
“The Heritage Foundation” Tədqiqat Mərkəzində hesab edirlər ki, Vaşinqton Azərbaycan barəsində öz xarici siyasətini hazırlayarkən bir neçə amili nəzərə almalıdır
Azərbaycan olmadan ABŞ regionda maraqlarını istənilən səviyyədə təmin edə bilməz. Gürcüstanla münasibətlər Qafqazda mövqeləri möhkəmləndirmək üçün kifayət etmir. “Yeni Müsavat” yazır ki, müharibədən sonra regionda yaranmış yeni reallıqları Vaşinqtonda çox yaxşı bilirlər.Məhz bu səbəbdən Ermənistana bu reallıqları anlatmaq, sərhədlərin müəyyənləşməsi, sülh sazişinin tezliklə imzalanması üçün rəsmi Bakıya dəstək sayəsində ABŞ regionda nüfuzunu yüksəldə bilər. Vaşinqtondakı “The Heritage Foundation” Tədqiqat Mərkəzinin xarici siyasət üzrə eksperti Lük Koffin də bu mənada qeyd edir ki, Qarabağ müharibəsindən sonra ABŞ Cənubi Qafqazda iştirakını fəallaşdırmalıdır. O bildirir ki, Azərbaycan özünün beynəlxalq miqyasda tanınmış sərhədlərini bərpa edib və Cənubi Qafqazda iqtisadi lider kimi qalmaqda davam edir. Amerikalı ekspertin fikrincə, Azərbaycanın qələbəsi Cənubi Qafqazda və Xəzər regionunda yeni geosiyasi reallıq yaradıb, odur ki, amerikalı siyasətçilər bu fakta xüsusi diqqət yönəltməlidir.
Sitat: “ABŞ Azərbaycan barəsində öz xarici siyasətini hazırlayarkən bir neçə amili nəzərə almalıdır. Bunlar transatlantik cəmiyyətin enerji təhlükəsizliyinin təmin edilməsi - Azərbaycan bu prosesdə mühüm rol oynayır; böyük dövlətlərin rəqabətinin davam etməsi şəraitində Azərbaycanın geostrateji mövqeyi və Azərbaycanla İsrail arasında çox sıx münasibətlərin olmasıdır. Bundan əlavə, Azərbaycan mühüm diplomatik vasitəçidir. Bakı ABŞ və Rusiyanın dövlət strukturlarının yüksək vəzifəli nümayəndələri arasında əməkdaşlıq və görüşlər üçün dəfələrlə münasib platforma yaradıb. Nəhayət, Azərbaycan Mərkəzi Asiyanın qapısıdır. ABŞ administrasiyası Cənubi Qafqaz regionu barəsində düzgün siyasət qurulması üçün bir neçə addım atmalıdır. Vaşinqton prezidentin Cənubi Qafqaza səfərini planlaşdırmalıdır. İndiyə qədər ABŞ-ın heç bir prezidenti hakimiyyətdə olduğu dövrdə Azərbaycana və ya Ermənistana səfər etməyib. Yalnız oğul Corc Buş 2005-ci ildə Gürcüstana səfər edib. Bu vəziyyəti dəyişmək vaxtıdır. Vaşinqton ABŞ-ın Azərbaycanda daha ciddi iştirakını nümayiş etdirməlidir”.
Ekspert daha sonra qeyd edib ki, ABŞ-ın Gəncədə də diplomatik iştirakının təsis olunması mühümdür: “Avrasiyanın strateji əhəmiyyətli hissəsində yerləşən Gəncə Azərbaycanın ikinci böyük şəhəridir”. Ekspertin bu qeydləri də maraqlıdır: “ABŞ hökumətinin hər hansı başqa ölkəyə hərbi yardım göstərilməsi barədə qərarı Konqresdə fasiləsiz lobbiçilik edən müəyyən qrupların tələblərinə deyil, Amerikanın milli maraqlarına əsaslanmalıdır. Məsələn, ”Azadlığa Dəstək Aktı"na 1992-ci ildə erməni lobbisinin səyləri hesabına qəbul edilmiş “907-ci Düzəliş” Azərbaycana qarşı yönəlib. Bu düzəliş ABŞ-ın regionda milli maraqları üçün ədalətsiz maneədir". Bəs azərbaycanlı təhlilçilər necə düşünürlər? Amerikalı ekspertin fikirlərini bölüşürlərmi? ABŞ-ın bölgədə varlığı və diqqəti həqiqətən zəifləyibmi?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, “The Heritage Foundation” mərkəzinin analitiki ortaya rasional yanaşmalar qoyub. Deputatın sözlərinə görə, bölgədə yeni reallıq budur ki, Azərbaycan BMT-nin icra edilməyən qərarlarını həyata keçirib və ərazi bütövlüyünü təmin edib: “İndi regionda sülhün təmin edilməsi üçün dövlətlər töhfəsini verməlidir. Nəzərə alsaq ki, ABŞ dünyanın fövqəldövlətidir, onun müxtəlif regionlarda həyati maraqları var, Cənubi Qafqaz isə Vaşinqton üçün strateji zona hesab olunur, o halda dəstəyini əsirgəməməlidir. Azərbaycanın yerləşdiyi coğrafi şərait və mühit də Amerika üçün strateji əhəmiyyətini artırır”.
E.Nəsirov qeyd etdi ki, Prezident İlham Əliyevin müstəqil xarici siyasət kursu sayəsində bir-biri ilə gərgin münasibətlərə malik olan ABŞ və Rusiya arasında strateji əlaqələr qura, balansı qoruya bilib: “Həm Moskvada qəbul edirlər ki, bu əlaqələr Rusiyanın əleyhinə deyil, həm də Vaşinqtonda razılaşırlar ki, Rusiya ilə münasibətlər ABŞ-ı hədəfə almayıb. O baxımdan amerikalı ekspertin fikirləri ABŞ siyasi mərkəzləri üçün önəmli ola bilər”.
Deputatın fikrincə, ABŞ Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında dəstəyini verə bilər: “Eyni zamanda delimitasiya və demarkasiya işlərində töhfəsi olmalıdır, bu, həmsədr kimi də onun vəzifəsidir, o cümlədən minalanmış xəritələrin tam verilməsi prosesini sürətləndirə bilər, ən başlıcası isə kommunikasiyaların bərpasında rolu olmalıdır. Ona görə ABŞ-ın fəallığı yalnız status məsələsi ətrafında olmamalıdır. Cənab Prezident deyib ki, status olmayacaq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb, bu reallıqları da ABŞ qəbul etməlidir. Amerikanın postmüharibə dövründə bölgədə iştirakı statusla bağlı olmamalıdır, digər məsələlərdə dəstəyini gözləyirik”.
Türkiyədə yaşayan professor Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ Azərbaycan müstəqil olduqdan sonra ikili siyasət qurub: “Bizimlə enerji sektorunda əməkdaşlıqda hər zaman fəallıq var, amma Qarabağ məsələsində ”907-ci düzəliş"i görürük, ermənipərəst konqresmenlərin fəaliyyəti var, müharibənin gedişində də anti-Azərbaycan mövqe ortaya qoyulması ABŞ-Azərbaycan münasibətlərinə təsirini göstərdi. Amerika bölgədə siyasətini açıq göstərməsə də, Azərbaycan və Türkiyənin müsəlman olması baxımdan hadisələrə xristian-müsəlman savaşı kimi baxırdı, sonra bu yanaşma praqmatik zəminə oturdu. Amma Amerikanın Cənubi Qafqazda güclü siyasəti yoxdur. Yalnız Gürcüstana daha çox ağırlıq verdi, amma onlar da ərazi bütövlüyünü itirmiş oldu. Ermənistanla iş görürlər, ən böyük səfirlik İrəvandadır, amma heç cür Rusiyanın himayəsindən çıxara bilmədilər. Azərbaycanla isə lazımı münasibətlər qurulmadı".
T.İsmayılın sözlərinə görə, təbii ki, ABŞ bölgədə maraqları olan böyük dövlətdir: “Amma çox şey onun siyasətindən asılıdır. Azərbaycanın öz maraqları var, Amerikanın mövqeyi buna tərs gələrsə, hər zaman əlaqələr zəif qalacaq. ABŞ bölgəyə demokratiya məsələsi ilə girmək istədi, amma xaosa səbəb oldu. Bəlkə də əlaqələri başqa şəkildə quraraq demokratiyanın inkişafı üçün müəyyən iş görə bilər, amma bunu Azərbaycana təzyiqlə edə bilməz”.
Ekspert hesab edir ki, Qarabağ məsələsində ermənilərin statusu burada yaşayan digər millətlərin statusu ilə eyni səviyyədə olmalıdır: “Maksimum milli-mədəni muxtariyyət ola bilər. Ancaq sərhədlər dəqiqləşdirilmədən bu siyasət belə davam edə bilməz. Minsk Qrupunun status mövzusunda heç bir təzyiq mexanizmi yoxdur, çünki vasitəçi missiyadır. Ən yaxşı halda iki ölkə rəhbərlərini görüşdürə bilərlər, yəni bu qrupun işi məsləhət xarakteri daşıyır. Sadəcə, Azərbaycan öz problemini həll edib, ermənilərə də təhlükəsizlik təminatı verir. Bunun üzərinə basqı etmək Azərbaycanın sülhə uzadılan əlinin havada qalmasına səbəb ola bilər. Belə təzyiq olacaqsa, Azərbaycanın da adekvat cavabı olacaq. Azərbaycan güclü dövlət olduğunu sübut etdi, bu reallıqdan irəli gələrək ümid edirəm ki, Amerika siyasətini dəyişəcək”.
Emil SALAMOĞLU
Tarix: 8-10-2021, 10:28