Şahbazdan Dilqəmlə bağlı ağır ittihamlar: "Narkomanla internetdə nə söhbət edim"


 
Ötən ilin dekabrında uzunmüddətli əsirlikdən sonra Vətənə qaytarılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin arasında mübahisə yaranıb. Çünki D.Əsgərov və oğlu Kürdoğlu Əsgərov Ş.Quliyev haqqında yeni iddia və ittihamlar səsləndiriblər. K.Əsgərov deyib ki, Ş.Quliyev səhlənkarlıq edib, qaçaraq erməni evinə girib və orada vurularaq düşmən əsgərləri tərəfindən girov götürülüb:
 
“Sonra Ermənistan ordusu Dilqəm Əsgərov və Həsən Həsənovun axtarışına çıxıb. Ş.Quliyev tutulan kimi D.Əsgərovun orada olduğunu ermənilərə bildirib və deyib ki, guya, başçıları atamdır. 11 iyulda atışma zamanı H.Həsənov vurulduqdan sonra 14 iyulda atam tutulub”
 
Bundan əlavə D.Əsgərov da Ş.Quliyevi “Paşinyanın dostu” adlandıraraq Həsən Həsənovun ölümündə onu günahlandırıb. “Sherg.az” da Şahbaz Quliyevin özü ilə əlaqə saxlayıb və onunla həmsöhbət olub.
 
- D.Əsgərov və oğlunun ittihamları haqqında nə deyə bilərsiniz?
 
-Onlar nə danışır anlamıram. Görünür, onun oğlu da Ermənistanda olub. Mənim xəbərim yox imiş. Çünki bunları oğlu danışıb. Amma yalan deyir.
 
- İddia edirlər ki, siz əsir düşdüyünüz zaman düşmənə D.Əsgərovun dəstə başçısı olduğunu söyləmisiniz. Həmçinin H.Həsənov və D.Əsgərovun yerini də demisiniz.
 
-Mənim ağzımdan elə bir söz eşitmisiniz? Onlar məndən 8 gün sonra tutulublar. Gedib hardasa gəziblər. İkisini də görməmişəm. Hara gediblər xəbərim olmayıb. Belə başa düşürəm ki, D.Əsgərovun nəsilində salamat adam yoxdur. Nə gəldi danışırlar. Hələ Dilqəm İlham Əliyevə minnətdar olsun ki, onu sağ salamat Azərbaycana gətirdi. O həyatını Ali Baş Komandana borcludur. Nə əziyyətlə bizi sağ-salamat ölkəyə qaytardı. Dilqəmin başqa nə isə deməyi, etməyi yaraşmaz. İçkili halda danışmağı düzgün deyil. Kürdoğlu da ermənilərin yanında olubsa, buna bir söz deyə bilmərəm. Onlara heç nə demirəm. Anlaya bilmirəm ki, nə istəyirlər. Mən də sonda detalları açıqlayacağam, görək axırı hara gedib çıxacaq.
 
 
 
- Bəs Dilqəm bəyin sizi Paşinyanın dostu adlandırmasından xəbərdarsınızmı?
 
-Eşitməmişəm. Mən xəstəxanadayam. Nə televizora, nə də sosial şəbəbəkələrə baxıram. Belə məsələlərə fikir verəsi deyiləm.
 
Prezidentimiz sağ olsun, müalicələrim davam edir. Xəstəxanadan çıxıb nəfəs almamışam ki, Kürdoğluya, Dilqəmə cavab verim. Bu durum “keçi can hayında, qəssab piy axtarır” məsəlinə bənzəyir. Ayaqlarım yerimir, qoltuğumda da çəlik var. Onlar isə danışırlar. Bir də necə oldu ki, iki nəfər əsir düşüb, birini şil-küt ediblər, digərinə də şokolad yediriblər?! Hər ikisinə də psixiatr lazımdır.
 
- D.Əsgərov sizi Həsən Həsənovun ölümündə günahlandırıb.
 
- O artıq arxı keçib. Bir adam nə isə iş görəndə, günahlarını kiminsə üstünə atır. Göstərmək istəyir ki, özünün nədənsə xəbəri yoxdur. Lakin insanlar bilir kim nədir, nə deyil. Hər şey Dilqəmin yanında olub, elə Həsənin öldürülməsi də. Mən onlardan 8 gün tez tutulmuşam. İkisi də sağ-salamat gediblər. Biri ölüb, biri də salamat gəlib. İndi də nağıl danışır. İstəyirlər ki, insanlara yanlış məlumat versinlər. Gəlsin televiziyada, ya da radioda üzbəüz danışaq. Yanımda desin ki, bu işi o edib. Yoxsa 100 qram araq içib, nə gəldi söyləyir. Məsələn, mən də içkili çıxım, deyim ki bütün İrəvanı dağıtmışam. İnanacaqsınız? Bu da eynilə elədir. Axı niyə internetdə danışır? Qarşı-qarşıya oturaq, 10 nəfər də hökumət adamı olsun. Desin ki, o bu işi görüb. Piyan olub, deyir, Paşinyanın dostudur. Paşinyanın dostu mən niyə oluram ki? Onun qohumu sənsən, nənən Vardanisdəndr. Sən daha yaxınsan. Mən isə 1990-cı ildən erməni ilə müharibə aparıram. Gəncədə 120 nəfər mənlə əsgərlikdə olan adam var. Tərtərdə də həmçinin döyüş yoldaşlarım olub. Hətta bütün Tərtər adından da danışıb. Tərtər qəhrəmanlar diyarıdı, nə qədər şəhid verib.
 
- Siz onunla debata hazırsınızmı?
 
-Bəli. Sözü varsa, gəlsin üzümə desin ki, Şahbaz, sən belə adamsan. Özu də pis idimsə, 30 ildir mənlə dostluq etməzdi. Qaldı ki, narkomanla internetdə nə söhbət edim. Bura gələndə onunla danışdıq, dedim nə səhvimiz varsa, danışıb, qurtaraq. Söylədiyin sözün arxasında durmalısan. Dünənə qədər deyirdi, erməni mənə bir çıtma da vurmayıb. Sonra da qayıdır ki, başıma o qədər vurublar, başım xarab olub. Elədirsə, get həkimə müalicə al, sonra danışaq. Qatır Məmmədin kinosuna baxmısız? Orada deyir, ay it, niyə hürürsən? Söyləyir ki, qorxuduram. Soruşur ki, bəs quyruğun niyə əsir? Cavab verir ki, özüm də qorxuram. Onu demək istəyirəm ki, qıraqda danışmasın. Hələ Dilqəm deyir ki, o mənə ermənilərin yanında şillə vurub. Səni neçə kilometr belimdə daşıyanda yaxşı oldum, iki şilləyə görə pisəm? Bir də ki yaxşı edib vurmuşam. Özüm də deyirəm ki, ona iki şillə vurdum. Əcəb eləmişəm. Dilqəm yaxşı bilir niyə belə etdim. Dilinin üstündə! Deyirdi, guya Şahbazla Həsən hökumət adamıdır, ona görə vurdum. Nə hökumət adamı? Qəbir ziyarətinə getmişdik
 
- Bəs hazırda səhhətiniz necədir?
 
-Qabırğalarımda və ciyərimdə problemlər var. Xəstəxanadayam hər gün biri zəng edir ki, Dilqəm belə dedi. O nə danışır, dost-tanış xəbər verir ki, bu belə söyləyib. Vallah heç özüm baxmıram, müalicə alıram.
Tarix: 16-04-2021, 22:53
Xəbəri paylaş



Xəbər lenti