Fransa Qafqaz bölgəsində nüfuzunu itirdi, ABŞ-dan nə gözləyək?


Qarabağla bağlı Rusiya və Türkiyənin birgə fəaliyyəti ATƏT-in Minsk Qrupunun digər iki üzvünü oyundankənar vəziyyətə salıb; ekspertlər deyir ki...

Azərbaycanın qısa müddətdə öz torpaqlarını işğaldan azad etməsi terrorçu Ermənistanla yanaşı, Makronun təbiri ilə desək, onun “bacısı” - Fransanı da ciddi şəkildə narahat edir. Ancaq Parisin cidd-cəhdlə işğalçı ölkəni xilas etmək istiqamətində səyləri, Azərbaycan dövlətinin prinsipial mövqeyi səbəbindən nəticəsiz qalmaqdadır.
Reallıq budur ki, Fransa Qafqaza Ermənistan vasitəsilə təsir dairəsini itirir. Belə olan təqdirdə nəzərlər digər həmsədrə, ABŞ-a yönəlir. Maraqlıdır, bəs Vaşinqtonda nə düşünürlər?
Bu gün Minsk Qrupu formal olaraq qalır. Rusiya sülhməramlılarının Qarabağa gəlişindən sonra digər iki həmsədrin “ofsayd”da qalması faktdır. Prezidentiliyinin son günlərində Tramp bəyan etmişdi ki, Qarabağa Skandinaviya ölkələrindən sülhməramlı missiya göndərmək olar. Amma Tramp bu haqda düşünüb də, seçkiyə baş vurduğu dönəmdə Rusiya addım atdı. Qardaş Türkiyənin hərbi kontingentinin də Qarabağda yerləşdirilməsi artıq qətiləşib. Belə olan təqdirdə, ABŞ-ın proseslərə necə reaksiya verəcəyi günün əsas suallarındandır. Donald Trampın prezidentliyi dönəmində Qafqaz siyasəti uğursuz oldu, amma bundan heç narahat da olmadılar. Bəs yeni prezident Co Bayden dövründə necə, bu siyasət dəyişə bilərmi, yoxsa bizə də bu cür məsafəli siyasət sərf edir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Vaşinqton və Paris Minsk Qrupunu dirçəltmək istəyirlər: “Minsk Qrupu həmsədrləri illər uzun Dağlıq Qarabağ münaqişəsinin ”həlli ilə" məşğul oldu, əslində isə işğalçının nazı ilə oynadı. Həmsədrlər (ABŞ, Fransa və Rusiya) özlərinin hazırladığı “Madrid planını” Ermənistana qəbul etdirmədi. Nəticədə Azərbaycan qərarını verdi və müharibə başladı. Azərbaycan qalibdir. Əlbəttə, Fransa və ABŞ-da bu bəzi dairələri narahat etsə də, Ermənistanın məğlubiyyətindən çox da kədərlənmirlər. Onları əsas narahat edən Türkiyənin Cənubi Qafqazda artan roludur".




Elxan Şahinoğlu
Ekspert qeyd etdi ki, müharibə getdiyi müddətdə danışıqlar prosesində əsas iki dövlət iştirak edirdi: “Rusiya və Türkiyə. Məhz bu iki ölkənin rəsmiləri 44 gündə bir-birləri ilə tez-tez telefon danışıqları apardılar və vəziyyətdən çıxış yolları axtardılar. İki həmsədr - ABŞ və Fransanın faktiki oyundankənar vəziyyətdə qalması Rusiyanı da narahat etmirdi. Çünki ABŞ və Fransanın Rusiyaya qarşı sayı bəlli olmayan sanksiya qərarı, münasibətlərində kifayət qədər problemlər var. Ona görə də Moskva müharibə müddətində Paris və Vaşinqtonla hərəkət etməkdənsə, Ankara ilə dialoqa ehtiyac duydu. Moskva anlayırdı ki, Azərbaycan Vaşinqton və Parisin çağırışlarını eşitməyəcək, Bakı daima Ankara ilə təmas içində idi”.
E.Şahinoğlu hesab edir ki, buna baxmayaraq, Vaşinqton və Paris son günlər “biz də varıq” deməyə çalışır: “Parisdə ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Fransanın xarici işlər naziri Jan İv Le Drian arasında görüşdə əsas müzakirə mövzularından biri Dağlıq Qarabağ olub. Onlar əvvəlki həmsədrlik institutunun davamı gərəkliyini vurğulayıblar. Birincisi, ABŞ və Fransanın xarici siyasət idarələrinin başçıları atəşkəsin əldə olunmasında Rusiyanın addımlarını qeyd ediblər. Yəni Pompeo və Jan İv Le Drian Rusiyanın addımlarını dəstəklədiklərini deməyiblər, sadəcə, ”olan faktı qeyd ediblər". Yəni Vaşinqton və Paris qeyri-müəyyən ifadə ilə Rusiyanın atəşkəs nailiyyətini tərifləməkdən çəkiniblər. İkincisi, ABŞ və Fransanın baş diplomatları sualların qaldığını, ən başlıcası isə Türkiyənin rolundan narahat olduqlarını açıq ifadə ediblər. Bu suallara onlar Rusiyadan cavab istəyiblər. Rusiya hər iki həmsədr ölkənin təmsilçilərini məsələni aydınlaşdırmaq üçün Moskvaya dəvət edib. ABŞ və Fransanın baş diplomatları açıq bildiriblər ki, Türkiyənin Şərqi Aralıq, Liviya və Suriyadakı siyasətindən narazıdırlar. Yəni onlar bununla demək istəyiblər ki, Türkiyənin Cənubi Qafqazdakı və Azərbaycandakı fəallığı da onları narahat edir. ABŞ təmsilçisi onu da vurğulayıb ki, Türkiyənin bölgədə hərbi potensialının artmasından narahatdır, elə bil söhbət Vaşinqtonun NATO üzrə müttəfiqindən getmir. Üçüncüsü, ABŞ və Fransa təmsilçiləri qeyd ediblər ki, danışıqlar yenidən həmsədrlər çərçivəsində aparılmalıdır. Hiss olunur ki, Rusiya da bunu istəyir. Müharibə müddətində Ankara ilə sıx dialoq içərisində olan Moskva Türkiyənin Cənubi Qafqazda artan rolunu balanslaşdırmaq üçün Vaşinqton və Parisin diplomatik imkanlarından istifadə etməyə maraq göstərə bilər".
Politoloq qeyd etdi ki, beləliklə, Fransa və ABŞ yenidən meydana qayıtmaq istəyirlər: “Ancaq meydanda hazırda iki əsas oyunçu var - Rusiya və Türkiyə. Əlbəttə, Ermənistan Fransa və ABŞ-ın oyuna qayıtmasını çox istəyir, çünki müharibə boyunca Vaşinqton və Parisdən öz xeyrinə açıqlamalar əldə edirdi. Əsas sual budur: biz bu iki dövlətin yenidən danışıqlar prosesində rol almasını istəyirikmi? Rusiya onsuz da ermənilərdən yanadır, bir də ona daha iki ermənipərəst mərkəzin qoşulmasından nə əldə edəcəyik?”
Düşmən hər fürsətdən istifadə edə bilər - Zaur Məmmədov


Zaur Məmmədov
Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov “Yeni Müsavat”a dedi ki, Qarabağ nizamlanmasında Minsk Qrupunun deyil, Türkiyə və Rusiyanın vasitəsilə 2+2 formatının daha effektiv olması regiondakı reallıqlarla bağlıdır: “Əlbəttə ki, bu gün Qarabağda ABŞ-ın səsləndirdiyi sülhməramlılar formatının baş tutmasının əsas səbəbkarı Tramp administrasiyasının hərbi əməliyyatlar dövründəki passivliyi ilə əlaqədardır. Vaşinqton faktiki olaraq Qarabağa rus sülhməramlılarının gəlişinə mane olmadı. Ümumiyyətlə, Tramp dövründə Suriya, Cənubi Qafqaz, Liviya və Əfqanıstanda ABŞ sakit şəkildə bu həssas nöqtələri Rusiyaya verdi. Düşünürəm ki, Bayden vaxtında Rusiya ilə ABŞ arasında münasibətlər daha iti olacaq. Demokratlar Qafqazda Rusiya və ABŞ arasında rəqabəti gücləndirəcəklər. Azərbaycan üçün də ən optimal gedişat - bölgədə rəqabətin olmasıdır. Çünki bir dövlətin burada təkbaşına hegemonluğu öz əlində cəmləşdirməsi qarşısında müdafiəyə ehtiyac olacaq”. 
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Fransanın təkcə Cənubi Qafqaza deyil, Parisin ənənəvi nüfuz dairəsinə daxil olan regionlara da təsiri azalıb: “Bunun müəyyən hissəsi Rotşildlərin bankiri, qlobal bank-maliyyə sisteminin təmsilçisi olan Emmanuel Makronun ölkəsinin nüfuzuna vurduğu zərbə ilə bağlıdırsa, digər və daha əhəmiyyətli hissəsi qlobal geosiyasi dəyişiklərlə bağlıdır. Hansı ki, təkcə Fransanın deyil, İkinci Dünya müharibəsinin nəticələrinə uyğun olaraq, Yer üzündə hakimi-mütləq olan ölkələrin ayrı-ayrı bölgələrə təsir imkanlarını azaldıb. Bu baxımdan, Baydenin ABŞ prezidenti seçilməsi, dünyaya qondarma ”demokratik dəyərlər" ixrac etməklə, ayrı-ayrı beynəlxalq təşkilatlar vasitəsilə ayrı-ayrı regionları təsir dairəsində saxlamaq strategiyası ilə hərəkət edən demokratların hakimiyyətə gəlməsi heç nəyi dəyişməyəcək. Əksinə, ola bilsin ki, mərkəzdənqaçma meylləri daha da güclənsin və yeni oyunçular əvvəlkindən daha israrlı mövqe nümayiş etdirsinlər. Dünya dövlətləri BMT Təhlükəsizlik Şurası “beşliyinin” ədalətsiz oyunlarından, qlobal sülhə yaratdıqları təhdidlərdən yorulublar. İndi daha ədalətli, dövlətlərin suverenliyinə tam təminat verən düzən uğrunda mübarizə gedir və bu prosesin qarşısını almaq mümkün deyil".

Elçin Mirzəbəyli: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı siyasi  arenada darmadağın etdi


Elçin Mirzəbəyli
Politoloq qeyd etdi ki, COVİD-19 pandemiyası qlobal iqtisadi münasibətlər sistemində yeni düzən yaradıb və prosesi əvvəlki mərhələyə qaytarmaq mümkün olmayacaq: “Yəni iqtisadi təzyiq mexanizmləri ilə qlobal hakimiyyəti qoruyub-saxlamaq mərhələsi geridə qalıb. Artıq nüvə silahı da qlobal təzyiq mexanizmlərinin effektivliyini qorumaq üçün əvvəlki təsirə malik deyil. Bir tərəfdən nüvə dövlətlərinin sayı artıb, digər tərəfdən isə hərbi sənayedə tətbiq olunan yüksək texnologiyalar reallıqları dəyişdirib. Bununla yanaşı, yeni güc və müqavimət mərkəzlərinin də qlobal proseslərdəki rolunun artdığını qiymətləndirmək lazımdır. Bu bağlamda 120 dövlətin üzv olduğu, 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatının qlobal proseslərdəki güclənməkdə olan rolunu da nəzərə almaq lazımdır. Azərbaycanın hərəkata sədrliyi onun işinə yüksək dinamika gətirib və hərəkatdaxili konsolidasiyanı kifayət qədər gücləndirib. Artıq Rusiya bu təşkilatda müşahidəçi statusunda iştirak etmək üçün Azərbaycana müraciət edib. Qarşıdakı illərdə belə müraciətlərin sayının artacağını düşünürəm. Qoşulamama Hərəkatı beynəlxalq münasibətlər sistemində öz rolunu itirməkdə olan, Təhlükəsizlik Şurası üzvlərinin aşırı mühafizəkar davranışları səbəbindən yenilənə və müasir çağırışlara cavab verməyən BMT-ni daha ədalətli model olaraq əvəzləyə bilər. Ola bilsin ki, bu yanaşmam hazırda inandırıcı görünməyə bilər, amma BMT-nin öz nüfuzunu itirdiyi və bu prosesin sürətləndiyi bir zaman kəsiyində Qoşulmama Hərəkatının mövqelərinin güclənəcəyi qənaətindəyəm”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ -  modern.az

Qafar Çaxmaqlı
Mühacir Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Şurasının sədri, Türkiyənin Ərciyəz Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı bu mövzuda qəzetimizə açıqlama verərkən tarixə ekskurs etdi: “Yada salaq kı, Qərb ölkələri ABŞ və Fransanın timsalında Cənubi  Qafqazı öz təsir dairələrinə salmaq üçün Rusiya ilə rəqabət aparırdılar və hətta Minsk Qrupu içində də belə mübarizə gedirdi. Elə zamanlar olmuşdu ki, Rusiyanın rolu minimuma endirilmişdi. Qərb ümid edirdi ki, Ermənistanda qərbyönlü qüvvələrin hakimiyyətə gətirilməsi ilə bu durum davam edəcək. Onlar Paşinyana çox ümid edirdilər. Amma Qarabağda başlanan savaş və Rusiyanın buraya sülhməramlı qüvvələr yeritməsi nəticəsində artıq həm Amerikanın, həm də Fransanın bölgəyə müdaxilə imkanları məhdudlaşıb. Bu iki ölkə indi Minsk Qrupunun danışıqlar prosesini qaldığı yerdən davam etdirilməsi fikrini ortaya atmaqdan başqa çarələri yoxdur. Amma onun hansı effekt verəcəyi müəmmalıdır”. Q.Çaxmaqlı qeyd etdi ki, tez-tez dilə gətirilən baza prinsiplərinə əslində ehtiyac qalmayıb: “Ötən dövrdə də, elə indi də bu məsələ ilə yalnız manipulyasiya edilə bilər. Rusiya bu ölkələri əslində kənarda qoyub. Amerika Türkiyə vasitəsilə məsələnin içinə girmək istəyəcək. Amma bunun da Amerika üçün siyasi olaraq faydalı olacağını düşünmürəm. Yeni Amerka başkanı Bayden Qarabağ məsələsində aktiv rol almağı hələ ki büruzə verməyib. Fransa isə oyundankənar vəziyyətdədir. Bu durum bizə nə dərəcədə sərfəlidir. Mənə elə gəlir ki, danışıqlar formatını müəyyən edərkən Türkiyənin prosesə daxil olması gerçəkləşə bilər. Bu isə ABŞ və Fransanın deyil, sahədə qələbə qazanmış Azərbaycanın təkidi ilə ola bilər. Rusiya isə prosesdə ABŞ və Fransanın deyil, Türkiyənin olmasını seçə bilər. Danışıqlarla bağlı hələ bəlli bir situasiya yetişməyib. Hadisələrin gedişi bunu müəyyənləşdirəcək. Bunun üçün isə zamana ehtiyac var”.
Elşad PAŞASOY
Tarix: 18-11-2020, 09:06
Xəbəri paylaş



Xəbər lenti