Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin adına İngiltərədə yeni mülklərin alındığına dair məlumatlar, sənədlər yayılıb.“Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb. Bu ilin əvvəlində o, Londonda dəyəri milyonlarla funt-sterlinq olan daha 4 bahalı əmlak müqaviləsi bağlayıb. Müqavilələr Britaniya paytaxtının işgüzar səmtlərindən olan Windmill Street-dəki 37, 38, 39 və 40 saylı binaları əhatə edir. Həmin ünvanlarda hazırda ”THE LYRİC", “OLİVES & MEZE”, “WOK TO WALK” restoranları, “WEST & END” daşınmaz əmlak agentliyi yerləşir. Əbdül Əliyev hələ ötən ilin iyulunda Nottinqem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq (3,3 milyon manat) olan binanı (Long Row küçəsi 50, 51 və 52) satın almışdı. Ötən ilin sentyabrında isə o, Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı, eləcə də Croydon, Thornton Heath, Parchmore Road 84a ünvanında LANCASTER BUSİNESS PARK-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın almışdı"...- deyə məlumatda bildirilir.
Bu məlumata əlavə olaraq onu da qeyd edək ki, Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini olub. Sabiq nazir Səlim Müslümovun həbsi fonunda ondan daha böyük korrupsioner olan Fazil Məmmədovun azadlıqda gəzməsi, sərvətinə sərvət qatması necə və nə ilə izah edilir?Azərbaycan dövlətinin Qarabağı dirçəltmək üçün böyük vəsaitlərə ehtiyacı olduğu bir vaxtda Əbdül Əliyevin Londonda əmlaka milyonlar yatırmasının hesabı sabiq nazir Fazil Məmmədovdan və onun nazir müavini qudasından soruşulacaqmı? Hüquq-mühafizə orqanları uzun illər vergi adı ilə sahibkarları talayan bir sistemin başında durmuş bu şəxsləri məsuliyyətə cəlb edəcəkmi?
Hüquqşünas Əkrəm Həsənov mətbuata açıqlamasında deyib ki, hətta xaricə çıxarılan pullarla bağlı faktlar açıqlanmasa belə, məsələ ölkəmiz üçün aktualdır: “Dünyanın elə bir ölkəsi yoxdur ki, ilkin kapital yığımında çirkli pullar, cinayət üsulları olmasın. Bu, bir növ bəşəri həqiqətdir ki, müəyyən həcmdən artıq var-dövlətin toplanmasının kökündə cinayət durur.
Fazil Məmmədov və onun kimi məmurların mövqeyindən sui-istifadə edərək, dövlət vəsaitləri, korrupsiya hesabına böyük miqdarda pul toplayıblar. Bu yolla ya ölkədə olan, ya da xaricə çıxarılan əmlak leqallaşdırılmır. Əksəriyyət var-dövlətini öz adına rəsmiləşdirmir, biznesinə birbaşa rəhbərlik edə bilmir. Fazil Məmmədovun əmlaklarını yaxınlarının adına dövr etməsi də təəccüblü deyil. Fazil Məmmədovun vergilər naziri postunda olduğu dönəmdə ölkədəki vergi sistemi onun varlanmasına xidmət edirdi. Bu da öz növbəsində iqtisadiyyatda passivlik yaratmışdı. Azərbaycanda toplanan ilkin kapitalın böyük bir qismi xarici ölkələrə aparılıb. Bu ölkələr ilk vaxtlarda kapital sahiblərini şirnikləndirib, külli miqdarda vəsaitlərin öz iqtisadiyyatlarına yatırılmasına nail olublar. İndi isə başlayıblar ki, bu pullar haradandır, mənşəyini açıqlayın və sair.
İndi bu şəxslərin qarşısında iki yol var: ya mənşəyini sübut edə bilmədikləri əmlakların əllərindən alınması ilə razılaşmaq, ya da Azərbaycan dövləti ilə razılığa gələrək, müəyyən hissəsini dövlətə verməklə varidatını ölkəyə gətirmək. Bu zaman Azərbaycan dövləti həmin var-dövlətin mənşəyini təsdiqləyən sənəd verir, sahibləri isə onun bir hissəsini dövlətə verməklə, qalanını gətirib burada müxtəlif sahələrə yatırırlar”.
Əkrəm Həsənov
Hüquqşünasın fikrincə, indiyədək Azərbaycandan çıxarılan pulların həcmi 10 milyardlarla dollarla ölçülə bilər: “Maliyyə amnistiyasına gedilərsə, düşünürəm ki, dövlət bundan 30-40 milyard dollar gəlir əldə edə bilər. Amnistiya belə ola bilər ki, hər kəsə heç bir əlavə sorğu-sual edilmədən, mənşəyini göstərməyi istəmədən vəsaitlərini Azərbaycana gətirməyə icazə verilir. Onlara hər hansı təqibə, izlənməyə məruz qalmayacaqlarına dair təminat verilməlidir. İlk növbədə onların mülkiyyət hüququ tanınmalıdır. Bundan sonra pul sahiblərinin iqtisadiyyatın real sektoruna investisiya etmələri üçün əlverişli şərait formalaşdırılmalıdır”.
Hüquqşünas deyir ki, sabiq nazirlərin oğurladıqlarını geri qaytarmaq üçün seçilən alternativ yollardan biri də onların həbsindən keçir."AzPolitika.info"
Tarix: 20-04-2021, 12:57