Əliyev Moskvadan nə ilə qayıdır? - qapalı görüşün pərdəarxası...





Yanvarın 10-da üçtərəfli bəyanatın iki ayı tamam oldu. Ertəsi günü Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü baş tutdu. Bu, müharibədən sonra ilk salamlaşma idi, əlsiz, yalnız başla...
Anaxeber.info-nun qənaətinə görə, ümumilikdə görüşü kafi qiymətləndirmək olar. Çünki Moskva sammitində əleyhimizə hər hansı qərar, yaxud maraqlarımıza uyğun gəlməyən fikirlər olmadı.
Görüş daha çox iqtisadi-ticari baxımdan əhəmiyyət kəsb edirdi və razılaşmanın mahiyyəti də məhz kommunikasiyaların açılmasıydı.
Lakin diqqətimizi çəkən nüansları əvvəlcə qeyd etməliyik. Moskva görüşü bir daha sübut etdi ki, münaqişənin həllində orbitr Rusiyadır.
Bu prosesdə Qərb, digər iki həmsədr ölkə, bizə hərtərəfli dəstək verən Türkiyə sonra gəlir. Rusiya Qarabağ məsələsinin baş hakimidir. 
O da isbat edildi ki, Cənubi Qafqazda Rusiyanın təsirləri müharibə ilə daha da gücləndi, illərlə qoşunlarını ərazilərimizdə yerləşdirmək istəyən ruslar buna nail olublar, nəticədən son dərəcə məmnundurlar. 
Və tərəflər müharibəni dayandırmaq barədə çağırış edən Avropa və ABŞ-ın yox, Putinin sözünə qulaq asıblar. Və yenə də onun dəvəti qəbul edilərək hər iki tərəfin liderləri Rusiyaya getdilər. Beləliklə, Putin dünyaya postsovet dünyasının ağası olduğunu nümayiş etdirdi. 
Bunun üzərinə Qırğızıstandakı prezident seçkilərində ruspərəst namizədin qalib olması, Belarusda seçkilərdən sonra qərbpərəstlərin etirazlarının yatırılıb Lukaşenkonun hakimiyyətdə saxlanması da daxildir. Bu, belə. Rusiya regionda gücdür, Qərbə meyllənən erməniləri də tam qopmağa imkan vermədi. 
Moskvaya görüşünə gəldikdə, sülhməramlıların sayının artırılacağı barədə narahatedici gözləntilər masada müzakirə edilmədi. 
Bu, yaxşıdır, görünür, Türkiyənin mövqeyi, qardaş ölkənin hərbi təyyarələrinin Lənkəran və Qəbələ hava limanlarına enməsi Kremlin Qarabağdakı hərəkətlərini bir qədər tormoz verə bilib.
Görüşdə Putin yalnız bir çıxışı ilə ermənilərin könlünü alıb, o, müharibədən sonra 40 min köçkünün evlərinə qayıtdığını açıqlamaqla ermənilərin Xankəndinə dönməsinə işarə vurub, onları məcburi köçkün adlandırıb. Halbuki yurd-yuvasına dönməli olan bizim 1 milyon köçkündür. 
Amma Putin nə statusdan danışdı, nə Paşinyanın bu barədə sözünə əhəmiyyət, nə də ümid verdi. Habelə, həm Azərbaycan prezidenti, həm Kreml başçısı Paşinyanın əsirlərlə bağlı problemin həllinə dair fikirlərinə diqqət ayırmaddılar. 
O, əsirlər deyərkən son antiterror əməliyyatında həbs edilən quldurları nəzərdə tuturdu. Rəsmi məlumata görə 62 silahlı erməni əsir var. 
Ancaq Azərbaycan onları terrorçu sayır, müharibədən sonra təxribat törədiblər və bizim ərazilərdə bunu ediblər. Deməli, Moskvanın Bakıya bu yöndə hansısa tələbi yox, xahişi ola bilər. Odur ki, bu da belə!
Anaxeber.info yazır ki, lakin görüşdə Qarabağda qalan terrorçu, meşələrdə gizlənən qaçaq-quldur dəstələri, o cümlədən Xankəndi, Xocavənd, Ağdərədə olan erməni silahlı birləşmələrinin tərki-silah edilməsi, kukla qurumun başçısı Araik Aryuntyanın və adamlarının torpaqlarımızdan çıxıb getməsi haqda heç nə deyilmədi. 
Ola bilsin ki, qapalı keçən görüşdə müzakirə predmeti olub, amma ictimaiyyətə açıqlanan rəsmi məlumatlarda bu barədə danışılmadı. 
Habelə sülhməramlıların bəzi hallarda narazılıq doğuran hərəkətlərinə də toxunulmadı. O baxımdan 11 yanvar hadisəsini daha çox iqtisadi səmərəliliyi olan görüş adlandırmaq lazımdır. 
Sadəcə, qapalı keçən 4 saatlıq görüşün ictimaiyyətə açıqlanan cüzi hissəsi bizə məlumdur. Görüşdə hansı detallar, incəliklər müzakirə edildiyini bilmirik. Biz bildiyimiz dəmiryollarının açılmasıdır. 
Ermənistanın Azərbaycan ərazisindən Rusiya və İrana dəmir yolu xətti olacaq. Azərbaycanın isə Naxçıvan vasitəsiylə Türkiyəyə dəmir yolu çəkiləcək. Həmçinin Türkiyə və Rusiya arasında dəmiryolu xətti olacaq.
Bax, bu, indi Bakı və İrəvandan daha çox Moskvanın özünə lazımdır. Rusiya tezliklə bu xətlərin açılmasını istəyir. Niyə çox sadədir. 
Çünki Rusiya özünün Aralıq dənizinə çıxışını tələm-tələsik təmin etməlidir. Ölkəni ciddi iqtisadi sanksiyalar gözləyir və Baydenin ABŞ prezidenti kürsüsünə qalxdıqdan sonra hansı təzyiqlər gözlədiyini Putin daha yaxşı təxmin edir. 
Lakin istənilən halda bizim üçün yaxşı razılaşmadır. Elə İ.Əliyev də qeyd edib ki, müharibə keçmişdə qaldı və gələcəyə baxmalıyıq.
Bakıda öz avtomobilinə əyləşən vətəndaşlarımız Naxçıvana və əks istiqamətdə rahat gedib-gələ biləcək, İran vasitəsilə Naxçıvana daşınan yüklər daha qısa marşrutla - şose və dəmir yolu ilə Ermənistan ərazisindən göndəriləcək. 
Həmçinin Rusiyanın nəzarətində də olsa, Türkiyə ilə aramızda quru əlaqəsi və qarşılıqlı ticarət baxımından Gürcüstan yoluna nisbətən bir az qısa məsafəli marşrut yaranacaq. 
Deməli, regionda yeni iqtisadi açılım gözlənilir və buna tərəflər etiraz etmir, Paşinyan da Ermənistanı blokadadan çıxarmağı, Türkiyə ilə sərhədlərin açılmasını, öz mallarını Gürcüstan üzərindən daşımaqla yolu uzatmağı yox, Azərbaycan ərazisindən keçməklə qısa məsafə qət edib Rusiyaya aparmağı hədəfləyir. 
Odur ki, yerdə qalan problemlər zamanla həllini tapa bilər, indiki Ermənistan hakimiyyəti də bunun əleyhinədir - erməni silahlıların Qarabağdan çıxarılmasından tutmuş status və bizdəki 62 terrorçu əsir məsələlərinədək...
Beləcə, 10 noyabrdan sonra Moskvada keçirilən ilk görüş bir təməl idi, növbəti görüşlərin olacağı şübhə doğurmur, yeni razılaşmalar əldə ediləcəyi də mümkündür, çünki bu görüş göstərdi ki, həm Əliyev, həm Paşinyan görüşməyə konstruktiv baxır, hansısa radikal və inkarçı xətt götürülməyib, tərəflər bölgədə iqtisadi dirçəlişi, kommunikasiyanın qurulmasını dəstəkləyir, eləcə də Putin bütün diqqətini Bəyanatının 9-cu maddəsinin icrasına yönəldib. Yəni dəmiryol xətləri, gediş-gəliş...
O ki qaldı Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycanın dövlət suverenliyinin  bərpasına, həmin əraziyə azərbaycanlı köçkünlərin qayıtmasına, Dağlıq Qarabadakı erməni silahlı dəstələrinin taleyinə, oyuncaq rejimin və onun başçılarının taleyinə, Ağdərə-Kəlbəcər yolunun açılmasına, bu məqamlar sülh müqaviləsinin çözəcəyi problemlər olduğundan, onların müzakirəsi növbəti görüşlərə saxlana bilər. Çünki 11 yanvarda da bəyanat imzalandı, ortada hələ konkret sülh sazişi və detalları yoxdur.
Təhlilçilərin fikrincə, Rusiyanın bölgə ilə bağlı ümumi vizyonu belədir: SSRİ zamanında olduğu kimi, Dağlıq Qarabağ Azərbaycanın tərkibində qalır, tərəflər sıx əməkdaşlığa başlayır, tədricən düşmənçiliklər unudulur, Qarabağdakı sülhməramlı kontingent Rusiya hərbi bazasına çevrilir, beləliklə, Rusiyanın himayəsində sülh və sabitlik bərqərar olur...
Tarix: 12-01-2021, 10:02
Xəbəri paylaş



Xəbər lenti