Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 1924-cü ildə çıxarılan qərarla Osmanlı xanədanın bütün üzvlərinə ölkəni tərk etmək üçün bir həftə vaxt verildi. Martın beşi səhər İstanbuldan yola çıxan Simplon Ekspresinə mindirilən son osmanlılar – ümumi 144 nəfər dünyanın dörd bir yanına yayıldılar. 1954-də nəslin qadın üzvləri, 1974-cü ildə isə kişiləri üçün əfv qərarı verildi. O vaxta kimi çoxu onsuz da ölmüşdü. Simplon ekspresi ilə sürgünə göndərilənlər arasında Osmanlı taxtının sonuncu varisi, II Əbdülhəmidin nəvəsi şəhzadə Orxan da var idi. Ölkədən qovularkən 14 yaşı olan Orxan nəslin ata tərəfdən ən böyük kişi üzvü – yəni xanədan rəisi idi. Uzun müddət Türkiyədə Osmanlı xanədanlığından danışmaq yaxşı qarşılanmır, keçmişin bütün pisliklərinin səbəbkarı kimi onlar göstərilirdi. Lakin keçən əsrin sonlarında onlara münasibət yumşalandan sonra türklər 90-cı illərin əvvəlində Şahzadə Orxanı tapıb müsahibə almışdılar. O zaman artıq 82 yaşı olan şəhzadə geridə qalan həyatı barədə bunları demişdi: “Hər şeylə məşğul oldum. Sürücülük elədim, pilot oldum, katiblik elədim, maşın yudum”. Orxanın pasportunda “vətənsiz” yazılmışdı və milliyyəti kimi Osmanlı göstərilirdi. Adı isə Prince Orxan (Şəhzadə Orxan) qeyd olunmuşdu. Son olaraq Fransadakı bir hərbi qəbirstanlıqda sürücü və mühafizəçi kimi işləyib təqaüdə çıxmışdı. 30 kv. m-lik bir kirayə evi vardı, ölənə qədər də orda yoxsulluq içində yaşadı. 1991-ci ildə Türkiyənin Marseldəki konsulluğu şəhzadəyə Türkiyə pasportu verir və o, 1992-ci ildə 68 ildən sonra Türkiyəyə qayıdır. Burada iki həftə qaldıqdan sonra geri dönür və iki il sonra da vəfat edir. Tək yaşayırdı. Meyidi iki gündən sonra tapılır. Cənazə namazını pulnan tutulan dörd tunisli qılır. On ildən artıq zaman ərzində qəbrinin başında balaca taxta lövhə olur. Marseldə qəbir üçün illik ödəniş edilir. Şəhzadənin qəbri üçün edilməli olan bu ödəniş uzun müddət ödənilmədiyinə görə şəhər bələdiyyəsi sonda onun sümüklərini götürüb, ödəniş edilməyən qəbirlər üçün hazırlanmış ümumi bir quyuya tökür. Təsəvvür edirsiz, dünyaya hökmranlıq etmiş bir imperiyanın sonuncu varisinin qəbri belə yoxdur bu gün. Osmanlılar 1924-cü ildə ölkəni tərk edərkən onlara bəzi şeyləri özləri ilə aparmağa icazə vermişdilər. Bu zaman Şəhzadə Orxan Osmanlının 32-ci sultanı Əbdül Əzizə Ər-riyadda təqdim edilmiş qılıncı özü ilə götürür. Şəhzadə Orxanın sonralar öz xatirələrindən danışarkən söylədiyi bu hadisə necə bir səfalət içində yaşadığını tam ifadə edir: Londonda idim, biri yaxınlaşdı ki, eşitmişəm sizdə bir qılınc var. “bəli” dedim. “Ona beş yüz pound verərəm” dedi. Mən də nə bilim, dedim ki, “nolar, altı yüz ver”. Min desəydim də verərdi, amma nəysə. Alt yüz dedim. O da, “hə, olar” dedi, çeki verdi, qılıncı aldı getdi. Videoda 68 illik sürgündən sonra 1992-ci ildə son osmanlıların İstanbulda yenidən bir araya gəlməsindən görüntülər var. Tural İsmayıllı Yazı müəllifin fb səhifəsindən götürülüb