Fransa ölü qurumu ermənilərin xeyrinə diriltməyə çalışır - nonsens; politoloq: “Makron sanki Fransanın yox, Ermənistanın dövlət başçısıdır...”
Azərbaycan 44 gün ərzində savaş meydanında öz qələbəsini təmin elədi. Bu, o deməkdir ki, Qarabağ məsələsi 90 faiz artıq öz həllini tapıb. Çünki 27 illik mənasız danışıqlar prosesi göstərdi ki, konfliktin sülh yolu ilə həlli mümkünsüzdür, o, yalnız hərbi-siyasi yolla nizamlana bilər. Elə də oldu. Azərbaycanın müzəffər ordusu işğalçının çoxdan gözlənilən cəzasını verdi və artıq ərazi bütövlüyümüzün tam bərpasına (1 dekabr) sayılı günlər qalıb.Təbii ki, bu möhlət də olmaya bilərdi. Sadəcə, Bakı son anda bir daha humanistlik göstərdi, Rusiya kimi böyük qonşunun, onun lideri Vladimir Putinin sözünü yerə salmadı. Əminik, İrəvana deyil, Moskvaya edilən bu kiçik güzəşt uzun müddət Azərbaycanın nəfinə işləyəcək. Özü də təkcə Dağlıq Qarabağ məsələsində deyil.
*****
Əlbəttə ki, bineyi-qədimdən güclü ilə daim hesablaşıblar. O ki ola həm də haqlı mövqedə olan güclü ilə. Bizə, Azərbaycana kim nə deyə, hansı irad tuta bilər ki? Putinin də etiraf elədiyi kimi, Bakı sırf öz ərazilərini işğaldan azad edib və nə Ermənistanın sərhədini aşıb, nə də mənfur düşmənimiz kimi mülki əhaliyə qarşı etnik təmizləmə həyata keçirib.
Bununla belə, əfsus ki, hələ də erməni yalanlarına uyan bəzi dövlətlər ağı qara kimi təqdim eləmək cəhdlərindən əl çəkmirlər. Söhbət ilk növbədə Ermənistana bu günədək havadarlıq edən Fransadan gedir. O Fransa ki, məntiqlə və ona verilən mandata görə, Qarabağ məsələsində vasitəçi olaraq tam neytral, qərəzsiz mövqedən çıxış etməlidir. Daha doğrusu, etməli idi. Çünki artıq ATƏT-in Minsk Qrupu da işğal xəritəsi kimi tarixə gömülür. Bunu dolayısıyla Rusiya başçısı da son müsahibəsində etiraf elədi.
“Rəsmi Paris Cənubi Qafqazda 30 ildən sonra sülhün əldə edilməsindən narahatdır. Təəssüflər olsun ki, Fransa bölgədə sülhün əldə edilməsindən sonra da sakit dayanmaq niyyətinin olmadığını sübut etməkdədir. Fransanın yüksək vəzifəli şəxsləri planetin müxtəlif münaqişələrində olduğu kimi, Azərbaycan və Ermənistan arasında yaşanan münaqişə ilə bağlı da sülhü təmin edən bəyanatlar vermək əvəzinə, qızışdırıcı və regionda sabitliyə xələl gətirən çıxışlar etməkdədirlər”.Bu sözləri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Politoloq Paris meriyasının mövcud olmayan qondarma “dqri”i yaxın günlərdə tanınmağa hazırlaşmasını da bu qəbildən təxribat sayır: “Parisin meri Enn İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir, təsadüfi deyil ki, ən yaxın müavinlərindən biri milliyyətcə erməni Anuş Toronyandır. Paris şurasında Fransa prezidenti Makronun yaratdığı və rəhbərlik etdiyi ”İrəli Fransa" partiyası geniş şəkildə təmsil olunur. Bu, ondan xəbər verir ki, qondarma respublikanın mümkün tanınması Fransanın şəhər kommunalarında olduğu kimi, Parisdə də Makronun sifarişi və nəzarəti ilə həyata keçirilir.
Makronun hakimiyyətə gəlişi ilə Fransa Qarabağdakı separatçıları hər zaman açıq-aşkar dəstəkləyib. Hələ bir neçə il əvvəl, separatçı rejimin keçmiş rəhbəri Bako Saakyanın Fransaya səfəri, fransız merlərin və bələdiyyə rəhbərlərinin Qarabağa qanunsuz səfərləri, eyni zamanda separatçı rejimlə əlaqəli atılan digər qanunsuz addımlar Parisin separatçılığı dəstəkləməsinin nümunələridir".
Ekspert xüsusilə vurğulayır ki, hərbi əməliyyatların getdiyi dövrdə Fransanın hərbi kəşfiyyatı davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürüb, Fransadan Ermənistana raket sistemləri də daxil olmaqla, silah-sursat göndərilib: “Eyni zamanda Makron şəxsən Paşinyana Azərbaycanın müharibədə qalib gəlməsinə imkan verməyəcəyinə söz verib. Bəs Makronun özünü bu qədər həyasızcasına aparmasına səbəb nədir? Şam yeməklərində erməni dostları ilə badələri erməni xalqının şərəfinə qaldıran Makron bu gün bəşəriyyət qarşısında dayanan qlobal problemlərə qarşı mübarizə aparmaq, Fransa daxilində dinlər və xalqlar arasında problemləri həll etməkdənsə ”ermənidən daha çox erməni" rolunu oynamağa başlayıb. Fransanın beynəlxalq ictimaiyyətin işğalçı dövlət kimi tanıdığı Ermənistanın yanında dayanması bu dövlətin maraqlarının deyil, Makronun şəxsi maraqlarının təzahürüdür. Sanki bu adam Fransanın deyil, Ermənistanın dövlət başçısıdır. Fransa unutmamalıdır ki, Avropa İttifaqının əsas iki dövlətindən biridir, Azərbaycan isə İttifaqın iqtisadi və siyasi tərəfdaşıdır. Bu kimi addımlar atmaqla Makron Avropa İttifaqının ümumi maraqlarına zərbə vurur və təşkilat daxilində “parazit” rol oynadığını isbatlamış olur".
Politoloq güman edir ki, Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk Qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. “Fransa həm də Rusiya və Türkiyənin münaqişənin həlli ilə bağlı fəallığına paxıllıq edir və bu ölkələrin göstərdiyi səylərin müsbət nəticəsindən ciddi narahatdır. Lakin Fransanın bu narahatlığı həm də yersizdir. 30 il idi ki, Parisin təmsil olduğu ATƏT-in Minsk Qrupu Azərbaycanı öz aləmində aldatmaqla məşğul idi. Artıq birmənalı şəkildə demək olar ki, Fransa bu əməlləri ilə Minsk Qrupundan qovulmasının əsasını qoydu. Azərbaycan nümayəndə heyəti Fransanın dərhal danışıqlar prosesindən rədd olması üçün bütün imkanlardan istifadə etməli, münaqişənin nizamlanması prosesinə, məsələn, Avropa İttifaqının digər aparıcı dövləti sayılan Almaniya gətirilməlidir”, - deyə o əlavə edib.
*****
Başqa yandan, əgər Azərbaycan öz ərazi bütövlüyünü vasitəçisiz-zadsız, təkbaşına, özü təmin edibsə, Minsk Qrupuna, özünü bizə vasitəçi kimi sırıyan ermənipərəst Fransaya nə ehtiyac varki? Azərbaycan öz igid övladlarının canı, qanı bahasına buna nail olub. Belədirsə, biz nədən biabırçı adla tarixdə qalmış Minsk Qrupuna, “onun xidmətləri”nə təzədən üz tutmalıyıq? Geriyə sözsüz ki, dönüş olmayacaq. Həm də o səbəbə ki, biz şəhidlər vermişik. Məhz onların canı, qanı bahasına status kvo birdəfəlik xeyrimizə dəyişib, işğalçı ordu darmadağın edilib, işğalçı Ermənistanın isə “fəqərə sütunu” qırılıb. Şuşa kimi incimiz geri qaytarılıb...
*****
Azərbaycan hərbçilərinin misilsiz şücaətini sentyabrın 27-də Qarabağda müharibə başlayanda yaralıları müalicə etmək üçün Türkiyədən könüllü olaraq Azərbaycana gələn bir çox azərbaycanlı həkimlər də təsdiqləyirlər. Onlardan biri də Akdeniz Universitetinin Tibb Fakülətisi Xəstəxanasında çalışan Amil Hüseynov olub (Virtualaz.org).
Hüseynov 40 gün boyunca Bərdədəki hərbi hospitalda çalışıb, o və qrupu həmin müddətdə 300-ə yaxın yaralı əsgəri və mülki sakini müalicə edib. Ermənistan ordusunun Bərdəni “Smerç” raketləri ilə atəşə tutub onlarla dinc sakini qətlə yetirməsi zamanı doktor Hüseynov da yüngül yaralanıb, amma Bərdəni tərk etməyib və yaralıların müalicəsini davam etdirib.Hərbi əməliyyatların dayandırılması haqda razılaşmanın əldə edilməsindən sonra A.Hüseynov Bərdədəki işini tamamlayıb və yenidən Antalyaya dönmək üçün hazırlaşır. O, “Anadolu” agentliyinə açıqlamasında deyib ki, müharibənin başladığını eşidən kimi Bakıya uçan ilk təyyarəyə bilet alıb, daha sonra icazə məsələlərini həll etməyə başlayıb. İstanbul üzərindən Bakıya uçan Hüseynov deyir ki, uşaqlarından birinin sənədində problem vardı. Amma Bakı aerportunda Azərbaycana hansı məqsədlə gəldiyini eşidəndə orada xidmət aparan əməkdaşlar məsələni həll ediblər və Hüseynovu ölkəyə buraxıblar.
Deyir ki, Akdeniz Universiteti Tibb Fakültəsi Xəstəxanasının rəhbərliyi də icazə məsələsində ona kömək edib. “Çalışdığım dönəmdə Türk millətinin dəstəyini hiss etdik. Burada bütün xalq birlik və bərabərlik içərisindəydi. Türkiyə jurnalistlərinin də burada heç bir detalı qaçırmadan çatdırması qürurverici idi. Türkiyə və Azərbaycan bayraqlarını yan-yana görmək də bizdə qürur yaradırdı”,- o bildirib.
Doktor Hüseynov deyir ki, müharibənin ilk günlərində Bərdə hospitalında çoxlu sayda hərbçini və mülki şəxsi müalicə ediblər. “Yaralı əsgərlər tez sağalıb yenidən cəbhəyə getməyə can atırdı. Onları hospitalda güclə saxlayırdıq. Ermənilərin atdıqları raketlərdən biri xəstəxananın yaxınlığına düşdü, binanın arxasındakı maşınlar yanıb kül oldu. Mən də yüngül yaralandım. Partlayış dalğasının təsirinə məruz qaldım. Qıçım üç gün sarğıda qaldı. Bir neçə kəsik yaranmışdı”,- deyə o bildirib.Amil Hüseynov deyir ki, o və komandası 300-ə yaxın hərbçini və mülki şəxsi müalicə edib. “Buradakı missiyam hələlik bitdi, Türkiyəyə dönəcəyəm. Ehtiyac olsa yenə qayıtmağa hazıram” - o vurğulayıb.
Azərbaycan beləcə, təkcə ordusu ilə deyil, bütövlükdə xalq olaraq döyüşdü və haqq elədiyi qələbəsini qazandı...
Siyasət şöbəsi
Tarix: 19-11-2020, 09:12