Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddəyə görə isə 6 il azadlıqdan məhrum edilib.
Daha sonra Bakı Apelyasiya Məhkəməsi 2018-ci il avqustun 2-də onun cəza müddətini 6 ildən 5 ilə endirib. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. Bununla da məhkəmə N.Allahverdiyevin üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzasını saxlayıb.
Hadisədən 2 il sonra 2019 –cu il avqust ayında Ali Məhkəmə onun üzərində olan azadlıqdan məhrumetmə cəzasını ləğv edib və 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən dərhal azad edilməsi barədə qərar çıxarıb.
Ali Məhkəmə N.Allahverdiyevə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib.
Xatırladaq ki, hadisə zamanında böyük müzakirələrə səbəb olub, günlərlə gündəmdə qalıb. Bu günlərdə qəza zamanı zərər çəkən, Türkiyə vətəndaşı Mutallib Tekiş Bizim.Media-ya müraciət edərək video-müsahibə verib. O, bildirib ki, hadisədən 4 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Əli Həsənov ona vediyi sözü, öhdəliklərini yerinə yetirmir. Bu səbəblə Nərimanov məhkəməsinə müraciət edən şikayətçi həm özünün, həm də həyat yoldaşı Söngül Tekişin böyük sağlamlıq problemi olduğunu vurğulayıb:
“Əli Həsənov bizi aldatdı, vəd etdiyi sözləri yerinə yetirmədi, hazırda mən 40% həyat yoldaşım isə 80 % şikəst qalmışıq. Yoldaşım 2-3 nəfər köməkçisi olmadan hərəkət edib, öz ehtiyaclarını ödəyə bilmir”.
O, bildirib ki, qəza zamanı ağır yaralandıqdan sonra 3 ay komada qalıb. Buna görə də bütün biznes layihələrini itirib, müflis vəziyyətə düşüb:
“Biz Nail Allahverdiyevin 240 sürətlə idarə etdiyi avtomobilinin altında qaldıq. Mən iş adamıyam Afrika və Azərbaycanda 10 milyon kapitala yaxın mal varidatım vardı. Mən müalicə aldığım müddətdə bütün mal varlığımı itirdim və hazırda müflis vəziyyətindəyəm. Əli Həsənov nəvəsi Nail Allahverdiyevdən şikayətçi olmamağım üçün mənə söz verdi ki, bütün ziyanlarım ödəniləcək. Mən də Naildən müəyyən şərtlər qarşılığında şikayət etmədim”.
Lakin sonrada verilən sözlər yerinə yetirilmir və onurğası sınan həyat yoldaşının müalicəsinin pulu belə ödənilmir.
Muttalip Tekiş bütün bu şikayətlərini toplayaraq, yoldaşı Söngül Tekişin adından 2020-ci ildə Nərimanov Rayon məhkəməsinə müraciət edib. Şikayətçi Söngül Tekiş indiyə qədər və bundan sonra olunacaq müalicəsinin ödənişini və maddi təzminat tələb edir. İlk məhkəmə iclası 18 mayda baş tutacaq.