Prezident İlham Əliyev Paşinyanı ciddiyə almır: Barbarların xilası məğlubiyyətin etirafına bağlıdır

Cənubi Qafqazda cərəyan edən hərbi-siyasi proseslərin istiqamətlərini və geopolitik oyun şərtlərini artıq rəsmi Bakı müəyyənləşdirir... Ona görə də, əgər, hər hansı “atəşkəs” və ya “sülh danışıqlarına bağlı siyasi anlaşma” təklifi olacaqsa, rəsmi Bakının diqtə etdiyi bütün hərbi-siyasi şərtlər Paşinyan hakimiyyəti tərəfindən hərbi məğlubiyyətin rəsmən etiraf edilməsinə paralel olaraq, qeyd-şərtsiz qəbul edilməlidir... Eyni zamanda, əldə olunmuş bütün “anlaşmalar”ın icra ediləcəyinə beynəlxalq siyasi iradə mərkəzlərinin rəsmən və birbaşa təminat verməsi vacibdir...

Cənubi Qafqaz regionunda hərbi-siyasi proseslər öz intensivliyini qorumaqda davam edir. Belə ki, son bir ay ərzində bu regionda savaş və onun ilkin nəticələri bir çox geopolitik faktorları silib, bir kənara atdı. Yəni son 30 ildə bu regionda “sümükləşmiş” geopolitik amillər artıq öz əhəmiyyətini tamamilə itirib.
İndi önəmini itirmiş geopolitik faktorların yerini artıq fərqli amillər tutmağa başlayıb. Xüsusilə də, regional siyasi iradə mərkəzi artıq Azərbaycan paytaxtı Bakıya daşınıb. Bu, o deməkdir ki, Cənubi Qafqazın gələcək taleyi məhz rəsmi Bakının verdiyi və gələcəkdə verəcəyi qərarlardan birbaşa asılı vəziyyətə düşüb. Və son bir ayda baş verənlər də birmənalı şəkildə təsdiqləyir ki, bu reallığın yaxın gələcəkdə dəyişdirilməsi qətiyyən mümkün deyil.

Təbii ki, son 30 ildə mövcud olan qeyri-müəyyən situasiyanın belə effektiv şəkildə dəyişdirilməsinin iki önəmli səbəbi mövcuddur. Birinci səbəb rəsmi Bakının zaman və hədəf baxımından, həm vaxtında, həm də maksimal qətiyyətlə qəbul edilmiş qərarlardır. Və bu qərarların reallaşdırılması istiqamətində nümayiş etdirilən siyasi iradədir.
İkinci önəmli səbəb isə Azərbaycan ordusunun qüdrəti və döyüş qabiliyyəti ilə yüklənib. Belə ki, Azərbaycan ordusu son bir ay ərzində rəsmi Bakının qəbul etdiyi qətiyyətli siyasi qərarların hamısının altını tam şəkildə doldurmağa nail oldu. Yəni, Azərbaycan ordusu rəsmi Bakının siyasi hədəflərini savaş meydanında şəkilləndirməyi bacardı.
Nəticədə bu iki önəmli səbəb-faktorun paralel təsir vəhdəti isə öz növbəsində rəsmi Bakıya Cənubi Qafqazın gələcək taleyini təkbaşına müəyyənlədirə biləcək şəriksiz hegemon siyasi iradə mərkəzinə çevrilmək imkanları açdı. Və bu səbəbdən də indi Cənubi Qafqaz regionunda Azərbaycan geopolitik oyun qaydalarını müəyyənləşdirə bilən yeganə ünvana çevrilib.
Onu da qeyd edək ki, bu müddətdə Azərbaycan ordusunun savaş meydanında nümayiş etdirdiyi döyüş qabiliyyəti istər-istəməz Cənubi Qafqaz regionunda maraqları olan bəzi beynəlxalq siyasi iradə mərkəzləri üçün “soyuq duş” effekti yaratdı. Çünki həmin siyasi iradə mərkəzləri Azərbaycan ordusunun güclü hərbi qüvvə olduğunu bilsələr də, hər halda bu qədər qısa zaman içərisində modern savaş nümunəsi ilə hər kəsi geopolitik labirintin içərisinə itələyə biləcəyini düşünmürdülər.

Məsələ ondadır ki, Cənubi Qafqaz regionunda maraqları olan dünya nəhəngləri bu bölgədə hər hansı savaşın reallığa çevriləcəyi təqdirdə belə, geopolitik proseslərin məhz onların nəzarəti altında qala biləcəyinə tamamilə əmin idilər. Halbuki müzəffər Azərbaycan ordusu öz modern savaş taktikası və strategiyası ilə onları yanıltdı. Və ümumiyyətlə, dünya savaş tarixində yeni səhifə açdı.
Artıq dünyanın ən müasir və güclü ordularına sahib olan nəhəng dövlətlər belə, müəyyən tərəddüdlər içərisindədirlər. Həmin ölkələr öz ordularının müasir savaş texnologiyası və fəqrli şərtlər daxilində genişmiqyaslı hərbi əməliyyatlara hazır olduğuna o qədər də əmin deyillər. Çünki XXI əsrin ən modern savaş modeli məhz Azərbaycan ordusunun hərbi əməliyyatları sayəsində bütün dünyaya təqdim edilmiş oldu.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev də xarici media qurumlarına müsahibələrində, açıqlamalarında bu reallığı rahatlıqla vurğulayır. Çünki Prezident İ.Əliyev Ali Baş Komandını olduğu Azərbaycan ordusunun savaş meydanındakı şərtsiz üstünlüyündən tamamilə əmindir: “Azərbaycan ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır”.

Təbii ki, bu hərbi üstünlük Azərbaycan Prezidentinə savaşın mümkün yekunları ilə bağlı öz şərtlərini əminliklə diqtə etmək imkanları da açır. Prezident İ.Əliyev hesab edir ki, savaş meydanında məğlub durumda olan Ermənistan hakimiyyətinin siyasi müstəvidə qeyri-konstruktiv mövqe nümayiş etdirməsi artıq qəbuledilməz və yolverilməzdir: “Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir”.
Onu da qeyd edək ki, Azərbaycan liderinin qətiyyətli mövqeyi vasitəçi missiyasını öz üzərinə götürməyə həvəs göstərən beynəlxalq siyasi iradə mərkəzlərinin “atəşkəs” çağırışlarına verdiyi reaksiyalarda da özünün açıq-açkar göstərir. Belə ki, Prezident İ.Əliyev Paşinyan hakimiyyətinə və rəsmi İrəvanın verdiyi sözlərə artıq güvənmədiyini qətiyyən gizlətmir: “Atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarına dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə, təxribat deyil, həm də hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır”.
Təbii ki, Azərbaycan Prezidentinin Ermənistan adlandırılan qondarma və barbar dövlətin mövqeyinə güvənməməsinin olduqca ciddi səbəbləri mövcuddur. Üstılik həmin səbəblər yalnız barbarlar ölkəsinin imdiki davranışlarından qaynaqlanmır. Belə ki, rəsmi İrəvan bütün dövrlərdə həmişə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Bu barbarların problemlərini birqayda olaraq, başqa ölkələr həll edirlər. Barbarlar dövlətinin ideologiyası da, əslində, məhz bundan ibarətdir. Və bu ideologiyanın çox dərin tarixi kökləri var.

Ona görə də, Azərbaycan Prezidenti bu reallığı tarixi faktlarla, inkaredilməz örnəklərlə sübut etməkdə qətiyyən çətinlik çəkmir. Çünki ermənilər tarixən regionumuzda olan bütün münaqişələrin əsas səbəbkarıdır: “Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, ermənilərin yarıtmaz siyasəti ucbatından neçə müharibənin baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat törətməsini görərik. Münaqişəni yaradıb, sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək, başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır”.
Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Paşinyan hakimiyyətinin siyasəti yalnız Cənubi Qafqaz üçün deyil, eyni zamanda Ermənistanın öz suverenliyinə üçün də ciddi təhlükələr vəd edir. Separatçı Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən də Şuşada məskunlaşdırılması, qondarma “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və s. açıq təxribatlar Ermənistanın özü üçün yeni təhlükələrin mənbəyi rolunu da oynaya bilər.
Bütün bunlardan belə nəticə çıxartmaq olar ki, Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Paşinyan hakimiyyətinin heç bir sözünə və ya vədinə qətiyyən inanmaq olmaz. Ona görə də, əgər, hər hansı “atəşkəs” və ya “sülh danışıqlarına bağlı siyasi anlaşma” təklifi olacaqsa, rəsmi Bakının diqtə etdiyi bütün hərbi-siyasi şərtlər Paşinyan hakimiyyəti tərəfindən hərbi məğlubiyyətin rəsmən etiraf edilməsinə paralel olaraq, qeyd-şərtsiz qəbul edilməlidir.
Eyni zamanda, əldə olunmuş bütün “anlaşmalar”ın icra ediləcəyinə beynəlxalq siyasi iradə mərkəzləri rəsmən və birbaşa təminat verməlidir. Barbarlar sürüsünün bu savaşdan xilas olmasının yeganə mümkün modeli yalnız bu ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Tarix: 31-10-2020, 18:45
Xəbəri paylaş



Xəbər lenti