Vüqar Bayramov: “Torpaqlarımızın tam azad olunmasından sonra yeni tədbirlər proqramının hazırlanmasını, təşviq, stimullaşdırıcı tədbirlərin nəzərə alınmasını təklif edirik”
Azərbaycan Ordusu zəfərlərini davam etdirir. Prezident illərdir müzakirə mövzusu olan 5 rayondan artıq 4-nün ordumuz tərəfindən azad edildiyini açıqlayıb. Ordumuz həm sülhü, həm də tarixi ədaləti bərpa edir.“Beş rayonun azad edilməsi deyilirdi. Artıq onun dördü bizdədir. O məsələ artıq qurtardı. Biz özümüz - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı çox hissəsi bizdədir. Eyni zamanda, Hadrut da bizdədir” - deyə, Ali Baş Komandan bildirib.Eyni zamanda müharibə davam edərkən Azərbaycan hökuməti “Böyük qayıdış” proqramını hazırlamaqdadır. Azad edilən ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol çəkir, “Azərenerji” və “Azərişıq” ASC ərazidə elektrik enerjisinin bərpası ilə bağlı işlərə başlayıb. Həmçinin digər müvafiq qurumlar da artıq proqramların hazırlanmasına başlayıblar.
Önəmli məsələlərdən biri də azad edilən şəhər və rayonlarda məskunlaşmanın təmin edilməsidir. Məlum olduğu kimi, ötən 30 ildə çox çətin şəraitdə yaşayan qaçın və məcburi köçkünlərin əksəri hissəsi son illər dövlət proqramı əsasında mənzillə təmin olunub. Onların köçürülməsi ilə bağlı qərarın könüllü, yoxsa inzibati qərar olacağı bəlli deyil. Torpağı işğal altında olan insanlar isə maddi durumundan, vəzifəsindən, yaşam şəraitindən asılı olmayaraq o torpaqlara getməkdə israrlıdırlar. Həm sosial şəbəkədəki müzakirələr, həm cəmiyyətdə müşahidə edilən ab-hava odur ki, böyük qayıdış prosesində 1 milyondan çox vətəndaş iştirak edə bilər. Çünki əhalinin sayının artması ilə bağlı olaraq, məcburi köçkünlərin də sayı, ailə tərkibi artıb. Oradan uşaq ikən çıxanlar, hətta qaçqınlıq dövründə doğulanlar artıq hərəsi bir ailə başçısıdır. Bu mənada həmin insanların köçürülməsi üçün infrastruktur və şəraitin yaradılması, məşğulluğun, əmək şəraitinin təmin edilməsi, təşviq proqramlarının hazırlanması istiqamətində də hökumətin üzərinə böyük iş düşür.
Vüqar BayramovMəsələ ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov da vurğuladı ki, hələlik infrastrukturun formalaşdırılması, eyni zamanda aqrar sektor üzrə imkanların qiymətləndirilməsi aparılır: “Eyni zamanda tədbirlər planı ilə bağlı da müzakirələr gedir, ancaq hələ ki hazırlanıb təqdim olunmayıb. Çünki tədbirlər planı Azərbaycanın böyük qələbəni qazanmasından sonra təsdiq olunacaq və növbəti mərhələdə fəaliyyətə başlanılacaq. Bütövlükdə müzakirələr onu göstərir ki, ilk növbədə işğaldan azad olunan torpaqlarımızın minalardan təmizlənməsi və daha sonra infrastrukturun formalaşdırılması, eyni zamanda inzibati ,sosial və yaşayış binalarının inşası həyata keçiriləcək. Güman olunur ki, ilk növbədə həmin ərazilərdə əvvəllər yaşamış və məcburi köçkün kimi respublikamızın digər şəhər və rayonlarında məskunlaşmış vətəndaşlarımızın öz doğma kəndlərinə və şəhərlərinə qayıtması həyata keçiriləcək. Hələlik rəsmi detallar bəlli deyil, ancaq gözlənti odur ki, həmin vətəndaşlarımıza üstünlük veriləcək. Bu gün məcburi köçkünlərin bir qismi Bakıda və ya digər şəhərlərdə mənzillərlə təmin olunub, digər qismi isə hələ də yataqxanalarda və digər inzibati binalarda məskunlaşıblar”.
Deputat hesab edir ki, ilk növbədə mənzil şəraiti çətin olan, yataqxanalarda məskunlaşan vətəndaşların öz yurdlarına qayıtması məqsədəuyğun olar: “Çünki onların durumu digər məcburi köçkünlərlə müqayisədə yaxşı hesab olunmur və ilk növbədə qaytarılması yaxşı olar. Bütövlükdə isə digər məcburi köçkünlərin qaytarılması həyata keçirilə bilər. Bu zaman gözlənilir ki, könüllülük prinsipinə üstünlük veriləcək. Bizim apardığımız söhbətlər də göstərir ki, məcburi köçkünlərin böyük əksəriyyəti ata-baba yurdlarına qayıtmağa can atırlar. O mənada burada hər hansı məcburiyyətə ehtiyac yoxdur. Mən parlamentdə Füzuli rayonunu təmsil edirəm və mənə olan müraciətlər də göstərir ki, böyük əksəriyyəti azad edilən torpaqlarda şərait bərpa edildikdən sonra geri qayıtmaq və orada öz fəaliyyətlərini, yaşayışlarını davam etdirmək niyyətindədirlər. İlk növbədə mənzil şəraiti yaxşı hesab olunmayan məcburi köçkünlərin orada məskunlaşmasına ehtiyac var. Bundan öncə isə infrastrukturun genişləndirilməsi və vətəndaşların işlə təmin olunması çox vacibdir. İnfrastruktur işlərinin çox olması imkan verəcək ki, azad olunan torpaqlarımıza geri qayıdan vətəndaşlarımızın işlə təminatında bir problem olmasın”.
Böyük qayıdış üçün təşviq proqramlarına gəlincə, deputat bildirdi ki, işğaldan azad olunan torpaqlarımızın tam azad olunmasından sonra yeni tədbirlər proqramının hazırlanması və həmin tədbirlər planında təşviq və stimullaşdırıcı tədbirlərin nəzərə alınması təklif edilir: "Təklifimiz ondan ibarətdir ki, həm sadə insanlar , həm də sahibkarlarımız üçün təşviq proqramları nəzərdə tutulsun. Yerli və xarici sərmayənin də cəlb edilməsinə ehtiyac var. Bunun üçün də yerli və xarici sahibkarların təşviq edilməsinə ehtiyac var. Təklif edirik ki, həmin regionlar üçün vergi güzəştlərinin miqyası genişləndirilsin. Ümumiyyətlə, həmin rayonlarda fəaliyyət göstərən sahibkarlar üçün vergi güzəştləri paketinin tətbiq edilməsini məqsədəuyğun hesab edirik. Hesab edirik ki, bu ərazilərdə fəaliyyət göstərən sahibkarların biznes kreditlərinə çıxış imkanlarının artırılması və faizsiz kreditlərin verilməsi yaxşı olardı. Bu sahibkarlar üçün girov mexanizminin təkmilləşdirilməsi çox vacibdir. Ona görə də kifayət qədər genişmiqyaslı təşviqedici və stimullaşdırıcı paketin hazırlanması məqsədəuyğundur. Son müzakirələr də onu göstərir ki, həmin ərazilərdə investisiyanın cəlb edilməsi üçün hökumət tərəfindən belə tədbirlər həyata keçiriləcək".
Nərgiz LİFTİYEVA
Tarix: 27-10-2020, 09:16