Azərbaycan Kiyevdə keçirilən Krım Platformasına getmir, Ukrayna narazıdır


Ukrayna Azərbaycanın avqustun 23-də Kiyevdə keçiriləcək Krım Platforması zirvə görüşünə getməməsindən narazıdır, Ukrayna rəsmi mənbələri deyib.
 
Ukrayna Xarici İşlər Nazirliyindən bildiriblər ki, Azərbaycan imtina barədə əvvəlcədən rəsmi Kiyevə xəbərdarlıq edib. Anonim danışan Ukrayna diplomatları rəsmi Kiyevin bundan "məyus olduğunu" bildiriblər.
 
Azərbaycan Xarici İşlər Nazirliyindən məsələyə reaksiya almaq mümkün olmayıb.
 
Hökumətə yaxın millət vəkilləri Azərbaycanın bu qərarı barədə şərh verməkdən imtina ediblər.
 
Ukraynalı diplomatlar Azərbaycanın imtina etməsinin Rusiyanın təzyiqlərinin nəticəsi olduğunu və əsas təsir mexanizminin Dağlıq Qarabağ məsələsi və oradakı Rusiyanın sülhməramlı missiyası olduğundan şübhələnirlər.
 
Ukrayna Krım Platformasını Krımın necə qaytarılacağı ilə bağlı yeni strategiyası çərçivəsində qurur və Kiyevdə müstəqillik günündə keçiriləcək tədbirdə müzakirələr aparacaq.
 
Krım platforması nədir?
Krım Platforması Ukraynanın diplomatik təşəbbüsüdür və Krımın Rusiya tərəfindən ilhaqında beynəlxalq aləmin diqqətini çəkmək üçün koordinasiya mexanizmidir.
 
23 avqustda Krım Platformasının təsis görüşündə, ümumilikdə 44 dövlət və bir sıra beynəlxalq təşkilatlar təmsil olunacaq.
 
Onlardan 14-ü prezident və hökumət başçıları səviyyəsində təmsil olunacaq, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
 
"Krım platforması tərəfindən qəbul ediləcək bəyannamə digər dövlətlərin imzalaması üçün açıq olacaq", - ukraynalı nazir deyib.
 
Tədbirdə iştirak edəcək dövlətlərin siyahısını dərc edən Ukrayna Xarici İşlər Nazirliyi bəzi strateji tərəfdaş hesab etdiyi ölkələrin qatılmadığını vurğulayıb.
 
Ukrayna hakimiyyətinin strateji tərəfdaş adlandırdıqları Azərbaycan və Çin Krım platformasında təmsil olunmayacaqlar.
 
Azərbaycanda bu barədə nə deyirlər?
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycanın Krım Platformasına qoşulmasına ehtiyac yoxdur.
 
"Azərbaycanın öz maraqları mövcuddur, diplomatik və siyasi fəallıq da bu maraqların üzərində qurulmalıdır. Ona görə bizə aktual olan mövzuları yaddan çıxarıb digər mövzularla onları əvəz etməməliyik. Hesab edirəm ki, indiki mərhələdə bizim buna imkanımız və şəraitimiz yoxdur", - Tofiq Zülfüqarov deyib.
 
O deyir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bunu beynəlxalq sənədlərdə təsdiq edib.
 
Siyasi şərhçi Sülhəddin Əkbər hesab edir ki, Azərbaycan öz seçimini Krım Platformasına qatılmaqla Qərbdən yana etməli idi.
 
O, bir neçə ay əvvəl müsahibəsində bildirmişdi ki, hazırda dünyada "anti-Rusiya mövqeyi formalaşır" və Krım Platforması da bunlardan biridir.
 
"Azərbaycan da anti-Rusiya, Krım Platformasına qoşularsa ona nail ola bilər ki, kollektiv Qərb, ABŞ, NATO, Avropa Birliyi Moldova, Ukrayna və Gürcüstanın müstəqilliyini necə müdafiə edirsə Azərbaycanı da elə müdafiə edə bilər. Azərbaycanın apardığı ikibaşlı siyasət nəticəsin Qərbdən bu dəstəyi ala bilmir", - Sülhəddin Əkbər BBC News Azərbaycancaya deyib.
 
Tofiq Zülfüqarovun sözlərinə görə, Krım Platforması hələ təzə təşəbbüsdür və hələlik bu platformanın real işləri hansı şəkildə icra edəcəyi barədə yetərli məlumat yoxdur.
 
O bildirib ki, belə olan halda, Azərbaycan indiki mərhələdə bu təşəbbüsə qoşulması hələ tezdir.
 
"Platformaya qoşulmamaq barədə bu təmkinli mövqe bizim milli maraqlarımıza uyğundur", - Tofiq Zülfüqarov deyib.
 
Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə də razılaşır ki, Azərbaycan Ukraynanın beynəlxalq təşkilatlarda dəstəkləyib və onun ərazi bütövlüyünü tanıyır.
 
"Azərbaycan bütün səsvermələrdə ərazi bütövlüyü və beynəlxalq hüquq normalarına dəstək verib. Müqayisə üçün Ermənistan Kuba, Venesuela, İranla birgə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələrin əleyhinə səs verib, Azərbaycan isə yox", - Asim Mollazadə bildirib.
 
Cənab Mollazadəyə görə, Azərbaycanın bu platformada iştirak etməməsinin əsas səbəbi "bölgədə qarşıdurmaları artırmamaq" məqsədi daşıyır.
 
O hesab edir ki, Ukrayna Azərbaycanın iştirak etməməsini anlayışla qarşılayıb və bu addım Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirməyəcək.
 
Millət vəkilinin sözlərinə görə, "Azərbaycan nə NATO, nə də KTMT-nin üzvü deyil, Qoşulmama hərəkatında təmsil olunur. Ukraynanın başqa planları var. Biz hamının qərarlarına hörmət edirik, amma qarşıdurmalarda iştirak etmirik. Bizim dövlətin qarşısında ən əsas məqsəd yaxın zamanda sürətlə Qarabağa qayıdış planının gerçəkləşdirmək, bölgədə sabitlik və kominikasiyaların açılmağı, tərəfdaşlıq mühitini yaratmaqdan ibarətdir".
 
Asim Mollazadə deyib ki, Azərbaycanın iştirak etməməsini Qarabağ məsələsi ilə bilavəsitə əlaqələndirmək olmaz. "Azərbaycan beynəlxalq qətnamələrə əsasən Qarabağ məsələsini həll edib".
 
Azərbaycan Krım Platformasında iştirakdan imtina etməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən reaksiya almaq mümkün olmayıb. Hökumətə yaxın millət vəkilləri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.
Tarix: 21-08-2021, 00:01
Xəbəri paylaş



Xəbər lenti