Bakının siyasi marşrutu bəlli: Moskva-Ankara, bəs Qərbi seçən Paşinyan Putinə niyə yalvarır?




 
Qarabağda gedən prosesləri həm də strateji savaş adlandırmaq lazımdır. Bu müharibə strateji dilemma baxımından həyati əhəmiyyətli hadisədir.
Anaxeber.info məlumat verir ki, döyüşlərdən sonra ölkələrin seçimləri, regionun hakimləri müəyyənləşəcək. Çünki Qarabağ geopolitik siyasi cəbhədir.
Azərbaycan tərəfindən bölgədə kiminlə yoluna davam etmək istəməsinin koordinatları görünməkdədir.
Bakı Ankara və Moskvanı Vaşinqtonla Brüsseldən üstün tutur. Bunun açması Avropa Birliyi ilə ABŞ-ın bizə bir köynək daha uzaq olmasıdır.
Azərbaycan hakimiyyəti gələcəyi Türkiyə ilə Rusiyanın bölgədəki müttəfiqliyində, onlarla tarazlaşdırılmış əməkdaşlıqda görür.
Söz yox, enerji kəmərlərimiz Avropaya gedir. Amma Qərbin siyasi-mənəvi təsirləri regionda yox kimidir.
Ermənistanın gələcəyi isə hələ ki qeyri-müəyyən, qaranlıq təsiri bağışlayır. Kremlin pəncəsindən qurtulmaq istəyən Paşinyan çırpınır.
Çünki Qərbdən arzuladığı səviyyədə dəstəyi tam ala bilmir, “iki od arasında” qalıb və məcburiyyətdən Putinə məktublar yazmalı olur.  
Moskva isə növbəti dəfə soyuq duş effekti yaradan cavabla İrəvanı məyus edir - müharibə Ermənistan ərazisində getmir, getsə, qarışarıq.
Bu, Putinin Paşinyana bəlkə də sonuncu şilləsidir - öz cəzandır, çək, Balaş! Yəni Kreml erməni hökumətindən tələb edir ki, konkret seçim elə.
Rusiya üçün Azərbaycanın strateji olaraq seçiminin nədən ibarət olduğu tam konkretləşib. Bakı onu Qərbə dəyişmir.
Ermənistan isə hələ də seçimini açıq söyləməyib ki, Moskvaya sədaqətli qalacaq, yoxsa müharibədən sonra üzünü yenə Qərbə çevirəcək.
Əgər Paşinyan birmənalı olaraq Avroatlantik məkana inteqrasiyanı qarşısına məqsəd qoyubsa, Putinə yalvarış məktublarının mənası nədir?!
Bu baxımdan Rusiya Ermənistanı diz çöküb peşmanlığını dilə gətirənə və Qərblə əməkdaşlığı “müəyyən sərhədlər” çərçivəsində qərarlaşdırana qədər bağışlamayacaq. Hətta yolların əbədi ayrılması mümkündür.
Ona görə Azərbaycan Qarabağ müharibəsində Rusiyanı nəinki neytrallaşdıra bilib, uğurlu diplomatiyanı davam etdirir; rus şəhidlərimizin təqdimatı, Bakıda rus icmasının Rusiya, Türkiyə və Azərbaycanın bayraqları ilə dövlətimizə dəstək üçün avtomobil yürüşü keçirməsi, telekanalların İsmayıllının İvanovka kəndində yaşayan malakan ruslardan müsahibələr alması kifayət qədər praqmatik addımlardır.
Paralel isə Ordumuza dəstək paylaşımlarını silən ABŞ-ın “Mcdonalds” restoranlar şəbəkəsinin ictimai boykotla qarşılaşması konspiroloji ismarışlardır.
Yeri gəlmişkən, Ərdoğan rus həmkarı ilə danışıqda Qarabağ münaqişəsindəki “qırmızı cizgi”ni xüsusi vurğuladı.  
İrəvan Rusiyanın bu “qırmızı cizgini” keçməsini arzulayır, amma bu addımı Putinin atmayacağı ilk başdan məlum idi.
Yəni biz regionun xəritəsini və siyasi marşrutunu belə görürük: Moskva - Ankara - Bakı...Bəs İrəvan necə görür?
Anaxeber.info məlumat verir ki, İrəvan son ümidi Cenevrə danışıqlarına bağlamışdı.
Humanitar atəşkəs dövründə dördüncü belə görüşün əvvəlcədən ciddi nəticəsi olmayacağı bəlli idi. Prezident qabaqcadan bildirmişdi: Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz...
Elə də oldu. Qərb və ABŞ Ordumuzu dayandıra bilmir, Rusiya müdaxilə etmir, ermənilər məğlubiyyətin heyfini terrorla çıxmaqda görür.
Bununla da Paşinyan üçün strateji müharibədə kələfin ucu görünməkdədir. Sabiq prezident Levon Ter Petrosyanın da Rusiya XİN-nin Paşinyanın məktubunu şərh etməsi bu mənada çox maraqlıdır.
Petrosyan Ermənistan hökumətini məktubun mənasını anlamamaqda ittiham edib: “Nikol Putinə bir xahişlə bağlı məktub göndərib. Putin bu məktuba Rusiya Xarici İşlər Nazirliyinin vasitəsi ilə cavab verib. Siz başa düşmürsünüz onun nə dediyini? Bunu da başa düşmürsünüzsə, vay bizim halımıza!”
Təbii ki, Ermənistanda anti-Rusiya ritorikası güclənəndə, onun TV və məktəbləri bağlananda Paşinyan bilməliydi, Qərb sadiq dost deyil.
İndi arxa çevirdiyin Moskvadan yardım istəmək tüpürdüyünü yalamaqdır. Ya da sözünün üstünə axıra qədər dur, sona qədər döyüş, Qarabağı Azərbaycana vermə, sonra da get Avropa İttifaqı ilə yeni saziş imzala, Avrasiya İttifaqını tərk et, əgər bacarırsansa...
Halbuki, Gürcüstan bunu sona qədər edə bilmədi. Doğrudur, gürcülər demokratik bir cəmiyyət qurub, Qərb ölkəsinə çevrilməkdədir, lakin Rusiya faktoru və təsirləri getdikcə artır.
Gürcüstan turistlərinin 30 faizini ruslar təşkil edir, seçkidə yenə qalib gələn hakim “Gürcü Arzusu” Partiyası Moskva ilə münasibətləri yaxşı qurub, Putin onlardan razılıq edir.
Odur ki, Paşinyan da daxil olmaqla ermənilərin çoxu qanmağa başlayıb - artıq dünya dəyişib və Qarabağın taleyi hansısa paytaxtlarda yox, Qarabağın özündə həll olunur.

Neqativ.com
Tarix: 2-11-2020, 15:12
Xəbəri paylaş



Xəbər lenti