Fransa Burjua İnqilabının nankor övladları... - Nəsiman Yaqublunun yazısı






Bu gün Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda apardığı mücadilədə və işğalçı ermənilərədən torpaqlarını azad etdiyi bir zamanda Fransanın dövlət və siyasi xadimlərinin(başda prezident olmaqla) açıq şəkildə ermənipərəst mövqe tutması bizi təəccübləndirir.Ən azı son günlərdə ermənilərin azərbaycanlılara məxsus  evləri yandırması, maddi-mədəniyyət abidələrini dağıtması, heyvanları öldürməsi, ağacları kəsib ekoloji fəlakətlər törətməsindən sonra da fransız rəsmilərinin belə cinayətkarları müdafiəyə qalxması hamımızda təəssüf hissi doğurur.Düşünməli olursan ki, bu insanlar doğrudanmı bəşəriyyətin hüquqi əsaslarla  inkişafında ciddi əhəmiyyət kəsb etmiş Fransa Burjua inqilabının yetirmələdir? Əgər  fransız siyasiləri tarixlərində baş vermiş o məşhur inqilabı həqiqətən  unudublarsa,onda onlara həmin inqilabdan bəzi məqamları xatırladıram və  görəcəklər ki,  himayəsində dayandıqları ermənilər o dəyərlərdən çox uzaqda dayanıblar.
    
1789 –cu  ildə Fransada başlanan Böyük Fransa inqilabı yalnız fransızların deyi, eləcə də bütün Avropa xalqlarının siyasi  həyatında mühüm rol oynadı.Bu inqilab nəticəsində mütləq monarxiyadan  demokratiyaya , vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə ciddi istinadların əsası qoyuldu.Həmin ilin 14 iyulunda Bastiliya qalası alındı və o gündən fransızlar həmin hadisəni milli bayram kimi qeyd edirlər.O inqilabda qəbul edilən İnsan hüquqları haqqında bəyannamə("İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə")   liberal fikrin, düşüncə tərzinin inkişafında  mühüm tarixi sənəd xarakteri daşıdı.

Həmin məşhur Bəyannamədə bu maddələr də vardı:
 
“4. Azadlıq başqasına ziyan vurmayan hər şeyi etmək imkanından ibarətdir: beləliklə, hər bir insanın "təbii hüquq"larının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşdırılır. Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilər.
5. Qanun yalnız cəmiyyətə zərərli olan hərəkətləri qadağan etmək hüququna malikdir. Qanunla qadağan olunmayan hər şeyə icazə verilir və qanunla nəzərdə tutulmayanları etməyə heç kəsi məcbur etmək olmaz.”
  
Həmin inqilabı xatırlatmaqda və Bəyannamədən nümunə göstərməkdə  məqsədim odur ki, bir xalqın təcavüzünü təqdir edib, digər xalqın hüquqlarını qəbul etməyən Fransa Prezidenti cənab Makron və onun həmfikirliləri  heç olmasa öz ölkələrinin  tarixindən və qəbul etdiyi dəyərli qanunlardan xəbərləri varmı? Varsa bəs niyə bu  qeyri obyektiv mövqe sərgiləyirlər? Əgər yoxsa onda necə prezidentlik kürsüsündə yaxud Paris Bələdiyyə Şurasında gəlib əyləşiblər?
   
ATƏT-in Minsk Qrupunun həmsədri kimi bir faydalı iş görməyən və 30 ilə yaxındır ki, erməni işğalına qarşı əməli tədbir görməyənlərdən biri də məhz Fransa və onun prezidenti Makrondur.Öz ölkəsində “sarı jiletli”lərin etirazlarını amansızlıqla yatıran Makron  30 ilə yaxındır erməni işğalında qalan torpaqlarımızın azad edilməməsinə necə dözməyimizi bir düşünürmü? 
  
Makron və həmfikirliləri unudur ki, bir zamanlar indi mövqeyini müdafiə etmədiyi Azərbaycan xalqının qəhrəman oğlu Əhmədiyyə Cəbrayılov böyük cəsarətlə Fransanın azadlığı uğrunda savaşmışdı.Makronun sələfi Şarl de Qoll Sovetlər Birliyinə gələndə məhz onu aramışdı. Bəs o ağır günlərdə hansı erməni fransızlara dəstək olub?
    
Türk dünyasının böyük lideri M.K.Atatürk yazırdı:”Tarixi yapan da böyükdür, tarixi yazan da böyükdür!”.Bu həqiqətən də belədir.Bu gün fransız siyasiləri görünür ki, elə öz tarixlərindən xəbərsizdirlər.Öz tarixini  öyrənməyən və dəyərləndirməyən insanların başqa millətlərin tarixinə sayğılı yanaşması qeyri-mümkündür. 
Tarix: 22-11-2020, 16:16
Xəbəri paylaş



Xəbər lenti