Jurnalist “çörək növbəsi”ndən yazdı: “Heç kim sabahına əmin deyil”


Son günlər Azərbaycanda insanların ticarət obyektlərində ərzaq növbəsindəki davranış sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələyə çevrilib. Təəssüf doğuran odur ki, hamı milləti, adi insanları tənqid edir. Guya, söhbət başqa millətin, xalqın nümayəndələrindən gedir. Bu, özünütənqid deyil - şair demişkən, hələ indiyədək öz ağlından şikayət edən insan olmayıb: "Biz belə deyilik, biz fərqliyik..."

 

Düzdür, dükanlardakı görüntü xaos və bardakı xatırladır. Amma medalın başqa tərəfi də var axı - 100-200 insan 50 çörək üçün mübarizə aparır. Hətta əlavə çörək gətirilsə də, insanlar cari vəziyyətdə qərar vermək məcburiyyətindədir. Əslində, kimin evində nə var-nə yoxu da bilmirik.

 

Məsələnin izahı sadədir - insanların dövlətə inamı və etibarı itib. Heç kim sabahına əmin deyil. İlk devalvasiya yadınızdadır yəqin ki. Kim itirdi? Bəs ikinci devalvasiyada? Hətta 3-4 "aparıcı" bankımız devalvasiyadan mənfəətlə çıxdı...

 

Razılaşın ki, karantinlə bağlı qərarlar çox gec qəbul olundu və bunun nəticəsi olaraq hökumət sonrakı mərhələlərdə daha sərt addımlar atmalı oldu. Məsələn, qonşularla sərhədlər gec bağlandı və s. Bu da "idxal" virusunu genişləndirdi.

 

Amma biz yenə də xalqı günahlandırırıq. Xalq xalqanın zəif bəndinə çevrilib - onu tənqid etməyə nə var ki, onsuz da cavab verən deyil.

 

Növbələrdəki xaosla bağlı müəyyən tənqidlər haqlıdır - ədəb-ərkan deyilən anlayış da var. Lakin diqqətlə ətrafa baxsaq (başımızı bir qədər üzü yuxarı tutaraq) görərik ki, bu soxasox hər yerdə var. Kim kimədir - imkan tapan dövlətin pulunu çapıb talayır. Bu da onların "çörək" davasıdır, həmişəki kimi ədəb-ərkansız...

 

Vüqar Mustafayev

 

Kanadada yaşayan azərbaycanlı jurnalist



Tarix: 7-06-2020, 22:26
Xəbəri paylaş



Xəbər lenti