Prezidentin mesajı Qərbi silkələyib: Cənubi Qafqaz uğrunda daha dövlətlər deyil, nəhəng şirkətlər "savaşacaq"


Azərbaycan prezidenti cəmisi bir cümləlik mesajla bir dövrü qapatdı, Qarabağ mövzusunun region uğrunda savaşın istismar alətləri sırasından çıxarılmasını qətiləşdirdi...

İndi Qərb mətbuatı ABŞ və aparıcı Avropa ölkələrini Cənubi Qafqaz siyasətinin iflasa uğraması ilə bağlı sərt tənqid edir, Azərbaycana və regiona yönəlik yeni hədəflərin müəyyən olunmasında passiv davranmaqda qınayır...

ABŞ və Qərb Rusiyanı regiondan sıxışdırıb, bu geopolitik məkana dönə bilmək üçün nəhəng şirkətlərin "dərin sərmayə torbası"ndan yararlanmağa hazırlaşır...

Cənubi Qafqaz regionunda yaşayan hər bir insan və xalq Azərbaycan ordusuna minnətdar olmalıdır. Çünki Azərbaycanın hərbi qələbəsi regionda çox şeyi dəyişdi. Və bu regiona bağlı olan hər kəsə yeni perspektivlər açdı.
Bəlkə də, bir çoxları bunu hələlik bu reallığı tam şəkildə qavramağa, dəyərləndirməyə imkan tapmayıb. Çünki hələ hər şey çox yenidir. Və Cənubi Qafqazda yeni inkişaf mərhələsinə keçildiyinə əmin olmaqda çətinlik çəkirlər.

Ancaq çox tezliklə hər kəs Azərbaycanın hərbi zəfərinin istisnasız olaraq, hamı üçün nə qədər dəyərli olduğunu anlamağa başlayacaq. Hər kəs bu hərbi səfərin faydalarını, onların həyatına müsbət dəyişikliklər qatdığını görəcək. Hətta ermənilər belə, Azərbaycanın hərbi zəfərinin müsbət təsirlərindən faydalana biləcəklər.
Qısacası, Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmədi, həm də bütün regionun gələcək taleyini xilas etməyə nail oldu. Bundan sonra bu region daha geopolitik qarşıdurma məkanı olmayacaq.
Əlbəttə, Cənubi Qafqaz uğrunda mübarizə yenə də olacaq, əvvəlki kimi davam edəcək. Ancaq fərq ondadır ki, bu mübarizə yalnız böyük dövlətlərin bir-biri ilə səhnəarxası geopolitik savaş modelindən çıxdı. İndi yeni mübarizə modeli formalaşmağa başlayıb. Və geopolitik mübarizənin yeni məzmunu davamlı qarşıdurma, gərginlik yaratma cəhdlərini bloklayır.
Məsələ ondadır ki, bir tərəfdən region ölkələri, xüsusilə də, Azərbaycan region uğrunda mübarizədə əsas söz sahibləri sırasında yer almaq hüququ qazanıb. Digər tərəfdən, regional mübarizə məkanına Türkiyə də birbaşa və tamhüquqlu iştirakçı kimi daxil olub.

Bu baxımdan, Cənubi Qafqaz uğrunda yalnız ABŞ və Qərb ilə Rusiya arasında sonu görünməyən savaşın əvvəlki dövrlərdə olduğu kimi, eynilə davam etməsi artıq qətiyyən mümkün deyil. Bundan sonra Cənubi Qafqaz uğrunda mübarizə yalnız maraqlı tərəflərin rəqabəti çərçivəsində davam edəcək. Qalibin seçilməsi hüquqi isə region ölkələrinə, əsasən də, Azərbaycana aid olacaq.
Regional proseslərin belə istiqamət və məzmun alacağını aylar öncə yazdığımız yazılarda dəfələrlə arqumentləşdirərək, proqnozlaşdırmışdıq. İndi görünən odur ki, ehtimallarımızın mütləq əksəriyyəti özünü doğrultmağa başlayıb.
Onu da qeyd edək ki, Cənubi Qafqaz uğrunda mübarizənin yeni mərhələsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə son görüşündən sonra rəsmən başlamış oldu. Belə ki, həmin görüşdə Azərbaycan prezidenti həmsədrlərə xitabən "Sizi regiona mən dəvət etməmişəm" dedi. Və bu bir cümlə bir dövrün qapanmasını rəsmiləşdirdi.
Məsələ ondadır ki, bu bir cümlə özündə çox sayda mesajı birləşdirirdi. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin region uğrunda savaşın istismar alətləri sırasından çıxarıldığı qətiləşdi.

Yəni, Azərbaycan Prezidenti "Qarabağ kartı"nı artıq unudun, bundan daha yararlana bilməyəcəksiniz" mesajını verdi. Eyni zamanda, hər kəsə anlatdı ki, regionun əsas söz sahibi olan lider dövləti məhz Azərbaycandır. Və Cənubi Qafqazda maraqları olan istənilən kənar ölkə regionla bağlı hər hansı plan qurarkən mütləq rəsmi Bakı ilə anlaşmanın yolları barədə də düşünməyə məhkumdur.
Azərbaycan Prezidentinin region üçün bu həlledici mesajı Qərb mətbuatında artıq geniş şəkildə təhlil edilməyə başlayıb. Üstəlik, doğru nəticələrin çıxarılmaqda olduğu da müşahidə olunur.
Məsələ ondadır ki, Qərb mətbuatında ABŞ və aparıcı Avropa ölkələri sərt şəkildə tənqid edilməkdədir. Əsas iradlar isə ABŞ və Qərbin Cənubi Qafqaz siyasətinin artıq iflasa uğraması ilə bağlıdır. Hesab edilir ki, Azərbaycanın qalıb gəldiyi savaş müddətində tutulan passiv mövqe, eyni zamanda onilliklər boyu yürüdülən yanlış siyasi kurs ABŞ və Qərbi bu regionda oyundankənar vəziyyətə salıb.
Bəli, Qərb mətbuatı "siyasi diaqnozu" doğru müəyyən edib. ABŞ və Qərbin qərəzli mövqeyi və yanlış siyasi strategiyası Cənubi Qafqazda yaranmış fərqli situasiyada artıq işə yaramır. İndi hər şeyi yenidən başlamaq və regionda dayaqlanmaq üçün fərqli alətlər tapmaq lazımdır.

Maraqlıdır ki, Qərb mətbuatı həmin alətləri də artıq tam dəqiqliyi ilə müəyyən edə bilib. Belə ki, ABŞ və Qərbin regiona təkrar dönüşünün yalnız maliyyə-iqtisadi alətlərin üzərindən mümkün ola biləcəyi vurğulanır.
Məsələ ondadır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin Cənubi Qafqazda yeni sərmayə yatırımları üçün geniş imkanlar açdığını anlamağa başlayıblar. Hesab edirlər ki, Rusiyanın bu regiondan sıxışdırılması və Qərbin bu geopolitik məkana yenidən dönüşü yalnız geniş investisiya yatırımları ilə mümkün ola bilər.
Ona görə də, ABŞ və Qərb Cənubi Qafqaza dönüş üçün "investisiya kisəsi"nin ağzını sonuna qədər açmalı olacaq. ABŞ və Qərb şirkətləri regionda geniş vüsət alacağı gözlənilən yeni quruculuq layihələrində iştirak etmək üçün tələsmək məcburiyyətində qala bilərlər. Və bəzi məlumatlara görə, Cənubi Qafqazda regional layihələrə sərmayə yatırmaqda maraqlı olan Qərb şirkətləri isə kifayət qədərdir.
Təbii ki, bu, Cənubi Qafqaza yeni inkişaf perspektivləri açır. Ən əsası isə region uğrunda bu yeni mübarizə modeli ABŞ və Qərbin əlini gücləndirə bilər. Hər halda, ABŞ və Qərbin əsas rəqibi olan Rusiyanın bu istiqamətdə imkanları o qədər də, ürəkaçan deyil.

Məsələ ondadır ki, Rusiya ölkədən kənarda sərmayə yatırımı üçün yetərli maliyyə-iqtisadi resurslara sahib olmamaqla yanaşı, belə bir təcrübədən də çox-çox uzaqdır. Kreml heç vaxt maliyyə-iqtisadi resurslarla öz xarici siyasət hədəflərini uzlaşdırmağa həvəs göstərməyib. Həmişə hərbi və siyasi təzyiq resurslarını ön planda tutub və bunu yetərli hesab edib.
Əslində, bu taktika son vaxtlara qədər effektiv sayıla bilərdi. Çünki Kreml bununla öz siyasi iradəsini ən azından keçmiş MDB məkanına yerləşdirə bilirdi. Eyni zamanda, ABŞ və Qərbin də buna uyması Rusiyanın işini asanlaşdırırdı.
İndisə, dünyada və regionda vəziyyət ciddi şəkildə dəyişib. Artıq "yumruq və qorxu" metodu öz təsirini itirməkdədir. İndi strateji maraqların təmin olunmasında hədəf regionlarda sərmayə yatırımları və iqtisadi ortaqlıq imkanları əsas həlledici faktora çevrilməyə başlayıb.
Göründüyü kimi, yeni situasiya yaranıb və bu, Cənubi Qafqaza sərmayə axını vəd edir. Yeni regional iqtisadi layihələrin reallaşması üçün münbit şərait mövcuddur. Və qabağa düşən, vaxtında hərəkətə gələn yalnız iqtisadi fayda deyil, həm də real geopolitik üstünlüklər əldə edə bilər.

Böyük ehtimalla region üçün növbəti mərhələ investorlar arasında taleyüklü seçim prosesi ilə diqqəti çəkəcək. Hər halda, regiona investisiya yatırmaq istəyən hər şirkətin belə bir imkan qazana biləcəyi o qədər də inandırıcı görünmür. Yəqin ki, iddialı şirkətin təklifləri və təmsil etdikləri ölkələrin regionla bağlı ənənəvi mövqeyi də saf-çürük edilə bilər.
Bu baxımdan, bəzi aparıcı dövlətlərin öz Cənubi Qafqaz siyasətlərinə yenidən baxmaq məcburiyyətində qala biləcəkləri də qətiyyən istisna deyil. Çünki həmin ölkələr həm öz şirkətlərinin yolunu açmaq, həm də regiona giriş hüququ qazanmaq üçün buna məcbur ola bilərlər.
Bu baxımdan, hesab etmək olar ki, yaxın gələcəkdə geopolitik mübarizədə nəhəng dövlətlərin kəskin qarşıdurması arxa plana keçmək üstədir. İndi nəhəng dövlətlər rəqabəti qazanmaq üçün öz nəhəng şirkətlərini "iqtisadi savaş məkanı"na çıxartmağa məcbur duruma düşməyə başlayıblar.
Bu, o deməkdir ki, Cənubi Qafqaz uğrunda nəhəng dövlətlərin birbaşa savaşdığı dövr qapanmaq üzrədir. İndi bundan sonra regional məkanda daha çox nəhəng şirkətlər arasındakı "maliyyə-iqtisadi savaşa" şahidlik edə bilərik./"Yeni Müsavat"/ 


Tarix: 25-12-2020, 21:12
Xəbəri paylaş



Xəbər lenti