"Bizdə siyasi “vanqalar” çoxdu, amma çoxunun öngörmələri boş çıxır..."



“Həqiqətən, bəzən “vətənpərvərlik, əclafların son sığınacağıdır””


Doğrusu, dostlar, zamanımı böyük məmnuniyətlə İkinci Qarabağ müharibəsinin hərbi tərəflərinin təhlilinə xərcləyərdim. Ancaq sosial şəbəkəni, ənənəvi olaraq, daha qlobal geopolitik məqamlar maraqlandırır, bu barədə daha çox suallar gəlir.   

Rusiya sülhməramlılarının Qarabağa gəlişi cəmiyətimizdə anlaşılan narahatçılıq doğurur. Deyə bilmərəm, narahat olmayın, çünki "göz gördüyündən qorxar". Ancaq "gözün qorxması" cari vəziyətin və yaxın perspektivlərin rasional qiymətləndirməsinə mane olmamalıdır. "Ermənilərdən alıb, ruslara verdilər" tezisini demaqogiya üçün istismar edən siyasi marginallar ayrı kateqoriyadır, onlara sözüm sonda olacaq. 

Bu günkü obyektiv reallıq ondan ibarətdir ki, Rusiya ilə Azərbaycanın və Türkiyənin Cənubi Qafqaz regionunda maraqları və gələcəyə vizionları üst-üstə düşür. Müharibə başladı, Putin ermənilərə çiyinlərini sıxdı, “Azərbaycanın ərazisidir”. 

Haşiyə çıxaraq, demək istəyirəm, illər idi təhlil əsasında deyirdim, “Rusiya qarışmayacaq”. Ancaq  arxamca deyirdilər, ruspərəstdir. Ancaq elə həmin vaxtlar bəzi “tanınmış ekspertlər” cəmiyətdə rus xofunu saxlayan statuslarına layklar toplamaqla məşqul idilər. İndi deyin, kimdi rusa işləyən, obyektiv təhlil əsasında rusun müdaxilə etməyəcəyini deyən ya “Qoyma haray, rus 58-ci ordusunu döyüş vəziyətinə gətirdi! Dövlət sərhədimizə çəkdi! İndi daxil olacaq..! müharibə başlamayın, bu rusun tələsidir!”, deyənlər? Kinli deyiləm, sadəcə, bunlardan çox az vaxt keçib. 

Bunların panik proqnozları boşa çıxdı. Ona görə rus sülhməramlılarının gəlişinə əslində sevindilər- bundan, Rusiyanın hərbi müdaxiləsi kimi təqdim eləməyə imkan kimi yapışıblar. Halbuki, bunlar əvvəl dedikləri kimi, ruslar hərbi müdaxilə etsəydilər, Ermənistan kapitulyasiya imzalamazdı. 
Rusiyanın siyasətinin ana xəttini Pyotrun vəsiyətləri yox, hazırda ABŞ və Qərblə apardığı qlobal qarşıdurma müəyyən edir. Böyük siyasətdə ən etibarlı müttəfiqlik başqa birinə qarşı rəqibliyə, düşmənçiliyə əsaslanır- məhşur sual, “kimə qarşı dostluq edirik?”  

Bu qarşıdurmada Rusiyaya Ermənistan yox, Qərblə ziddiyatları olan Türkiyə kimi güclü müttəfiq  lazımdı. Müharibə gedəndə Putin məhz bu kontekstdə demişdi ki, “Türkiyə Rusiyanın etibarlı tərəfdaşıdır. Türkiyə müstəqil siyasət aparır. Türkiyə bizdən S-400 alır”. 

Rusiyanın indi ermənilərə humanitar yardımları, güdaza verdiyi döyülmüş əlaltısının gözünün-burnunun yaşısını silib, “qorxma”, deməsidir. 

Rusiya mütəxəssisləri Bakı-Naxçıvan dəmir yolunun texniki vəziyətini qiymətləndirir və Rusiya XİN nümayəndəsi deyir ki, Naxçıvan dəmir yolu açılması üçün hazırda ən perspektivlisidir. Rusiya niyə mütəxəssislərini göndərir? Çünki o, etibarlı müttəfiqi olan Türkiyə ilə quru əlaqənin qurulmasında maraqlıdır. Sizcə, Qarabağın ermənilərin olması Qərbin sanksiyalarından boğulan Rusiyaya o qədərmi lazımdı ki, İ.Əliyevin və R.T.Ərdoğanın təklif etdikləri  regional əməkdaşlıq platformasından erməniyə simpatiyasına görə imtina eləsin? Müharibə oldu, bitdi. Münaqişə həllini tapdı, oyun bitdi. Meşələrdə bir-iki ekstremist-fanatiklərdən başqa heç kəs hazırda müharibədən qalib çıxmış Azərbaycana qarşı müharibə planları qurmur, böyük siyasətdə bu, mənasız vaxt itkisi olardı.  Rusiya anlayır ki, Azərbaycan-Türkiyə cütlüyü ilə əməkdaşlıqdan daha çox fayda götürər, nəinki düşmənçilikdən. Ona görə, “Rusiya heç yerə sülh gətirməyib”, şablonu burada işləmir. Rusiyaya regionda sülh lazımdı ki, yenidən bərpa olunacaq, genişləcək infrastrukt lahiyələrdən, yeni açılan iqtisadi-ticari imkanlardan faydalansın.

“Rusiya gəldiyi yerdən getmir”. Bizdə siyasi “vanqalar” çoxdu, amma çoxunun öngörmələri boş çıxır. Mən bilmirəm, rus haçan çıxacaq, amma çıxacaq. Yaxın 10 ildə sülhməramlılar Qarabağda bizim maraqlarımıza daha çox fayda verəcəklər. O zamana Şuşada artıq 50 minlik, Xocalıda 15 minlik, Malbəylidə 10 minlik, Sırxavənddə 5 minlik, Umudluda 5 minlik, Kərkicahanda, Meşəlidə, Cəmillidə, Quşçularda çoxminli azərbaycan əhalisi yaşayacaq. Ermənilərsə bizim qapılarda işləyəcəklər. O zaman rus sülhməramlılarına təşəkkürümüzü bildirib, orden, medal da verib, təntənə ilə yola salacağıq. 
Qaldı siyasi marginallara. O gün birinə biraz baxdım. Rus sülhməramlılarının gəlişini səsində qalib notlarla deyirdi, gözlərinə işıq gəlmişdi. Çünki az qalmışdı “çörəyi əldən çıxsın”, yaxşı ki, sonda rus sülhməramlıları gəldi, indi alovlu, pafoslu çıxışlar üçün “tema var” və siyasi varlığını davam etdirmək üçün “gərəkçə” var. Bizi Birinci müharibədə uduzduranlar bunlar idi. Siyasi ucuz, dayaz adamlar. 1992-ci ilin oktyabrında, o zaman yeni yaranmaqda olan ordumuz 3 ay ərzində Dağlıq Qarabağın yarısını azad etmişdi. Erməni parlamenti Azərbaycana sülh üçün müraciət elədi. O zaman müharibəni indiki kapitulyasiya şərtlərindən daha sərfəli şərtlərlə bitirmək imkanı yaranmışdı. Lakin bu başbilənlər bu ağılla, əlbəttə, hərbi uğurlarımızı siyasi uğura çevirə bilməzdilər. 

Hələ bu harasıdı…Biz bu müharibədə düşmənə qarşı etdiyimizi-onların komandanını vurub, ordunu başsız qoymağı, bu bəylər müharibənin ortasında- 1993-cü ilin fevralın 10-da özümüzə, öz ordumuza  qarşı elədilər- ordunu başsız, sərkərdəsiz qoydular. Ki, Xankəndinə az qalıb, birdən o, Qarabağı alar,(haçansa) president olmaq eşqinə düşər”. Budur bunların dövlətçilik düşüncəsi. O müharibəni buna görə uduzduq. Torpaqlar bunların siyasi paranoyalarının qurbanı oldu.  İndi bu adamlar durub, Qarabağ siyasətində səhv axtarırlar, dövlətçiliyə təhlükələrdən danışırlar, gələcəyi apokaliptik rənglərlə təsvir eliyirlər. Halbuki, nə dövlətçiliyin, nə Qarabağın adını çəkməyə belə haqları yoxdur. Belə deyəndə, deyirlər, “…Qarabağda minlərlə Şəhid vermiş hərəkat…” və s. Şəhidləri özlərinə qalxan edirlər. Həqiqətən, bəzən  “vətənpərvərlik, əclafların son sığınacağıdır”.

Nazim Bayram, 
Qarabağ qazisi, ehtiyatda olan polkovnik-leytenant

Tarix: 15-12-2020, 08:57
Xəbəri paylaş



Xəbər lenti