ABŞ-ın son sanksiyalarının Rusiyanın siyasi, iqtisadi və hərbi sahələrinə təsirləri hansı səviyyədə ola bilər?..
Siyasi şərhçi: “Rusiyaya tətbiq olunan son sanksiyalar heç də təsadüfi deyil”.
“Çox uzağa gedən mənfi nəticələr olacaq. Xüsusilə də 2021-ci ilin iqtisadi böhran ili ola biləcəyi nəzərə alınmalıdır”.
Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu ABŞ-ın Rusiya müdafiə sənayesinə qarşı çox ağır sanksiyalar tətbiq etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
2014-cü ildən sonra ilk dəfə olaraq ABŞ Rusiya müdafiə sənayesinə qarşı çox ağır sanksiyalar tətbiq edib. Belə ki, ABŞ İqtisadiyyat Nazirliyi Rusiya Müdafiə Nazirliyini, Xarici Kəşfiyyat İdarəsini, Rusiya iqtisadiyyatının aparıcı sahələrindən olan hərbi və mülki aviasiya şirkətlərini, həmçinin kosmik qurumları məhdudiyyətlər siyahısına əlavə edib. Siyahıya, həmçinin “Rusiya” xüsusi uçuş dəstəsi daxil edilib.
Sanksiyaların məhz indi, Trampın hakimiyyətdən getməsinə günlər qala tətbiq edilməsini nəylə əlaqəldirmək olar və bu sanksiyaların Rusiyaya siyasi, iqtisadi və hərbi sahələrə təsirləri hansı səviyyədə ola bilər?
ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaların təsirlərini PİA.az-ın əməkdaşı hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.
Ərəstun Oruclu: “Tramp administrasiyası və şəxsən Trampın özü 4 il ərzində Rusiyaya həmişə loyal olub. Amma indi elə bir mərhələ gəlib çatıb ki, artıq bir tək prezidentin qərarı həlledici deyil”.
Baydenin hakimiyyətə gəlməsindən sonra bu sanksiyaların daha da sərtləşəcəyini və surətlənəcəyini proqnoz edən siyasi şərhçi PİA.az-a bildirib ki, bu sanksiyalar birmənalı şəkildə ABŞ-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək:
“Rusiyaya tətbiq olunan son sanksiyalar heç də təsadüfi deyil. Yeri gəlmişkən qeyd edim ki, Çinə də 50-ə yaxın sanksiya tətbiq olunub. Hal-hazırda Çin, İran, Rusiya və bir sıra dövlətlər geosiyasi mövqeləri ələ keçirmək, ya itirdikləri mövqeləri bərpa etmək üçün böyük hərbi, siyasi, iqtisadi koalisiya qururlar. Təbii ki, bu da ABŞ-ı narahat etməyə bilməz.
Bildiyimiz kimi Tramp administrasiyası və şəxsən Trampın özü 4 il ərzində Rusiyaya həmişə loyal olub. Amma indi geosiyasi mübarizə elə bir mərhələ gəlib çatıb ki, artıq bir tək prezidentin qərarı həlledici deyil. Hamı başa düşür ki, Donald Tramp seçkiləri uduzub və 1 aydan da az müddətə Ağ Evi tərk edəcək. Trampın komandası da ABŞ-ın siyasi və hərbi elitasının marağı çərçivəsindən çıxış edərək Rusiya və Çini məhdudlaşdırmağa çalışırlar. Bu baxımdan da sanksiyaların məhz hərbi qanadı hədəf alması təsadüfi deyil.
Eyni ilə hərbi qurumları hədəfə alan sanksiyalar Çinə də tətbiq olunub. Düşünürəm ki, bunun ilk növbədə səbəbi geosiyasi mübarizədir. Hesab edirəm ki, yanvarın 20-dən sonra, yəni Bayden hakimiyyətə gələndən sonra bu sanksiyalar daha da sərtləşəcək və surətlənəcək. Bu da birmənalı şəkildə ABŞ-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək.
Ərəstun Oruclu: “Aleksey Navalnıy ilə baş vermiş son hadisə, onun zəhərlənməsinin dövlət tərəfindən həyata keçirilməsinin sadə bir şəkildə ifşası göstərdi ki, Rusiyanın idarəetmə sistemi iflas vəziyyətindədir”.
Bu günlərdə məlum oldu ki, ABŞ Rusiyanın bir çox şəhərlərində öz konsulluğunu bağladı. Bu artıq yaxşı əlamət deyil və məsələnin gərginliyə gedəcəyini göstəricisidir. Ola bilər ki, biz “soyuq müharibə”nin şahidi və iştirakçısı olduq. Çünki mübarizə aparan dövlətlər digər dövlətlərdən mövqe, tərəf seçməyi tələb edəcək.
Bu sanksiyaların Rusiyaya təsirsiz ötüşəcəyini düşünmürəm. Ümumiyyətlə Rusiya hakimiyyəti böhran yaşamaqdadır. Məsələn Aleksey Navalnıy ilə baş vermiş son hadisə, onun zəhərlənməsinin dövlət tərəfindən həyata keçirilməsinin sadə bir şəkildə ifşası göstərdi ki, Rusiyanın idarəetmə sistemi iflas vəziyyətindədir. Belə şəraitdə buraya iqtisadi böhran, iqtisadi sanksiyalar da əlavə olunanda çox uzağa gedən mənfi nəticələr olacaq. Xüsusilə də 2021-ci ilin iqtisadi böhran ili ola biləcəyi nəzərə alınmalıdır”.
Tarix: 23-12-2020, 12:13