İlham Əliyev: “Ermənistan rəhbərliyi o vaxt yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salıb” "Azərbaycan 30 ilə yaxın işğal altında yaşayıb. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdur”. AYNA xəbər verir ki, bu sözləri Bakının Azadlıq meydanında keçirilən “Zəfər paradı”nda çıxışında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, əslində, Ermənistanın aqressiv, təcavüzkar siyasəti hələ 80-ci illərin sonlarından başlanmışdır: “O vaxt indiki Ermənistan Respublikasında yaşamış yüz minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlər boyu yaşayıb. Ancaq Ermənistan rəhbərliyi o vaxt yüz minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salıb, ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu. Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmişdir, Xocalı soyqırımı törətmişdir. Ondan sonra Şuşa şəhərinin 1992-ci ilin may ayında və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 93-cü ili aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı. Və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu”.
“Biz uzun illər beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq. Böyük iş aparılmışdır. Və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Eyni zamanda bizim məqsədyönlü səylərimiz nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu. Bütün dünya gördü ki, Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Eyni zamanda bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz bu illər ərzində güc toplayırdıq. Həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, ölkə daxilində biz iqtisadiyyatımızı gücləndirirdik. Biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir. İldən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə biruzə verirdi”, - deyə ölkə başçısı vurğulayıb.
Tarix: 10-12-2020, 15:27