Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibidir. Bu şəksizdir. Müharibənin bu mərhələsi tariximizə qızıl həriflərlə yazıldı və milli şərəf və ləyaqətimiz daha parlaq şəkildə bərpa olundu. Amma Qarabağ məsələsi hələ bitməyib.
Qarabağ münaqişəsi müharibə fazasından çıxaraq yenidən diplomatik mübarizə formasına keçdi. İndiki mərhələ birincidən fərqli olaraq daha mürəkkəb forma alıb və mürəkkəblik tədricən gərginliyə doğru irəliləyir. Səbəb? Çox baş sındırmadan demək olar ki, səbəb Rusiyanın Qarabağa girməsidir. Əgər 1988-ci ildən Rusiya Qarabağ problemini səhnə arxasından idarə edən rejissor idisə, 10 noyabrdan birbaşa səhnədə özüdür.
Rusiyanın sülhməramlı olmadığı tarixən məlum olsa da, ildırımsürətli bəyanat imzalanması, helikopterin Naxçıvanda vurulması, sülhməramlılıq funksiyasına aid olmayan hərbi qüvvələrlə Qarabağa daxil olması göstərir ki, bu işləri adi danışıqla deyil, “pis və ən pis” seçimi qarşısında qoyaraq, bizə “pisi” qəbul elətdirib və Azərbaycana gəlişi qısa müddətə hesablanmayıb.
Biz, yəni Azərbaycan və Türkiyə faktiki olaraq cəbhədən-cəbhəyə keçmişik. 44 günlük müharibə bitdi. Dörd gündür müharibə davam edir. Bu dəfə hərb cəbhəsində deyil, diplomatiya cəbhəsində həqiqi ciddi qarşıdurma yaranıb. O qədər ki, yenidən hərb cəbhəsi açıla bilər. İki gündür Rusiya-Türkiyə arasında diplomatik atışma gedir. Məhz danışıqdan çox, söz, mövqe atışması. Diqqət edin:
Türkiyənin müdafiə naziri Hülusi Akar bəyan edib: "Qarabağ ilə bağlı anlaşmalara riayət etmə monitorinqində və müşahidəsində Türkiyə iştirak edəcək. Türk hərbçilər birgə sülhməramlı missiyanın tərkibində olacaqlar".
Rusiyanın Xarici İşlər Nazirliyi: "Qarabağda türkiyəli hərbçilər sülhməramlı qismində olmayacaqlar"
Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlu: "Türkiyə və Rusiyanın Qarabağda atəşkəs rejiminə əməl olumasına nəzarət mərkəzlərinin və şöbələrinin harada yerləşdirilməsi məsələsi Azərbaycanla müzakirə ediləndən sonra həllini tapacaq. Söhbət Qarabağdan gedirsə, ora Azərbaycan ərazisidir. Mərkəzlər və şöbələr Azərbaycanın gərəkli saydığı yerlərdə olacaq".
Rusiyanın XİN başçısı Sergey Lavrov: "Qarabağda atəşkəs rejiminə əməl olunmasına nəzarət mərkəzləri və şöbələri Qarabağdan kənarda, Azərbaycan ərazisində olacaq".
Qeyd olunanlar bir gün ərzində verilən bəyanatların bir hissəsidir. Və artıq iki gündür ki, Rusiya Müdafiə Nazirliyi geniş tərkibdə Ankarada bu danışıqları davam etdirirlər. Türkiyə müharibənin başından öz iştirakını bəyan edib, Rusiya da könülsüz olsa da bunu qəbul edib. Bəs, nədən indi kəskin etiraz edir? Deməli, məqsəd sülhməramlılıqdan kənardır, burda xoş məram olsaydı Türkiyənin sülhməramlıları ilə birgə fəaliyyət bölgəyə sülhü daha tez gətirərdi. İkincisi, ”...Qarabağdan kənarda, Azərbaycan ərazisində olacaq” nə deməkdir? Qarabağ Azərbaycan ərazisi deyil ki, Rusiya rəsmisi belə bir bölgüyə yol verir? Hələ dünən Rusiya televiziyasında rusiyalı politoloqlar Qarabağın Rusiyaya 50 illik müddətə icarəyə verilməsini təklif kimi irəli sürdülər. Bu gün Ankarada danışıqların necə bitəcəyi məlum deyil. Amma, Türkiyənin belə bir rol almadığı halda bu gün Azərbaycanın Qarabağda nəzarət etdiyi bütün bölgələrdə Türkiyə hərbi bazalarının yerləşdirilməsini gündəmə gətirmək lazımdır.
10 noyabr Bəyanatından sonra isə Rusiya missiyasına uyğun olmayan fəaliyyətə başlayıb. Putin humanitar fəlakətdən danışır və qaçqınların tezliklə bölgəyə dönməsi üçün infrastrukturların bərpası ilə bağlı fərman imzalayıb. Faktiki olaraq Rusiya ermənilərin geri dönməsi üçün təbliğat aparır. Rusiya bizə aid olan təşəbbüsü ələ alıb. Azərbaycan bütün humanitar məsələlərlə bağlı olan işlərin təşəbbüsçüsü olmalıdır. Dövlət olaraq Qarabağ ermənilərinin təhlükəsizliyinə və əmlaklarının toxunulmazlığına zəmanət verməliyik. Bunun beynəlxalq siyasi əhəmiyyəti var. Paralel olaraq dekabrın 1-dən sonra, yəni Laçın rayonu Azərbaycana təhvil verlən gündən başlayaraq, Qarabağın nəzarətimizdə olmayan yerlərinə azərbaycanlı qaçqınların yerləşdirilməsi məqsədilə həyati vacib obyektlərin, infrastrukturların bərpasına başlanmasını indidən elan etmək lazımdır. Bu məqsədlə Azərbaycan hüquq-mühafizə orqanlarının, DİN, DTX-nın yerli strukturlarının fəaliyyətə başlaması və tikinti-bərpa işlərini görən təşkilatların işçilərinin təhlükəsizliyi təmin olunmalıdır. Prosesə başlamağın vaxtı sonra müəyyən edilə bilər, amma bu işlərə başlamaq haqqında plan indidən elan olunmalıdır. Ümumiyyətlə, Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərin yerləşdirilməsi başqa bölgələrdən daha tez həyata keçirilməlidir.
Ermənilər artıq tək-tək olsa da geri dönürlər. Dekabrın 1-dən sonra gəlib-gedənlərin sərhəddən buraxılışı beynəlxalq qanunlara və normalara əsasən Azərbaycan tərəfdən həyata keçirilməlidir. Bu çox vacib məsələ cəmiyyətdə narahatlıq yaradır. Azərbaycan tərəfi artq elan etməlidir ki, Azərbaycan –Ermənistan dövlət sərhədinə, o cümlədən Laçın dəhlizinin başlandığı yerdə buraxılış sülhməramlılarla (Türkiyənin də iştirakı gündəmdədir) birlikdə Sərhəd qoşunları tərəfindən nəzarət olunacaq.
Qarabağın nəzarətimizdə olmayan hissəsi ilə bağlı hökümət kompleks tədbirlər planı hazırlamalı və Azərbaycan Konstitusiyasına əsaslanan detallı qaydalar işlənməli, bu gün narahatlıq yaradan məsələlərə yüksək səviyyədə münasibət bildirilməlidir. Bu, qələbəmizi sona çatdırmaq üçün çox əhəmiyyətlidir.
İlham İsmayıl
Tarix: 14-11-2020, 09:16