Ekspert: Toyları belə keçirək: açıq hava, az qonaq... - Video


Bir ildən çoxdur toy məclislərinə icazə verilməməsi sadəcə toy biznesinə deyil, toylara bağlı digər sahələrdə işləyən insanlara da təsir edir. Foto-video çəkiliş, ərzaq məhsullarının restoranlara tədarükü, bəy-gəlinə aid maşın və yaxud geyimlərin icarəsi və s. sahələrdə çalışan insanların əksəriyyəti hazırda işsizdir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli ölkədə toy mərasimlərinin keçirilməsinə icazə verilməməsi barədə danışarkən deyib.
Natiq Cəfərli bildirib ki, toyların 50, hətta 100 nəfərlə keçirilməsi onların rentabelliyinə təsir göstərəcək:
“Toylar az sayda iştirakçı ilə keçirilsə, şadlıq sarayları bir nəfər üçün nəzərdə tutulan xərcləri artırmaq məcburiyyətində qalacaq və bu da vətəndaşlara sərfəli olmayacaq. Ona görə də toyların ilkin mərhələdə açıq havada müxtəlif təhlükəsizlik tədbirlərinin görülməsi, say məhdudiyyəti tətbiq edilməklə keçirilməsinə icazə verilməlidir. Bakı şəhərinin özündə açıq havada toy keçirməyə şəraiti olan yüzlərlə restoran var. Artıq yaz aylarıdır, yay mövsümündə havalar tamamilə istiləşəcək və bu cür toy mərasimlərinin keçirilməsi mümkün olacaq. Açıq havada toyların keçirilməsinə icazə verilərsə, həm toy biznesinə bağlı sahələr inkişaf edər, həm də əhalinin gözləntiləri qarşılanar”.

Tarix: 23-04-2021, 16:05
Xəbəri paylaş



Xəbər lenti