”Son iki əsrdə Azərbaycan xalqının və dövlətinin tarixinin ən qürur verici dövrünü yaşadığımız bir zamanda, sapı bizdən olan baltalar dövlətçiliyimizə, xalqımıza xəyanətkar əməllərindən qalmır.Ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdiyimiz bir dövrdə, hər bir azərbaycanlının məsuliyyətli olması olduqca son dərəcə vacib məsələdir. Tarix göstərir ki, Azərbaycan xalqı milli məsələlərdə həmişə məsuliyyətli davranmış, Milli Birliyimizi gücləndirtmiş və qorumağa çalışmışdır. Ancaq bəzi məmurlar isə, vətənə sədaqətli olması həm vətəndaş həmdə vəzifə borcu olmasına rəğmən tam əksinə fəaliyyət göstərir. Dəhşətli mənzərə odur ki, özünü ağıllı, savadlı, siyasi elita sayan bır sıra məmur nəinki vətənpərvərlik, birlik nümayiş etdirə bilmir əksinə, həmin Birliyimizi pozmağa, dövlətimizin siyasətinə kölgə salmağa çalışaraq öz ağalarının əmrlərini yerinə yetirərək, sözün əsl mənasında yüksək vəzifə başında dövlətimizə və xalqımıza xəyanət edir, bəli məhz xəyanət! Vətənpərvərliyi olmasa da heç olmasa da, vəzifə borcunu yerinə yetirməli olduğu və dövlət maraqlarını qorumalı olan bəzi yüksək vəzifəli məmurların olduqca provokativ və anti milli açıqlamaları digər ölkələrin maraqlarına xidmətinin aksioma şəklində sübutudur.”
Bunu hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov öz sosial hesabında yazmışdır. Vüqar Dadaşov qeyd etmişdir: “Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanınn, Milli Məclisin deputat mandatı əlində olan Rasim Musabəyovun xarici KİV-nə verdiyi açıqlamaları nəinki təəssüf edici, qəzəb doğuran, olduqca düşündürücüdür. Bir baxın, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “Russia Today” xəbər agentliyində keçirdiyi konfransında “Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər”- deyir və təmsil etdiyi Azərbaycan Respublikasının xarici və daxili siyasətini müəyyənləşdirən ölkə Prezidentinin Qarabağla bağlı verdiyi çox saylı açıqlamalarının tam əksini dilə gətirir. Bu nə deməkdir? Polad Bülbüloğlu ya ölkə Prezidentinin siyasətindən xəbərsizdir ya, məsələlərə öz siyasi baxışı var yada, Ermənistanın dövlət və millət maraqlarına xidmət edir. Digər bir məqam: Polad Bülbüloğlu Azərbaycan tərəfindən vurulmuş rus vertolyotu barədə “müharibədə hər şey ola bilər”- deyə Rusiyada kəskin ictimai narazılığa səbəb olan açıqlama verir... Nə deyim... Mənə elə gəlir ki, Polad Bülbüloğlu ya icra etdiyi vəzifənin məsuliyyətini anlamır, ya danışdığı sözlərin nə mənasını və onların verə biləcək effektini dəyərləndirə bilmir. Ancaq görünən odur ki, Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiri kimi Azərbaycanın milli maraqlarını qorumaq əvəzinə, onun maraqlarına xələl gətirir, Rusiya ilə həssas siyasi vəziyyətin və münasibətin kəskinləşməsinə çalışır. Düşünürəm ki, Polad Bülbüloğlu qocalıb və artıq nə danışdığının mahiyyətinə varmır. Birdəki, Polad Bülbüloğlu müğənnidir, axı onun siyasətdə nə işi var, getsin mahnısını oxusun, dinləyicilər də ona əl çalsın... Daha bir səfirimiz, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova isə elə bil Türklərə qarşı düşmənçiliyi var. Ukraynada populyar olan Savik Şusterin “Svoboda Slova” verilişinə onlayn qatılan Elmira Axundova Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu danmağa çalışıb. Şusterin “Bu gün Azərbaycanın əsas müttəfiqi Türkiyədir, Türkiyə həm də Zaqafqaziyada çox ciddi faktordur” replikasına səfir “ola bilər” deyərək, çox qısa formada cavab verib. Aparıcı Elmira Axundovanın ifadəsinə təəccübünü gizlətməyərək, onun “ola bilər” sözlərini bir neçə dəfə təkrar edib. Əlavə olaraq Elmira Axundova Azərbaycanın Ermənistan üzərində qələbəsinə görə Türkiyəyə yox Rusiyaya təşəkkürünü bildirib. Elmira xanımın bu vəzifədə, Ukraynada olmasını çox təhlükəli hesab edirəm. Bir baxaq və düşünək: Ukraynanın suveren ərazisini işğal edən Rusiya, Azərbaycanın Ukraynadakı səfirinin Rusiyaya simpatiyası, Ukraynanın Türkiyə ilə hərbi müttəfiqlik səviyyəsinə çatan əməkdaşlığı, Ukraynanın Azərbaycan ərazi bütövlüyünün bir mənalı dəstəyi, Ukraynanın öz ərazi bütövlüyünü pozan Rusiyaya qarşı mübarizə aparması fonunda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Rusiya sevgisi, Türkiyəyə nifrəti Azərbaycan dövlətinə hansı təhlükələr yarada bilər? Azərbaycan-Türkiyə-Ukrayna münasibətlərinə necə təsir edər? Bunu görmürükmü? Ya görmək istəmirik? Kənardan görünən isə odur ki, Elmira Axundova dövlətimizi elan etdiyi siyasətin əksinə gedir və onun üçün Rusiyanın siyasi maraqları Azərbaycanın və qardaş Türkiyənin maraqlarından üstündür. Təsəvvür edin publik şəkildə Rusiyanın maraqlarına xidmət edən açıqlama verən bir məmur, gözdən, qulaqdan kənar vəziyyətdə necə Rusiyanın maraqlarına xidmət edər? Bunu düşünən varmı? Milli Məclisin deputat mandatı əlində olan Rasim Musabəyov Rusiyanın “NTV” kanalına RusiyaTürkiyə sülhməramlıları ilə bağlı müsahibə verib və "Türkiyə əsgəri Qarabağda olmamalıdır” – deyə bildirib. Rasim Musabəyovun verdiyi açıqlama Azərbaycan xalqının kəskin etirazına səbəb olub. Bir baxın, Rasim Musabəyovun “MediaPost”a verdiyi açıqlamasına görə, deyilən tənqidlərə belə münasibət bildirib - “Məndən əl çəkin. Heç özüm o müsahibəni görməmişəm, oxumamışam. Belə boş-boş məsələlərə görə məni narahat etməyin”- deyə cavab verib. Əməllərinə görə belə xalqa açıqlama verməkdən imtina edən Rasim Musabəyov necə xalqın nümayəndəsidir? Məgər o, bilmir ki, onun cibində Azərbaycan xalqını təmsil etmək üçün deputat mandatı var. Bu Rasim Musabəyov bilmir ki, Azərbaycan xalqının daxili, ruhi istəyinə uyğun olaraq Türk qardaşalarımızı Azərbaycanda görmək istəyən xalqın necə istəyinə və seçiminə qarşı çıxa bilər? Rasim Musabəyov bilmir ki, deputat seçkisində xalqın istəyi və seçimi ilə deputat mandatına yiyələnmək olur? Əgər xalqın seçimi və istəyi sizin üçün önəmli və vacib deyilsə - siz onda necə deputat olmusuz? Rasim Musabəyov bu təzadlar haqqında düşünsə yaxşı olar. Birdə ki, Rasim Musabəyov, siyasi baxımdan publik səsləndirilməsi məqbul sayılmayan hallar var, siyasət elminin özəlliyi elə ondadır ki, səsləndiriləcək fikir doğru olsa da belə siyasi şəraitə, cəmiyyətin meylinə və baxışına uyğun olmalı və cəmiyyətin konsolidasiyasına xələl gətirməməlidir. Siz bu normaları çoxlarından yaxşı bilirsiz, səsləndirdiyiniz fikrin də cəmiyyət tərəfindən qəbul edilməyəcəyinizidə bilirdiz deməli, sizin öz hədəf və məqsədləriniz var... O ki, qaldı Tofiq Zülfüqarov Rasim Musabəyovu dəstəkləyərək Türkiyə hərbçilərinin gəlməsini istəyənləri “xroniki axmaq” adlandırması məsələsinə, Tofiq Zülfüqarov sözsüz ki, savadlı və ağıllı adamdır, onun dediyi “Türkiyə hərbçilərinin Azərbaycan hərbçiləri ilə birlikdə münaqişənin Rusiya və Ermənistan iştirakçıları ilə üzbəüz yerləşdirilməsi fikri psixoloji baxımından qarşıdurma hissi və məhz bu konfiqurasiyaya uyğun olaraq soyuqluğun yaranmasına şərait yaradır” fikirlərində müəyyən dərəcədə həqiqət var, ancaq Tofiq müəllim bir az gecikib, ikinci dünya müharibəsindən sonrakı gördüyünüz dünyanın siyasi düzəni dəyişib, dünya artıq iki qütblü deyil və reallıq budur ki, beynəlxalq məsələlərin, konfliktlərin həllində beynəlxalq humanizm və hüquq normaları artıq formal xarakter alıb, nəhayət Cənab Prezident İlham Əliyev qeyd etdiyi kimi “güc faktoru” önə çıxıb. Azərbaycan dövləti məhz “güc faktoru”dan istifadə etdiyi üçün bu gün öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, indi kim deyə bilər ki, “güc faktoru” ədalətin bərpasına xidmət etmədi?! İkinci bir məqam, Tofiq müəllim, Azərbaycan xalqının əzəli torpaqlarında erməni dövlətinin yaradılması, 20-ci əsrdə ermənilərin Azərbaycan xalqına qarşı ən azı 4 dəfə soyqırım törətməsi, bir milyondan çox qaçqın və köçkünlərimizin dədə-baba yurdlarından qovulması, Qarabağımızı qədim erməni torpaqları adlandırmaqları, canımız, ruhumuz Şuşada şərəfimizin tapdalanması, təhqir edilməsi, Xocalı soyqırımı kimi ağrımız, əsir götürülmüş qız-gəlinlərimiz, bizi qorxaq adlandırmaları, bizə meydan oxumaqları məgər 27-si sentyabra kimi “fikri psixoloji baxımından qarşıdurma hissi” yaratmırdımı? Biz hansı haqla “fikri psixoloji baxımından qarşıdurma hissi”ni nəzərə almalıyıq?!
Vüqar Dadaşov Neqativ.com
Tarix: 4-12-2020, 22:35