Amerikada Co Baydenin seçkilərdə qalib gəlməsindən sonra Birləşmiş Ştatlar üçün yeni dönəm başlayır. O, yanvarın 20-də andiçmə mərasimi keçirəcək və vəzifəsinin icrasına rəsmən başlayacaq. AĞ Evin yeni sahibinin qələbəsi həm də dünyada maraqla izlənir. Çünki ABŞ-ın hegemon güc kimi dünyada gedən proseslərə təsir imkanları sirr deyil.İndi əsas suallardan biri də budur ki, yeni ABŞ Administrasiyası dünyaya, bizim bölgəyə və Azərbaycana hansı perspektivlər vəd edə bilər.Bayden dönəmində müharibələr artacaq, yoxsa sülhmeylli siyasət qurulacaq? Bayden Administrasiyasının Qarabağ məsələsinə yaxlaşımı necə olacaq? Və onun sələfi Tramp 5 ildə Amerikaya və dünyaya nə qazandırdı?
Bu kimi suallar ətrafında ən müxtəlif mövqelərə rast gəlirik.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli “Yeni Müsavat”a açıqlamasında dedi ki, Baydenlə yeni bir dünya görəcəyik: “Amma bu yeni dünya 4 il əvvəlki ABŞ-ın bir üst davamıdır. Tramp ABŞ tarixində ilk dəfə dövlətin gücünü tək əldə cəmlədi və cəmi iki güc idarə etdi, özü və Twitter. Trampa qalibiyyəti qazandıran da məhz bu cəhəti idi. Baydenlə dünya yenidən ittifaqlaşmaya geri dönəcək. İran, Fransa, Çin ucalan münasibətlərdə əsas yerini alacaq. Gələcək komandanın da simaları bunun bariz sübutu kimi görünür, hamısı özü-özlüyündə siyasi simalar kimi çox güclüdürlər. Bu adamların Qafqaza ortaq baxışı Türkiyəyə və Rusiyaya münasibətlərindən doğacaq məsələlərə bağlıdır.
Əziz Əlibəyli: “Baydenlə dünya yenidən ittifaqlaşmaya geri dönəcək”2016-cı ildəki görüşdə sabiq vitse-prezident olan Bayden Prezident Əliyevlə çox isti münasibətləri haqda mediaya da açıqlama verdi. ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini açıqladı. Amma regionda mövqelərini itirmiş Qərb (Britaniya istisna) Baydenin gəlişi ilə revanşa keçəcək. ATƏT-in Minsk Qrupunun fəaliyyətinin ”xortladılması", Türkiyəyə qarşı yeni çevriliş cəhdi, Rusiyaya qarşı daha sərt sanksiyaların davam etdirilməsi, Qarabağda erməni məsələsinin Rusiyanın monopoliyasından almaq cəhdləri yaşanacaq. Fransanın və İranın Qafqazda mövqelərinin gücləndirilməsinə çalışılacaq. Bu kimi münasibətlər regionda müharibəyə gətirməsə də rus-türk-azərbaycanlı üçlüyünü daha da birləşdirəcək və yeni formalaşan dünya düzənində Qafqazı toqquşma arealına çevirəcək. Amma bu, Türkiyəyə qarşı Suriyada, Rusiyaya qarşı Ukraynada olduğu kimi yaşanmayacaq".
Zaur Məmmədov: “Əgər biz ABŞ və Rusiya arasında çəkişməni görsək...”Politoloq Zaur Məmmədov: “Bayden Administrasiyası yaxşı olardı ki, Qarabağ, Cənubi Qafqaz məsələsində də fəal iştirak etsin, ədalətli və obyektiv olsun. Biz bir şeyi başa düşməliyik ki, Amerika və Rusiya rəqabəti Cənubi Qafqazda kifayət qədər çox olarsa, o qədər bu Azərbaycanın xeyrinə olacaq. Çünki birtərəfli şəkildə bir tərəfin güclənməsi həmin ölkənin Azərbaycana və digər qonşu ölkələrə qarşı demarşına səbəb ola bilər. Baydenin hakimiyyətə gəlməsindən sonra biz ciddi şəkildə Mərkəzi Asiya və Qafqaz regionunda yeni Administrasiyanın fəallığını Trampdan fərqli olaraq gözləyirik. Bayden artıq bu istiqamətdə mühüm işlər görəcək. Əgər biz ABŞ və Rusiya arasında çəkişməni görsək, deyə bilərik ki, Balkanlarda Şərqi Avropadan sonra qlobal güclər arasında siyasi toqquşmanın Cənubi Qafqazda olması labüddür. Eyni zamanda Bayden Administrasiyasının Türkiyə və İrana olan münasibəti də çox vacib amillərdən biridir. İran ətrafında baş verən hadisələrdəki sabitlik də Azərbaycan üçün önəmlidir. Çünki müharibənin baş verməsi bütün prosesləri alt-üst edə bilər. Türkiyə ilə münasibətdə bir çoxlarından fərqli olaraq düşünürəm ki, Bayden Administrasiyası reallığı qəbul edəcək və Ankara ilə Vaşinqton arasında münasibətlər inkişaf edəcək. Çünki Türkiyəsiz Amerika bölgədə, Yaxın Şərqdə və Cənubi Qafqazda qalib gəlməyə və ABŞ milli maraqlarını həyata keçirməyə qadir deyil. Mütləq şəkildə Türkiyəyə hərbi, siyasi və iqtisadi cəhətdən ABŞ tərəfindən yardım edilməlidir. Əgər soyuq müharibə illərində Türkiyə NATO, Avropa və ABŞ-ın bölgədə əsas plasdarmı rolunda çıxış edirdisə, bu gün də bu mütləq şəkildə davam etməlidir. Təəssüflər olsun ki, müəyyən antimüsəlman, antitürk qüvvələr bölgədə Türkiyənin maraqlarının nəzərə alınmasına mane olurdular. Qarabağ məsələsi, ümumiyyətlə, Cənubi Qafqazda baş verən proseslər Gürcüstan, Ermənistan və Azərbaycanın Rusiya, ABŞ və Avropa İttifaqı arasında gələcək perspektivdə münasibətləri çox önəmlidir. Amerika bu istiqamətdə tamamilə passivlik nümayiş etdirərsə, o zaman Gürcüstanın da əslində fikirləri olmadan bölgə bütövlükdə Rusiyanın təsir dairəsində qalacaq. Bu da təbii ki, sonda 2023-24-cü illərdə artıq Rusiya ərazilərinin bəzi yerlərdə de-fakto, bəzilərində isə, de-yure genişlənməsinə səbəb olacaq. ABŞ-ın passiv və aktivliyi yaxın zamanlarda Rusiyanın Qazaxıstan və Belarus istiqamətində demarşlarında özünü göstərəcək. Biz bu gün Belarus və Qazaxıstandakı hadisələri də diqqətlə izləməliyik. Başa düşməliyik ki, geosiyasi rəqabət Moskva və Vaşinqton arasında bu bölgə torpaqlarının bölüşdürülməsi ilə nəticələnə bilər”.
Tarix: 7-01-2021, 11:39